Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:51

Gəncədə birincilər kitabsız qalıb


Məktəb zamanı gəldi, valideynlərin də qayğıları başladı
Məktəb zamanı gəldi, valideynlərin də qayğıları başladı
Məktəb zamanı gəldi, valideynlərin də qayğıları başladı. Yəqin bu qayğıları «Qaynar xətt»lə də bölüşmək istəyənlər tapılacaq. Necə ki, artıq bir şikayətimiz var. Gəncə sakini Mehparə Nuriyevanın birinci sinifə gedən qızı hələ əlinə Ana dili kitabını almayıb:

«UŞAQLARA KİTAB VERMİRLƏR»

- Artıq on beş gündən çoxdur ki, dərslər başlayıb. Amma uşaqlara kitab vermirlər. Bir neçə valideyn yığışıb getdik kitabxanaya. Kitabxanaçı da dedi ki, bizdə günah yoxdur, Bakıdan kitab gəlməyib. Əlimizdə 40 kitab var, onu da paylamışıq, amma çatmır.

- Satışda varmı bu kitabdan?

- Var, amma almağa imkan yoxdur. İş dəftərləri almışıq, elə də ucuz deyil. Valideyn var ki, iki uşağı birinci sinifə gedir. Deyir, qoşa-qoşa necə alım?

Gəncənin başqa məktəblərində də kitab çatışmazlığı var. Bunu əlaqə saxladığımız bir neçə məktəbin ibtidai sinif müəllimləri söylədi. Amma şəhər Təhsil İdarəsinin müdiri Mahal Əliyev deyir ki, ola bilməz ki, məktəblərdə kitab çatışmasın:

- Bir sinif kitabsız qalıb? Ola bilməz. Əslində, bu il biz birincilər üçün kitab almamışıq. Birincilərin sayı bəlkə bu il çoxdu, ona görə keçən il qalan kitablar çatmayıb. Belədə biz Təhsil Nazirliyinə müraciət edirik ki, filan qədər kitab çatmır.

Hər halda, Mahal Əliyev Gəncə birincilərinin kitab problemini araşdıracağını söylədi.

DÜNYA BÖHRANI NEFTÇİLƏRİ SOVQATSIZ QOYUB

Sentyabrın 20-də neftçilərin bayramıydı. Amma deyəsən, bu bayram neftçilərin üzü gülməyib. «Qaynar xətt»ə zəng vuran bir neftçi dinləyicimiz deyir ki, bayram günündə rəhbərliyin yadından çıxıblar:

«Nə Ramazan bayramında, nə də Neftçilər Günündə işçilərin adını tutub bayramını təbrik elədilər. Bu, bizi çox üzdü».

Dövlət Neft Şirkətinin mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev isə deyir ki, onlar neftçilərə heç vaxt Ramazan bayramında sovqat verməyiblər, işçilər Neftçilər Günündə mükafat alıblar. Bu dəfə isə dünya böhranı neftçilərin mükafatını kəsib:

«Hər il 30, 50 manat mükafat verirdik, amma bu dəfə neftin qiymətinin azalması bizim də büdcəyə öz təsirini göstərdi. Şirkət antiböhran proqramı hazırlayıb, orda bəzi xərcləri azaltmağı qərara alıb. Bu xərclərdən biri də peşə bayramında işçilərin mükafatlandırılmasıdır».

Mədəniyyət və İncəsənət Universitetinin musiqili teatr aktyoru fakultəsinin IV kurs tələbəsi Röyal Cəbiyev ali məktəbə girəndən ixtisasını dəyişmək istəyir. Amma bu ona nəsib olmur ki, olmur. Röyalın anası Mehriban Hüseynova iddia edir ki, universitet rəhbərliyi oğluna qarşı qərəzli mövqe tutub:

«Röyalın bir tələbə yoldaşı ikinci kursda ixtisasını dəyişdi. Amma mənim oğluma imkan vermirlər. Həmişə qiymətləri 4-5 olub. Mən Təhsil Nazirliyinə də müraciət eləmişdim. 3-cü kursun sonuncu semestrində oğlum imtahanları verdi, yalnız bir imtahanda müəllim ona 2 aldığını söylədi. Qiymətini də qiymət kitabçasına yazmadılar. Mən də gedib şikayət elədim ki, yenidən imtahan götürülsün. Onda da məlum oldu ki, sən demə, oğluma «4» veriblərmiş. Dedim, «4» veribsizsə, onda qiymətini yazın kitabçaya. Dedilər ki, «yox, yenidən imtahan üçün ərizə vermisiz, imtahan təşkil olunacaq».

Mehriban Hüseynova iddia eləyir ki, yenidən təşkil olunmuş imtahanda elə səs-küy olub ki, Röyal heç imtahan suallarını da oxuya bilməyib.

İXTİSAS DƏYİŞMƏK MƏSƏLƏSİ MƏHKƏMƏDƏ ÇÖZÜLƏCƏK

Mədəniyyət və İncəsənət Universitetinin prorektoru Rafiq Sadıqov isə «Qaynar xətt»ə deyir ki, onlar Röyala qarşı heç bir qərəzli mövqe tutmayıblar. Röyala «4» qiymətini o yazdırıb və hətta universitet rəhbərliyindən buna görə də töhmət alıb. Röyal isə anasının təkidilə komissiyanın iştirakıyla təşkil olunmuş imtahandan kəsilib:

- Hamının gözü qabağında suallara cavab verə bilmədi. Daha nə qərəzçilik olacaq ki? Onlar da imtahanı videokameraya çəkiblər, biz də. Röyala hər şərait yaradıldı ki, anasının təkidilə təşkil olunmuş imtahanda cavab versin.

- Bəs niyə ona axırıncı semestr imtahanında verilən 4 qiymət kitabçasına yazılmayıb?

- Qiymət kitabçasını gətirmişdi ki? Gətirməmişdi axı.

Mehriban Hüseynova hesab eləyir ki, oğlunun arzusu rejissorluqdasa, o, məhz bu sahənin diplomunu almalıdır. Olmazmı ki, Röyal magistratura təhsilini rejissorluqda davam etdirsin:

- Mən öyrənmişəm, bu, çətindir. Ona görə də istəyirəm ki, elə rejissorluq ixtisasının diplomunu alsın.

Mədəniyyət və İncəsənət Universitetinin prorektoru Rafiq Sadıqov isə deyir ki, aktyorluğu və ya yaxın ixtisası bitirən məzun var ki, indi rejissorluq eləyir. Yəni, bu arzunu gerçəkləşdirmək üçün aktyorluqda və ya rejissorluqda oxumaq ölum-dirim məsələsi deyil.

İxtisas dəyişmək ölüm-dirim məsələsidi, ya deyil, hər halda bu narazılıq artıq məhkəmədə çözülməyə başlayıb.

Bizimlə əlaqə

Bizimlə əlaqə

Sizin də şikayətiniz, hər hansı məsələylə bağlı rəyiniz, fikriniz varsa, buyurun, 436 77 41 nömrəli telefona zəng eləyin, ya da efir@azadliqradiosu.az ünvanına yazın.

Buna da bax:

XS
SM
MD
LG