Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:27
Burda düşünmək Janna Darkla öpüşmək qədər ağlasığmazdır.
Aqşin

- Gəlir!

Bu sözü Bəylər facianə bir səslə tələffüz etdi, elə bil hər gecə yataqda işlətdiyi bu bir kəlmə Cahandar kişinin gəlişi ilə bağlı qopmamışdı dilindən.
Kasıb itinin adın gümüş qoyar, bu kənddə də on kişidən səkkizinin adı bəylə başlayır.

Düz bir saatdır kənd şairi Tormuz Abdullanın ilham atı sentimental baxışlarla yerə qoyduğu başına yığışanları süzür.

Limuzinin kopotu üstündə intresə - uduzan artıq üzümlüyə çatmış inəkləri geri qaytarmalıdır - domino oynayan uşaqlar oyunlarını yarımçıq saxlayıb əllərində domino daşları, bekarçılıqdan bir-birlərinin başını «uklatka» edən kənd dəlləkləri saçlarında xırda dişli daraq, ümüdverici kənd futbolçusu ayağında butsi, gənc və istedadlı bağban çiynində dəhrə, kənd sekssimvolu gözündə eynək, dekorativ kənd tamadası ağzında qəlyan,üç gün əvvəl sünnət olunmuş Bəyturan, Bəytuman, Bəyqıran qardaşları əyinlərində yubka (sonuncunun cinsi orqanı o qədər balaca idi ki, dəllək ritual naminə zeytun tumuna oxşayan şeyin başını ülgüclə azacıq çətib, bir damcı qan çıxartmaqla kifayətlənmişdi), üzüm kollarının dibində döl tutub elə tənək altındaca şirəli bəbəklər doğan beli şallı, kobud kənd arvadları ilham atının başına yığışıb.

Sahibi paytaxta "Venera" ədəbi jurnalının son sayında çap edilmiş poemasının qonorarını almağa gedib. Yiyəsiz qalan at özünü vurub arpalığa, bəsdi deyincə təpib sap-sarı arpaları gözünə. İndi də can verir.

Bəylər yığışıb atı düz dörd dəfə suya basdılar, xeyri olmadı, atın köpü çəkilmədi. Vaxt vardı bu at cıdır yarışlarında bütün ilham atlarını tozda qoyardı.

Sahibinə ilham verib ona yüzlərlə poemalar yazdırmışdı, bu atın hesabına neçə-neçə qoyunlar fermanı bitirib respublikanın bərkgedən institutlarına qəbul olunmuşdu.

- Gəlir ey, gəlir- əclaf Bəylər "gəlir"i yaman əcaib tələffüz edir. Gələn Cahandar kişidir. Bir saat əvvəl dalınca bir bəy qırığı göndərdilər ki, qaçıb ilham atının köpdüyünü Cahandar kişiyə xəbər versin.

Cahandar kişini hər xırda məsələyə görə narahat etməzlər, dalınca bəy qırığı gəlibsə kənddə fövqalədə hadisənin baş verdiyi artıq məlumdur. Yoxsa buxara papağını başına qoyub, əlinə kəhrəba təsbehini götürməzdi. Pah, yerişə bax.

Təsbehin şıqqıltısı adamın qulağını deşir.

Yol kənarından axan arxda çimişən qazlar Cahandar kişini görəndə başların suya saldılar. Bəytuman, Bəyturan, Bəyqıran qardaşları sünnət olunan gün küçükləyən qancıq it xeylağı əmizdirdiyi küçükləri tez kənara itələyib əmcəklərinin üstünü uzun tükləri ilə örtdü.

Ayıbdır, vallah atalar düz deyib: Allahsız yerdə otur, ağsaqqalsız yerdə oturma.

Cahandar kişi olmasaydı bizim kəndin bütün nizam-intizamı pozulardı, qan su yerinə axardı. Bu dağdan ağır kişinin sayəsində neçə tayfa davasının, ailə münaqişəsinin sonuna sülhməramlı nöqtə qoyulub.

Təxminən iyirmi gün əvvəl bir qız zifaf gecəsi xarab çıxmışdı. Toyun səhəri qızın başını qırxıb qaytarmışdılar atası evinə.

Cahandar kişi gedib bəyin yaxasından tutub nə desə yaxşıdır: «kişi olan kəs bir qaşıq qana görə ailəsin dağıtmaz.» Təzə bəy səhvini başa düşdü, ya da özünü səhvini başa düşmüş adam kimi göstərməyə məcbur oldu.

Cahandar kişi nadir hallarda çox vacib işlərlə kəndi bir neçə günlüyə tərk edəndə kəndimiz boş supermarket vitrininə bənzəyir.

Cahandar, kişi olmamışdan əvvəl müəllim idi. Kənd məktəbində tarix müəllimi işləyirdi.

Dərs keçdiyi yuxarı sinifin qız şagirdləri Yekaterinanı, Tamaranı, Jozefinanı, oğlan şagirdləri isə Napoleonu, Neronu özlərinə həyat ideyalı seçirdi.

Cahandar müəllim rayonun ən nümunəvi müəllimlərindən biri sayılırdı. Təhsil şöbəsinin müdiri nazirlikdən rayona təftişə gələn komissiya üzvlərini Cahandar müəllimin sinifinə gətirərdi.

Bir dəfə necə oldusa sinifdə şagirdlərdən heç kim komissiya üzvünün "buz döyüşü nə vaxt olub" sualına cavab verə bilməyib. Komissiya üzvü üzünü çevirib Cahandar müəllimə sarı, sualı bir də təkrar edib:

Qoy sualın cavabın müəllim özü izah etsin, görək buz döyüşü nə vaxt olub.

Cahandar müəllimin savadına söz ola bilməz. Təhsil nazirliyindən gələn komissiya üzvünə mükəmməl cavab verib:

«Əşi elə danışırsan güya tarixdən xəbərimiz yoxdur. Buz döyüşü yayda olmayacaq ki, qışda olub də...» Həmin il Cahandar müəllim fərqlənmə diplomu və əməkdar müəllim adı aldı. Onu paytaxta humanitar fənnlər gimnaziyasına baş müəllim vəzifəsinə dəvət etsələr də, razı olmadı.

Çünki Cahandar müəllimi daha yüksək vəzifə, kənd ağsaqqalı vəzifəsi gözləyirdi. Sabiq kənd ağsaqqalı Dayandur kişi təzə rəhmətə getmişdi, Cahandar kişi onun yerini tutmağa ən şanslı namizəd sayılırdı. Müharibədə iştirak etmişdi, bir vedrə medalı vardı.

Müharibənin qızğın vaxtlarında min bir felnən gün keçirdiyi qospitalda dostlaşdığı adam Kremldə işləyirdi.

Həm də Cahandar müəllimin arvadı rusuydu. Müharibədən sonra Leninqraddan gətirmişdi.

Deyilənə görə şəhərin mühasirəsi zaman keçirilən Nizaminin yubiley mərasimində tanış olublar. Yubileyə zorla gətirilən, yaşına görə ətli-canlı görünən məktəb şagirdlərindən biri yanında əyləşən əsgərdən söhbətin kimdən getdiyini soruşub.

Əsgər də döşü göz deşən ədəbiyyat həvəskarına başa salıb ki, Nizami dahi şairdi və səkkiz yüz ildir şərq poeziyasına avtoritetlik edir. Məktəbli qız belə dahi şairi tanımadığına görə xəcalət çəkib.

Günahını yumaq üçün Nizaminin yaradıcılığı ilə maraqlanıb. Əsgər ona Nizaminin "Sirlər xəzinəsi" poemasından başlayaraq "Xəmsə"nin fəlsəfi-estetik yükünü izah etməyə girişib.

Bu ədəbiyyat polemikasının məntiqi nəticəsi olaraq məktəbli qız Nizaminin "Xəmsə"sindən təsirlənərək əsgərdən beş oğlan doğub. Oğlanların beşi də sifətdən Nizamiyə oxşayır. Beşi də Nizami adına ədəbiyyat institunda işləyir.

- Gəlir ey, gəlir. Deqrodent kənd tamadası, gənc və istedadlı bağban, ümüdverici kənd futbolçusu bir sözlə ilham atının başına yığışan hər kəs kənara çəkilib Cahandar kişiyə yol verdilər.

Arvadlar yaşmaqlandı. İlham atı Cahandar kişiyə hörmət əlaməti olaraq başın azca dikəltdi.

Cahandar kişi əliylə işarə etdi ki, at narahat olmasın.

At başını torpağa qoydu, qarnından qalxan sancı dalğalanıb heysiz boynuna vurdu. Yəqin sahibi bu dəqiqə şair dostlarını başına yığıb ucuz paytaxt kafelərinin birində "Venera" ədəbi jurnalından aldığı qonorarı sağa-sola səpələyir.

İlham atı indi yalnız sentimental baxışlarla Cahandar kişini süzür. Ətrafda hökm sürən sakitliyin fonunda Cahandar kişinin təsbehinin şıqqıltısı burjua inqilabından bəhs edən Fransız filmlərində Parisin Qrev meydanında quraşdırılmış gilyotin çarxının adamı diri-diri öldürən səsini xatırladır. Sanki bu dəqiqə Robespyeri eşafota qaldırıb boynunu vuracaqlar.

Cahandar kişi sancı içində qovrulan, amma bu sancıların sentimental baxışlara bir qram da təsir etmədiyi iri gözlü ilham atının canını əzablardan qurtaran, heç kimin ağlına gəlməyən bir yol göstərməli, müdrik məsləhət verməlidir.

Hamı yerində donub. Kim səsini çıxara bilər? Bu dəqiqə dağdan ağır kişi öz müdrikliyini hamının gözü qarşısında bir daha sübut edəcək.

Göstərəcək ki, hər yerindən qalxan el ağsaqqalı ola bilməz.

Budur qaşlar çatıldı, alın qırışdı. Ölü sükut atın başına yığışanların bağrını çatladır. Kənd sakinləri yerə uzanan, qarnı sancıdan doğranan atdan az əziyyət çəkmir.

Cahandar kişi dəruni fikirlərə dalanda daha zəhmli olur. Hardasa uzaqlarda inək böyürdü.

Cahandar kişidən başqa hamı çönüb səs gələn səmtə qəzəblə baxdı. Belə çətin anlarda Cahandar kişi cəmiyyət üçün çox vacib adam olduğunu dərk edib öz-özünə şişir.

Elçiliyə getmək, hamıdan birinci "Hə"si verilmiş qızların şirin çayını içmək, toy gecələri qanlı mələfələrə baxıb qulaqlarını şəkləyən camaata gözaydınlığı vermək, təzə qazılmış quyudan birinci su içmək, təzə tikilmiş tualetə hamıdan birinci girmək kimi həyatı vacib işlərdən ibarət olan ağsaqqallıq missiyası ona hədsiz həzz verir.

Elə buna görə də humanitar fənnlər qimnaziyasında baş müəllim vəzifəsində işləmək təklifindən imtina etmişdi.

Cahandar kişi xüsusən toy gecələri həyatın qızlıq mərhələsindən qadınlıq mərhələsinə keçən , keçmiş şagirdlərinin saralmış, soyuq tər basmış alnından öpüb, bir gözü əzilmiş qanlı mələfədə onlara xoşbəxtlik arzulayanda özünə sığmırdı.

Bununla o yaşamadığı, birinci olmaq aclığını boğmaq istəyirdi. Leninqradda Nizaminin yubleyində tanış olduğu qıza Cahandar kişidən əvvəl hansısa əclaf Aleksandr Blokun həyat və yaradıcılığı mövzusunda geniş məruzələr söyləyib.

İlham atı başını azca dikəltdi. Bununla həyatının son dəqiqələrini yaşadığını başına yığışanlara xatırlatdı.

Kimi asqırdı, kimi öskürdü, kimi köks ötürdü...Cahandar kişi anladı ki, bundan belə camaatı intizarda saxlamaq asan olmayacaq.

Kənd zəhmətkeşləri asqırmaqla, öskürməklə, köks ötürməklə onu müdrik qərarını verməyə tələsdirirlər.

Həm də uzaq başı on dəqiqədən sonra ilham atı öləcək. Hər şeyin bir əndazəsi var. Cahandar kişi aşağı əyilib atın başın sığalladı.

Elə həmin pozada, yarı çöməlmiş vəziyyətdə əlin rayon mərkəzinə uzadıb, üç kəlmə söz dedi:

- Götürün. Aparın verin kolbasa sexinə...!

SEYMUR BAYCANIN BAŞQA HEKAYƏLƏRİ

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG