Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:38

Mərkəzi Bankın işçilərinə hökm oxundu


Mərkəzi Bankın əməkdaşları özlərini ittihamlar üzrə təqsirli bilməyiblər

Mərkəzi Bankın əməkdaşları özlərini ittihamlar üzrə təqsirli bilməyiblər

Sentyabrın 29-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Mərkəzi Bankdan 1 milyon 400 min manatın oğurlanmasında təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə Mərkəzi Bankın Saxlanc şöbəsinin rəisi, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən Firəngiz Hacıyeva 3 il, Hesablaşma departamentinin kassa-əməliyyat şöbəsinin rəisi Ərşad Cəlilov əmlakı müsadirə olunmaqla 6 il, xəzinədarlar Şahnaz Səmədova əmlakı müsadirə olunmaqla 8 il, Nazilə Bağırova əmlakı müsadirə olunmaqla 8 il, Könül İsmayılova əmlakı müsadirə olunmaqla 8 il müddətinə azadlıqdan məhrum edilib.

Səhlənkarlıqda təqsirləndirilən və zamində olan Səbinə Məmmədova isə əmlakı müsadirə olunmaqla 2 il şərti cəza alıb.

İttihama görə, təqsirləndirilən şəxslər 2003-2008-ci illərdə Mərkəzi Bankdan qeyd olunan məbləğdə pul vəsaitinin oğurlanmasında birbaşa iştirak ediblər.

İbtidai istintaqın qənaətinə görə, oğurluq Mərkəzi Bankın əsas binasında və Nərimanov rayonu ərazisində yerləşən «Xəzinə-2» deyilən binada baş verib.

Təqsirləndirilən şəxslər özlərini ittihamlar üzrə təqsirli bilməyiblər. Onlar məhkəmə ifadələrində bildiriblər ki, qeyd edilən pul kütləsini xəzinədən gizli yolla çıxarmaq qeyri-mümkündür.

Müəmmalı şəkildə yoxa çıxmış pulların taleyinə aydınlıq gətirilməsi üçün Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun məhkəməyə dəvət olunmasını xahiş ediblər. Təqsirləndirilən şəxslərin bununla əlaqədar vəsatətləri hakim tərəfindən təmin etməyib.

Təqsirləndirilən şəxslər məhkəmənin hökmü ilə razılaşmayıblar və hökmdən apellyasiya şikayəti verəcəklərini bildiriblər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG