Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:04

Sarkisyan diaspor ilə müzakirələrə gedir


Serj Sarkisyan səfərinə oktyabrın 1-də Parislə başlayacaq

Serj Sarkisyan səfərinə oktyabrın 1-də Parislə başlayacaq

Ermənistanın prezidenti Serj Sarkisyan Ankara ilə protokolların imzalanması ərəfəsində yenə də Türkiyə ərazilərinə iddiaları olduğunu gizlətməyib.

Bu günlər Erməni Apostol Kilsəsinin rəhbəri Katolikos II Qareginlə görüşündə Sarkisyan Türkiyədən alacaqları olduğunu açıq şəkildə ifadə edib:

«Türkiyənin sərhədi boyunca bizim müqəddəs yerlərimiz, kilsələrimiz, bizim paytaxtımız, hətta keçmiş evlərimizin qalıqları var».

Sarkisyan bildirib ki, Türkiyə ilə protokollar təsdiqlənsə də, təsdiqlənməsə də, onların müzakirəsi olduqca vacibdir. Çünki bu, əlaqələri və problemləri danışa bilmək üçün bir fürsətdir.

II Qareginlə görüşündə Serj Sarkisyan protokolların müzakirəsi və özünün Türkiyə siyasətini izah etmək üçün xarici ölkələrdəki erməni icmaları ilə görüşəcəyini deyib. O, oktyabrın 1-də səfərinə Parislə başlayacaq. Bunun ardınca da Nyu-York və Los-Ancelesdə, sonra Beyrutda, ən sonda isə Rusiyanın Rostov şəhərində erməni təşkilatlarının nümayəndələri ilə görüşəcək.

Ermənistanda çap olunan «Haykakan jamanak» qəzeti yazır ki, prezident Sarkisyan bəri başdan özünü diasporun soyuq münasibətinə hazırlamalıdır. Çünki onun bu siyasətini xaricdəki erməni icmaları bəyənmirlər. Əsasən ABŞ və Avropadakı erməni icmaları Ermənistanla Türkiyə arasında protokolların əleyhinədir. Onlar xüsusən də «erməni soyqırımı» dedikləri hadisələrin araşdırılması üçün birgə komissiyanın yaradılması fikrinə qarşı çıxırlar.

Bəzi diaspor qrupları həm də Türkiyə ilə sərhədin tanınmasına etiraz edirlər. Onların arqumentləri budur ki, indi sərhədi tanımaq Türkiyədəki əvvəllər ermənilərin yaşadıqları ərazilərə Ermənistanın iddia etməsinə maneə yaradacaq.

Livanda çap olunan «Azdak» erməni qəzetinin baş redaktoru Şahan Qadahariyan «Azadlıq» radiosunun erməni redaksiyasına müsahibəsində deyib ki, Beyrutda yaşayan ermənilər sentyabrın 30-da Türkiyə ilə protokolların əleyhinə mitinq keçirəcəklər:

««Daşnaksutyun»un təşəbbüsü ilə Beyrutda mitinq keçiriləcək. Mitinqdə erməni-türk protokolunda Ankaranın şərtlərinin rədd olunması tələb ediləcək. Gələn həftə isə bu sualların müzakirəsi üçün dəyirmi masa keçiriləcək».

Ermənistanla Türkiyə arasında diplomatik əlaqələrin yaradılması və sərhədin açılmasına dair iki protokolu avqustun sonlarında hər iki ölkənin diplomatları ilkin olaraq razılaşdırıblar. Protokolların oktyabrın 10-da İsveçrədə imzalanacaq, sonra isə hər iki ölkənin parlamentində təsdiq olunmaq üçün müzakirəyə çıxarılacaq. Ermənistan qəzetləri imzalanma mərasimində ABŞ-ın Dövlət katibi Hillari Klintonun da iştirak edəcəyini yazırlar. Amma hələlik dövlət katibinin orada olacağına dair rəsmi məlumat yoxdur.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG