Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:22
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 64-cü sessiyası çərçivəsində keçirilən ümumi siyasi dinləmələrdə çıxış edib. O bildirib ki, beynəlxalq norma və prinsiplərin pozulmasının ən bariz nümunəsi iki onillikdir uzanan Dağlıq Qarabağ münaqişəsidir:

«Ermənistanın Azərbaycana təcavüzü nəticəsində ölkəmizin ərazisinin beşdə biri işğal edilib, təxminən 1 milyon azərbaycanlı etnik təmizləmə yolu ilə qaçqın və məcburi köçkünə çevrilib. Azərbaycan tarixi və mədəni irsinin minlərlə nümunəsi məhv edilib».

E.Məmmədyarov xatırladıb ki, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsində Azərbaycanın ərazi bütövlüyü tanınıb, Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxması tələb olunub.

Azərbaycanın xarici işlər naziri bildirib ki, münaqişənin həlli üçün bir neçə vacib addımlar atılmalıdır. Bunlardan birincisi işğal edilmiş ərazilərin azad edilməsi, insanların öz evlərinə qaytarılması, qarşılıqlı istifadə üçün kommunikasiyaların bərpasıdır:

«Bu, münaqişənin nəticələrinin aradan qaldırılmasına imkan verəcək, davamlı sülh və sabitliyə yol açacaq».

E.Məmmədyarov bəyan edib ki, Dağlıq Qarabağın hüquqi statusunun müəyyənləşdirilməsində bölgənin azərbaycanlı və erməni əhalisi birgə iştirak etməlidir.

Azərbaycanlı nazir deyib ki, hazırkı danışıqlar prosesi münaqişənin həll olunmasında pat vəziyyətinin aradan qalxacağına ümidləri artırır:

«2008-ci ilin noyabrında Azərbaycan, Ermənistan və Rusiya prezidentləri tərəfindən Moskvada imzalanmış birgə Bəyannamədə Ermənistanın münaqişənin beynəlxalq hüquq əsasında mərhələli həllini qəbul etməsi yaxşı əlamətdir. Azərbaycan Cənubi Qafqaz və ondan kənarda təhlükəsizlik və sabitlik naminə Ermənistan rəhbərliyi ilə danışıqları davam etdirməyə hazırdır». / ANSPress /

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG