Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 04:46

Hərbi komissarlığın şöbə rəisinin adı qətldə çəkilir


Gəncə Şəhər Hərbi Komissarlığının ikinci şöbəsinin rəisi Səfər Bayramovun həyat yoldaşı Ləman Bayramova bu ilin may ayının 23-də evində baş vermiş qətllə bağlı Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə keçirilən məhkəmə prosesində dindirilib. O, yaşadığı mənzildə Gəncə sakini Coşğun Mərdanovun əri Səfər Bayramov tərəfindən öldürüldüyünü bildirib.
Qeyd edək ki, bu cinayət üzrə Səfər Bayramovun qardaşı oğlu Elvin Bayramov mühakimə olunur. Belə ki, ibtidai istintaqın qənaətinə görə, Coşğun Mərdanovu Elvin Bayramov qətlə yetirib. Ev sahibi, Gəncə Şəhər Hərbi Komissarlığında şöbə müdiri işləyən Səfər Bayramovsa hadisə baş verərkən işdə olub.

Lakin Ləman Bayramova məhkəmənin nəzərinə çatdırıb ki, hadisə baş verərkən Səfər Bayramov evdə olub. Elvinlə bərabər Səfər Bayramov da Coşğun Mərdanova bıçaq zərbələri vurub. Şahidin ifadəsinə görə, hadisə isə qısqanclıq zəminində baş verib. Belə ki, səhər saatlarında Coşğun Mərdanov onların qapısını döyüb. Səfər Bayramovla qardaşı oğlu Elvin Bayramovsa elə zənn ediblər ki, həmin şəxs Ləman Bayramovanın yanına gəlib və birləşərək onu qətlə yetiriblər: “Coşğun Səfərə başa salmağa çalışırdı ki, qapını səhv döyüb, başqa mənzilə gedəcəkmiş. Səfərsə ona qulaq asmaq istəmirdi və onu bıçaqla vurmaqda davam edirdi”.

İttiham aktına görə, bu il mayın 23-də səhər saat 05.30 radələrində Səfər Bayramovun evində Elvin Bayramovla sonuncunun tanışı Coşğun Mərdanov arasında münaqişə baş verib. Elvin Bayramov Coşğun Mərdanovu bıçaqla qətlə yetirib. Sonra əmisi Səfər Bayramova və mərhumun atası İnşallah Mərdanova zəng edərək onları hadisə yerinə çağırıb, özü isə qaçıb. Hər iki şəxs hadisə yerinə gəliblər, İnşallah Mərdanov oğlunun meyitini və Səfər Bayramovu görərək elə zənn edib ki, qətli Səfər Bayramov törədib. O, oğlunun qisasını almaq məqsədilə Səfər Bayramova bıçaq xəsarəti yetirib.

Əvvəlcə istintaq da bu qətl hadisəsində mənzil sahibi, Gəncə Şəhər Hərbi Komissarlığının şöbə müdiri Səfər Bayramovun əli olması versiyasını irəli sürüb. Sonradan müəyyən edilib ki, hadisə baş verərkən Səfər Bayramov işdə olub və hadisənin onun qardaşı oğlu tərəfindən törədildiyi müəyyənləşib və o, həbs edilib.

Məhkəmə prosesi davam edir.



XS
SM
MD
LG