Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:39

İstanbuldakı vəziyyət Bakıda da təkrarlana bilərmi?


Hər şey göz qabağındadır, Bakı, 27 oktyabr 2006
Hər şey göz qabağındadır, Bakı, 27 oktyabr 2006
Bakının sakinləri onu güclü yağışlara hazır şəhər hesab etmirlər. Deyirlər hər şey göz qabağındadır. Qısa müddətli yağışlardan sonra şəhərin əksər yerlərində keçilməz gölməçələr yaranır. Onlar bunun da səbəbsiz olmadığını deyirlər.

«Mən hesab edirəm ki, paytaxtın güclü leysan yağışlara hazır olmaması kanalizasiya sisteminin köhnə olmasıyla bağlıdır. Yüz ilin kanalizasiyalarıdır, indi buna yeni tikilən çoxsaylı evlərin kanalizasiya sistemləri də qoşulub vəziyyət lap pis olub;

Bir az yağış yağan kimi şəhərin mərkəzi Nizami muzeyinin ətrafı hamısı suyun içində qalır. Səbəb kanalizasiyanın köhnəliyidir. Məncə sistemi təzədən düzəltməlidirlər, özü də əhalinin sayının çoxalması nəzərə alınmaqla bu iş görülməlidir;

Məncə, yağış olanda elə hər yerdə problem olur, burda şəhərin yağışa, qara necə hazırlaşması o qədər də əsas rol oynamır;

Yağış yağan kimi hər yer gölməçə olur».

GÜCLÜ YAĞIŞLAR SAATLARLA DAVAM ETSƏ ŞƏHƏR SU ALTINDA QALAR


Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov deyir ki, son illər xarici maliyyə mənbələrindən alınan kreditlər hesabına Bakının mərkəzində kanalizasiya sistemi bir qədər yeniləşdirilib. Amma ekoloq hesab edir ki, buna baxmayaraq paytaxtda saatlarla leysan yağışlar yağsa mövcud sistem bunu ötürməyə qadir deyil:

«Ona görə də istədin, istəmədin bütün şəhər suyun altında olacaq».

7 MİLYON HARA GEDİB?

Fuad Cəfərli
Kanalizasiya sisteminə cavabdeh olan «Azərsu» Səhmdar Cəmiyyətindən isə suallarımıza cavab verən olmadı.

Amma 2009-cu ilin investisiya layihəsi çərçivəsində «Azərsu»ya dövlət büdcəsindən 100 milyon manata yaxın vəsait ayrılıb ki, bunu da 7 milyon manatdan artığı təkcə Bakının kanalizasiya sisteminin yenidən qurulması üçün nəzərdə tutulub.

Bakı Şəhər İcra Hakimiyyətində isə hesab edirlər ki, şəhər təsərrüfatı güclü yağıntılara hazırdır.

Şəhər İnkişaf Mərkəzinin rəhbəri Fuad Cəfərli isə deyir ki, 2007-ci ilin leysan yağışlarından sonra şəhər təsərrüfatında müəyyən işlər görülüb.

Fuad Cəfərliyə görə, həmin vaxta qədər kanalizasiya sistemində hər hansı yenidənqurma və təmizləmə işləri aparılmadığından qısamüddətli yağışlardan sonra şəhərin əksər hissəsi su içərisində qalırdı. Mərkəz rəhbəri deyir ki, indi müəyyən işlər aparıldığından şəhərin mərkəzi hissəsində yağışlardan sonrakı subasmalar az-az hallarda müşahidə olunur:

«Ən azından bu gün şəhərdə yağış yağanda şəhərin ortasında yaranan tək-tük gölməçələri nəzərə almasaq, Bakının vəziyyəti orta həcmli yağışlar üçün qənaətbəxşdir».

Amma mərkəz rəhbəri hesab edir ki, yağıntının miqdarı aylıq normadan artıq olarsa, İstanbul kimi və elə Azərbaycanın indi bölgələrində leysan yağışların yaratdığı vəziyyət Bakıda da təkrarlana bilər.
XS
SM
MD
LG