Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:20

Müxalifət daxilində qarşılıqlı ittihamlar çoxalır


«Bələdiyyə seçkilərində iştirak üçün müxalifət partiyalarının yetərincə namizədi yoxdur»
«Bələdiyyə seçkilərində iştirak üçün müxalifət partiyalarının yetərincə namizədi yoxdur»
Qarabağ və Respublika Uğrunda Hərəkata daxil olan partiyalar arasında bələdiyyə seçkilərinə dair məsələdə fikir ayrılığı yaranıb. Müsavat Partiyası təklif edir ki, «Ümid» Partiyası seçki komissiyalarından nümayəndələrini geri çağırsın. «Ümid» Partiyası isə bu təklifə Müsavat deputat qrupunun parlamenti tərk etməsi təklifi ilə cavab verib. Beləliklə də bələdiyyə seçkiləri öncəsi hərəkatdaxili münasibətlər müzakirə obyektinə çevrilib.

«PARLAMENTDƏN DƏ İMTİNA ETMƏK LAZIMDIR»

«Ümid» Partiyasının sədri, deputat İqbal Ağazadə deyir ki, onlar bu təklifi müsbət dəyərləndiriblər. Amma hesab edirlər ki, əgər məqsəd doğrudan da Müsavat Partiyasının dediyi kimi bu addımla beynəlxalq təşkilatlar qarşısında, o cümlədən ölkə daxilində ciddi ictimai-siyasi rezonans yaratmaqdırsa, onda arzulanan rezonansı təmin etmək üçün parlamentdən də imtina etmək lazımdır.

İqbal Ağazadə
İqbal Ağazadə hesab edir ki, o və Müsavat deputat qrupunun üzvləri parlamentdən getsələr, rezonans daha sanballı olar. Təəssüf ki, Müsavat Partiyası bunu məqbul saymır və yalnız komissiyalardan çəkilmək kimi absurd təklifin üzərində dayanır. Əgər birlikdə nəticə olmayacaqsa, təklikdə heç olmayacaq. Deməli, bu, nəticə məsələsi deyil, başqa bir səbəbə söykənən manevrdir. Cənab Ağazadə vaxtı çatanda həmin səbəbin nədən ibarət olduğunu açıqlayacağını deyir:

«Çox təəssüf edirəm ki, bu cür manevrlər Azərbaycan cəmiyyətinin demokratikləşməsinə ümid edən insanların arzu və istəkləri üzərində qurulur. Və siyasi maraqlara qurban verilir bu ümid. Bizim tərəfdən baxanda Müsavat Partiyası doğru mövqe tutmayıb. İqbal Ağazadənin və Müsavat deputat qrupuna daxil olan Pənah Hüseyn, Nəsib Nəsibli və digərlərinin parlamentdən imtinası daha böyük rezonansa səbəb olar, yoxsa Sabirabadın Cavad kəndində heç kimin tanımadığı bir məntəqə üzvünün? Nəyi dəyişir bu? Bax bu sualın cavabını tapa bilirlərsə buyursunlar».

DEMOKRATİK DƏYƏRLƏRƏ XƏYANƏT?

Suala Müsavat Partiyası icra aparatının rəhbəri Arif Hacılı savab verir. O deyir ki, söhbət Sabirabadın Cavad kəndindən yox, seçki komissiyalarında heç bir fakt ortaya qoymadığı və mübarizə aparmadığı halda müxalifət adından təmsil olunan təxminən 1000-dək nümayəndədən gedir. Bu, tamamilə fərqli məsələlərdi.

Hacılı deyir ki, əgər «Ümid» Partiyasının seçki komissiyalarında olan nümayəndələri bir qədər mübariz mövqe tutsaydılar, ola bilərdi ki, bu təklif irəli sürülməsin.
Arif Hacılı
Halbuki, bəzi hallarda onların hakimiyyət tərəfindən təyin olunması barədə səslənən fikirlərin partiyadan təkzib olunmaması da bu təklifin ədalətli olduğunu təsdiqləyir. Amma Müsavat deputat qrupunun üzləri parlamentdə kifayət qədər səmərəli fəaliyyət göstərirlər. Ona görə parlamentdən imtina təklifi sadəcə olaraq bəhanədir:

«Hər halda Qarabağ və Respublika Uğrunda hərəkata daxil olan ciddi strukturlara malik partiyalar bizimlə eyni mövqedən çıxış edirlər. Ona görə hərəkatın dağılmasından yox, ayrı-ayrı partiyaların hərəkatdan çıxmasından söhbət gedə bilər. Biz Azərbaycanda demokratik cəmiyyət qurulması uğrunda mübarizə aparan təşkilatlar kimi neqativ hallara yol verən şəxslərlə birlikdə fəaliyyət göstərməyi əslində nəticə etibarı ilə demokratik dəyərlərə xəyanət kimi qiymətləndiririk».

Arif Hacılı deyir ki, yaxın bir həftə, 10 gün ərzində bu məsələ həll olunacaq.

AXCP sədrinin müavini Həsən Kərimovun sözlərinə görə isə, onlar indidən bu məsələdə kimin haqlı, kimin haqsız olduğunu deyə bilməzlər. Məsələ partiyanın müzakirəsində aydınlaşdırılmalıdır.

«BÜTÜN BUNLAR MƏĞLUBİYYƏTDƏN SIĞORTALANMAQ ÜÇÜN SİYASİ GEDİŞLƏRDİR»

«Tolerantlıq» İctimai Birliyinin rəhbəri Azər Rəşidoğlu isə hesab edir ki, bütün bunların hamısı siyasi gedişlərdir.
Azər Rəşidoğlu
Çünki bələdiyyə seçkilərində iştirak üçün müxalifət partiyalarının yetərincə namizədi yoxdur. Yəni 22 min namizədin irəli sürülməsi faktiki olaraq qeyri-mümkündür. Ona görə də qarşıdakı məğlubiyyətdən sığortalanmaq üçün müxalifət indidən bir-birini ittiham etməyə başlayıb. Ancaq qarşılıqlı ittihamlar onsuz da dağılmaqda olan müxalifət elektoratını daha da dağıdır:

«Ancaq mən güman etmirəm ki, burada hansısa bir xəyanətdən, iqtidarla iş birliyindən söhbət gedir. O prizmadan yanaşanda zaman-zaman ən müxtəlif siyasi xadimlər, müxalifət partiyaları və onların liderləri hakimiyyətlə iş birliyinə gediblər. Onlar öz maraqlarına xidmət ediblər. Bu gün də tutaq ki, «Ümid» Partiyası öz maraqlarına uyğun addım atmaq istəyir. Və ola da bilsin ki, bu, İqbal Ağazadə ilə İsa Qəmbər arasında ictimaiyyətə bəlli olmayan hansısa sövdələşmənin nəticəsidir».

Azər Rəşidoğluna görə, bələdiyyə seçkilərindəki məğlubiyyətdən sığortalanmaq üçün qarşılıqlı ittihamlar getdikcə çoxalacaq.
XS
SM
MD
LG