Keçid linkləri

Təcili xəbərlər
Azərbaycan Dövlət Neft Şirkətinin yeni binasının layihəsi

Artıq 3 aydan sonra 2010-cu il qədəm qoyacaq və XXI əsrin ilk on ili arxada qalacaq. Bu illər ərzində nələrə nail oldu Azərbaycan və nələrə yiyələnməyə macal tapmadı? Doğrudanmı «analoqu olmayan» bir ölkə olduq, yoxsa… sadəcə, hakimiyyətin xalqa təqdim etdiyi layihələrin mahiyyətini artırmaq üçün məmurların kəşf etdiyi bu söz birləşməsinin güdazına getdik.

Bu 10 ildə Azərbaycan təkcə «əsrin müqaviləsi» hesabına büdcə xərcləmələrini 15 dəfə artıra bildi və ola bilsin sonrakı onillikdə bunu daha 2 dəfə çoxaltmağa nail olsun. Təkcə «Azəri-Çıraq-Günəşli» layihəsi çərçivəsində əldə etdiyi mənfəət nefti hesabına 30 milyard dollar qazanc götürüldü (2009-cu ilin nəticələri də daxil olmaqla) və bunun demək olar ki, yarısını hökumət xərcləməyə macal da tapdı. 15 milyard dollar - təkcə bir layihədən gələn neft pulu - xərcləndi və 2009-cu ilin büdcə xərcləri də o qədər oldu. Bundan öncəki illərdə də büdcə xərcləri görünməmiş sürətlə artdı. Təbii ki, bütün bunlar əsasən neft hasilatının təkcə bir şirkət hesabına («BP-Azərbaycan») artımı (o cümlədən qiymətinin) sayəsində oldu.

2-Cİ ONİLLİYİN GÖZLƏNTİLƏRİ

Bəs 2010-2020-ci illərin Azərbaycanı necə olacaq? Onun iqtisadiyyatında neftin rolu necə dəyişə bilər, qeyri-neft sektorunun imkanları necə olar? Heç şübhəsiz bu kimi amilləri proqnozlaşdırarkən hökmən Azərbaycanın neft gəlirlərini nəzərə almaq lazımdır.

BP şirkətinin rəsmi proqnozlarına əsasən, neftin bir barelinin orta müqavilə qiyməti 60 dollar olarsa, onda 2024-cü ilə qədər (müqavilənin başa çatdığı il) Azərbaycan tərəfinin bütün növ gəlirləri 200 milyard dollar ola bilər. Nəzərə alsaq ki, bu qiymət dünya bazarında həqiqətən realdır, onda yaxın 10 ildə hökumətin gəliri fantastik bir rəqəmlə ölçülə bilər. Belə ki, «Azəri-Çıraq-Günəşli» yataqlarından çıxarıla biləcək ehtiyatlar Azərbaycan hökumətinin proqnozlarına əsasən, 923 milyon ton (6.8 milyard barel) həcmində dəyərləndirilir. 2009-cu ilin sonuna qədər bunun yalnız 1.3 milyardı çıxarılmış olacaq. Çox güman ki, gələn onillikdə təqribən 3.5 milyard barel neft hasil ediləcək. Neftin qiymətindən asılı olaraq hökumət 160-170 milyard vəsait əldə etmək imkanına malik olacaq. Nəzərə alsaq ki, gələcək onilliyin II yarısından (2016-cı ildən) başlayaraq Azərbaycan qaz və qaz kondensatı satışından da hiss edilə biləcək səviyyədə qazanc əldə edəcək, onda təkcə karbohidrogenlərin ixracatından ölkənin əldə edəcəyi orta illik gəlirlər 20 milyard dollar ətrafında olacaq. Yəni bu vəsaitlər birbaşa olaraq Neft Fonduna gələn gəlirlərdir.

Nəzərə alsaq ki, hökumət bu gəlirlərdən maksimum yaralanmaq (oxu – xərcləmək) siyasəti yürüdəcək, onda Fonddan xərcləmələrin illik həcmi 15 milyard dollara yaxın ola bilər (2004-cü ilin sentyabrında qəbul edilmiş düzəlişlərə əsasən Neft Fondundakı vəsaitin 25% gələcək nəsillər üçün saxlanmalıdır). Demək, hökumətin para sarıdan qıtlıq çəkmək ehtimalı çox aşağıdır, yəni əvvəllər bir çox müxalif siyasətçilərin güman etdiyi kimi 2011-ci ildən başlayaraq Azərbaycanda neft hasilatının enməsi və 2015-ci ildən neft gəlirlərinin kəskin azalması ehtimalı bu gün çox aşağıdır.

Mən sadəcə yaxın 10 ildə neftdən və qazdan Azərbaycan hökumətinin əldə edə biləcəyi vəsaitlərə dair öz mülahizələrimi söylədim. Yaxın gələcəklə bağlı istər ölkə içində, istərsə də ölkə dışında bu vəsaitlərdən cəmiyyətin maksimum faydalanmaq planlarınız varsa, yazın, lütfən 100 ölçüb – 1 biçin və sonra yazın ki, 2010-cu il gəlməmiş onları cəm edib hökumətə təqdim edə bilək və rəsmilər də sonralar deməsinlər ki, biz xalqdan bir əməlli-başlı təklif almadıq.
XS
SM
MD
LG