Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:39

Azərbaycanda əlil təqaüdçülərin sayı artıb


Azərbaycan pensiya alan əlillərinin sayına görə keçmiş sovet respublikaları arasında 4-cü yerdədir
Azərbaycan pensiya alan əlillərinin sayına görə keçmiş sovet respublikaları arasında 4-cü yerdədir
Azərbaycanda əlil təqaüdçülərin sayı təqribən 2 dəfə artıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2001-ci ildən bəri pensiya alan əlillərin sayı 168 mindən 302 minə çatıb.

Əlillərin sayının əsasən xəstəliklər üzrə artdığını söyləmək olar. Çünki Statistika Komitəsinin təqdim etdiyi bölgüdə müxtəlif xəstəliklər üzrə qeydə alınanların sayı artan dinamika üzrə əks olunur.

16-26 yaş arasında vərəmə tutulanların sayı 2007-ci ildə 243 nəfər idisə, ötən il bu rəqəm 353 nəfərə çatıb. Bu yaşda əsəb xəstələrinin sayı 379-dan 504-ə çatıb.

Göz xəstəliklərindən əziyyət çəkənlərin də sayı artıb. Amma qan dövranı sisteminin xəstəliklərindən şikayətçi olan 35 yaşdan yuxarı xəstələrin sayı 6 dəfə azalıb. Əgər iki il əvvəl onların sayı 3 minə yaxın idisə, ötən il bu xəstəlik üzrə 500-ə yaxın adam əlil kimi qeydiyyatdan keçib. Travmalardan, zəhərlənmələrdən əlil olanların da sayı azalıb, təxminən 1300-dən 400-ə düşüb.

ƏLİLLİYƏ GÖRƏ 4-CÜ YER

Azərbaycan pensiya alan əlillərinin sayına görə keçmiş sovet respublikaları arasında 4-cü yerdədir. Ölkədə orta hesabla hər min nəfərə 34 təqaüdçü əlil düşür. Amma bu rəqəm Azərbaycanın bəzi şəhər və rayonlarında artıb-azalır.

Gəncədə hər min nəfərə 43, Gədəbəydə 54, Mingəçevirdə 50, İmişlidə 45, Kəlbəcərdə 70 əlil düşür. Qubadlı rayonu isə lap öndədir. Burda hər yüz nəfərdən təxminən 9-u əlildir.

Ancaq bəzi bölgələrdə hər min nəfərə düşən əlillərin sayı 20-25 civar arasında dəyişir. Belə rayonlar isə barmaqla sayılacaq qədər az olsa da, onların adlarını çəkməmək olmur.
Azər Mehtiyev
Quba, Tərtər, Laçın, Şirvan, Zərdab, Ağsu rayonunda hər 50 nəfərdən biri əlildir. Yalnız Xocəvənd rayonunda hər min nəfərə 8 əlil düşür.

«SƏHİYYƏYƏ AYRILAN PULLAR HARA GEDİR»

Statistik təhlili şərh eləyən İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədri Azər Mehtiyev deyir ki, bu rəqəmlər həyəcan təbili çalmaq üçün kifayətdir. Onun sözlərinə görə, əsas xəstəliklər üzrə əlilliyin artımı bir sıra şübhələr doğurur:

«Son illər səhiyyə sahəsinə yetərincə pul ayrılıb. Ona görə də xəstəliklərlə əlillik alanların dinamikası azalmalıydı. Amma belə çıxır ki, əhalinin sağlamlığı hələ də təhlükədədir. Yox, əgər belə deyilsə, onda istər-istəməz əlillərin qeydiyyata alınmasında şəffaflığın pozulmasına şübhə yaranır».

ALTERNATİV QAZANC MƏNBƏYİ?

Bəzi iqtisadçılar da hesab eləyirlər ki, Azərbaycanda işsizlik problemi pensiya yaşına çatmayanları saxta əlillik kağızı düzəltdirməyə vadar eləyir. Çünki bu kağız onlara bir il də olsa stabil çörək pulu gətirir. İqtisadi Tədqiqatlara Yardım Mərkəzinin sədri Qubad İbadoğlunun fikrincə, saxta əlillik əvvəlki illərdə olduğu kimi geniş yayılmasa da, hələ ki, alternativ qazanc mənbələrindən biri rolunu saxlayır:

«Regionlarda, xüsusilə cəbhə bölgələrində daha çox əlil var. Hesab eləyirəm ki, bu da bölgələrdə daha çox işsizlikdən xəbər verir. Cəbhə bölgələrində saxta əlillik düzəltmək üçün tutarlı səbəblər çoxdur. Müharibə, müharibən sonrakı travmalar…»

Qubad İbadoğlu
Amma Qubad İbadoğlunun fikrincə, saxta əlillik sənədinin düzəlməsi artıq çətinləşib:

«Mənim diqqətimi bir rəqəm cəlb etdi. 2003-cü ildə əvvəlki iki ilə nisbətdə əlillərin sayı 31 min nəfər artıb. Amma 2008-ci ildə ondan qabaqkı ilə nisbətdə artım 11 mindir. Deməli, artım 2003-cü ilin sürətiylə getsəydi, onda biz fantastik rəqəmlə rastlaşmalıydıq. Görünür, artıq saxta əlillik almaq imkanları məhdudlaşıb. Onu da əlavə eləyim ki, indi daha çox əlillərin öz əlilliyini sübut etmək çətinliyi aktuallaşıb».

Bununla belə, Qubad İbadoğlu əlillərin statistik artımının da reallığa uyğunluğunu istisna etmir:

«Əhalinin sayı iki dəfə artmayıb, amma əlillərin sayı artıb. Bu, ciddi problemdir və pensiya sistemi üçün yaxşı gələcək vəd vermir».

«DƏRMANLAR DA, MÜALİCƏ DƏ PULSUZDUR»


Səhiyyə nazirliyinin mətbuat xidməti isə əlillərin xəstəliklərin vaxtında müalicə olunmaması ittihamıyla razılaşmır. Mətbuat xidmətindən deyirlər ki, səhiyyə sektoruna ayrılan vəsait təyinatı üzrə xərclənir:

«Əksinə, bizim apardığımız araşdırmalara görə, istər özəl, istər tibbi müəssisələrinə müraciət edənlərin sayı artıb. Xəstəxanalarda dərmanlar pulsuz verilir, müayinə, müalicə pulsuzdur. O cümlədən, stasionar müalicə olunanlara gündə 3 dəfə yemək verilir. Əgər bəzi xəstəliklər üzrə xəstələrin sayında artım varsa, bu ölkə səhiyyəsinin günahı deyil. Əhalinin sağlamlığı indi bütün dünyanın problemidir».

«NAZİRLİK SAXTA ƏLİLLİKLƏ MÜBARİZƏ APARIR»

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-sosial ekspertizanın təşkili və əlillərin reabilitasiya şöbəsinin müdir müavini Saday Abdullayev isə əlillik arayışının saxtalaşdırılması ittihamıyla razılaşmır. Onun sözlərinə görə, əksinə, nazirlik bununla mübarizə aparır və müraciət edənlərin əlil olub-olmaması tibb müəssisələrində onlara verilən sənədlər əsasında müəyyənləşir: «Əlillik fərdi təyin olunur».

Bölgələr üzrə fərqli rəqəmlərə gəlincə, Saday Abdullayev bunu hər regionun özünəməxsus ekoloji durumu ilə izah eləyir. Amma o, bəzi bölgələrdə tibbi xidmətin aşağı səviyyədə təşkilini də əlilliyin artmasının səbəblərindən biri sayır:

«Cəbhə bölgələrində yaşayan əhalinin də sağlamlığı, psixoloji durumu fərqlidir. Əksər hallarda hamilə qadınlar tibbi xidmətdən yaralana bilmirlər. Düzdür, əvvəlki illərlə müqayisədə evdə doğuşların sayı azalıb, amma hələ də bu problem qalır. Mühit bu bölgələrdə yaşayanların əsəb-sinir sisteminə də təsir edir».

Amma Saday Abdullayev onu da deyir ki, əgər Rusiyada əhalinin 12 faizi əlildirsə, Azərbaycanda bu rəqəm 5 faizdir.
XS
SM
MD
LG