Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:17

«Korrupsiyasız bir iş görmək mümkün deyil»


«Dövlətin pullu xidmət sahələrində korrupsiya var»

«Dövlətin pullu xidmət sahələrində korrupsiya var»

«HÖKUMƏTİN KORRUPSİYAYA QARŞI APARDIĞI MÜBARİZƏNİ BƏYƏNİRƏM»

2004-cü ildən başlayaraq Azərbaycanda korrupsiyaya qarşı mübarizə ilə bağlı iki dövlət proqramı qəbul edilib. 20-dən artıq qanuna dəyişikliklər və əlavələr edilib, bir neçə yeni qanunlar qəbul edilib. Bundan başqa, Dövlət Qulluğunu İdarəetmə Şurası yanında Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı mübarizə idarəsi yaradılıb. Elə bu və başqa nümunələri sadalayan hökumət nümayəndələri Azərbaycanda korrupsiyaya qarşı mübarizənin yetərli olduğunu bildirirlər. Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov hökumətin korrupsiyaya qarşı apardığı mübarizənin tam qaneedici olduğunu deyir:

«Mən bilmirəm hansı korrupsioneri tutublar və ya nə ediblər, amma hökumətin korrupsiyaya qarşı apardığı mübarizəni bəyənirəm, dəstəkləyirəm və hesab edirəm ki, bu sahədə mübarizə var».

Şəffaflığın Artırılması və Korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı fəaliyyət planının monitorinqini aparan ictimai təşkilatlar isə bir qədər fərqli mövqedə durular.

DÖVLƏTİN PULLU XİDMƏT SAHƏLƏRİNDƏ KORRUPSİYA

Monitorinqlərin iştirakçısı olan hüquq müdafiəçisi Sahib Məmmədov bir pəncərə sisteminin tətbiqi, qanunvericiliyin beynəlxalq standartlara uyğun hazırlanması və s. bir sıra məsələləri səmərəli addımlar hesab eləyir. Amma o, dövlətin pullu xidmət fəaliyyəti barədə bu sözləri deyə bilmir:

«Dövlətin pullu xidmət göstərdiyi yerlər var, misal üçün, polisdə ümum vətəndaşlıq pasportlarının, şəxsiyyət və sürücülük vəsiqələrinin verilməsi, avtomobillərə texniki xidmət, notariat orqanları…O yerdəki dövlət əhaliyə pullu xidmət göstərir, orda korrupsiyanın qarşısının alınması ilə bağlı heç bir ciddi tədbir yoxdur».

Sahib Məmmədov deyir ki, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya üzərinə düşən vəzifələri yerinə yetirsə də, Nazirlər Kabinetinin bu sahədə fəaliyyəti o qədər də görünmür. Üstəlik, o, Nazirlər Kabinetindən istənilən məlumatı almağın da mürəkkəb bir məsələ olduğunu deyir.

Sahib Məmmədova görə, nazirliklərdə ictimaiyyətlə əlaqələrin, qaynar xətlərin yaradılmasında hələ xeyli problemlər qalmaqdadır:

«Fəaliyyət planında göstərilmişdi ki, ictimaiyyətlə əlaqələrlə bağlı müvafiq tədbirlər görülməlidir. Amma bir neçə nazirlik istisna olmaqla informasiya idarələri və ya informasiyaya cavabdeh olan qurumlar yaradılmayıb. Soruşanda deyirlər ki, mətbuat xidmətləri var, amma mətbuat xidməti informasiyalarla bağlı işləri həyata keçirirlər, onlar vətəndaşların sorğularını cavablandırmaq iqtidarında deyil».

Hüquq müdafiəçisi korrupsiyaya qarşı mübarizənin effektli olmamasını həm də bir məsələ ilə əlaqələndirir. Deyir ki, Fəaliyyət Planında və Milli Strategiyada vəzifələr sadalanır, amma həmin vəzifələrin yerinə yetrilməməsinə görə hansı məsuliyyət nəzərdə tutulduğu göstərilmir.

GÖZƏL QANUNLARIN PRAKTİKADAKI ACİZLİYİ

«Şəffaflıq Azərbaycan» təşkilatının icraçı direktoru Rəna Səfərəliyeva qanunvericilik bazası və korrupsiyaya qarşı mübarizə qurumlarının yaradılması baxımından Azərbaycan hökumətinin işini qənaətbəxş hesab etsə də, praktikada vəziyyətin elə də yaxşı olmadığını deyir:

«Yəni, gözəl qanunlar qəbul olunur, amma onların icrası ilə bağlı böyük problemlər var. 2004-2006-cı illərdə qanunvericiliklə bağlı görülən işlər hesabına Azərbaycanın korrupsiyaya qarşı mübarizədə reytinqi qalxmaqda davam edib. Amma sonrakı illərdə praktiki işlərin zəifliyi Azərbaycanın reytinqində enməsinə səbəb olub».

«KORRUPSİYASIZ BİR İŞ GÖRMƏK MÜMKÜN DEYİL»

Paytaxt sakinləri isə hökumətin korrupsiyaya qarşı mübarizəsinin zəif olduğunu deyirlər:

- Hökumətin korrupsiyaya qarşı mübarizəsi yox dərəcəsindədir. Əgər görünən tərəfi varsa, o da bütün ictimaiyyəti aldatmaq səviyyəsindədir.

- Korrupsiyaya qarşı mübarizə yox səviyyəsindədir. Mən indiyə qədər mübarizənin aparıldığını, hansısa məmurun bu səbəbdən həbs edildiyini görməmişəm.

- Azərbaycanda korrupsiyaya qarşı mübarizə sıfıra bərabərdir. Korrupsiyanın baş alıb getməsinə baxmayaraq, axır vaxtlar hansısa məmuru həbs ediblər?

- Reallıq odur ki, korrupsiyasız bir iş görmək mümkün deyil.

- Əgər Mənzil İstismar İdarələrində pulsuz verilməli olan adi arayış üçün 1 manat pul istəyirlərsə, hansı mübarizədən söhbət gedə bilər. Mən ölkədə korrupsiyaya qarşı mübarizəni görmürəm, əksinə korrupsiya çiçəklənir.

Beynəlxalq qurumların 2007-2008-ci illər hesabatlarında Azərbaycanda korrupsiyanın səviyyəsinin artdığı göstərilir.

«Şəffaflıq Azərbaycan» təşkilatının icraçı direktoru Rəna Səfərəliyeva deyir ki, onların təmsil olunduğu təşkilatın mərkəzi ofisi bu məlumatı yaysa belə onlar milli büro olaraq bu mövqeyi bölüşmürlər. İcraçı direktor bildirir ki, indi Azərbaycanda korrupsiya nə çoxalır, nə artır, sadəcə yerində sayır.

Şərhləri göstər

XS
SM
MD
LG