Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 14:53
«Yeni Müsavat»: «Cənubi Qafqaza nəzarət uğrunda gedən geosiyasi savaş yeni və bir çoxları üçün gözlənilməz mərhələyə daxil olub. Regionda bir-birini üstələməyə çalışan iki dünya nəhəngi - ABŞ-la Rusiya öz aralarında anlaşıblar və bu anlaşma Cənubi Qafqazda hər iki superdövlətin nüfuz dairəsinin mövcudluğunu tanıyır.

Lakin regionda indiyədək de-fakto formalaşan situasiyanı alt-üst etməklə. Türkiyə, Rusiya və ABŞ mənbələrinin son günlərdə yaydıqları məlumatların təhlili, nüfuzlu xarici analitiklərin şərhləri və ekspert rəyləri göstərir ki, böyük güclər Cənubi Qafqazın çəkişmə bölgəsindən qarşılıqlı anlaşma bölgəsinə çevrilməsində prinsipcə anlaşıblar. Ancaq bu anlaşma Azərbaycanın və onun maraqlarının qurban getməsi hesabına baş tutub.

Anlaşmanın təxmini konturları belədir: ABŞ Ermənistanın Rusiyanın hərbi-siyasi nüfuz dairəsində qalmasını qəbul edir, ancaq Rusiya da Türkiyə ilə Ermənistan arasında münasibətlərin qurulmasına yaşıl işıq yandırır. Yəni Rusiyanın nəzarəti altındakı Ermənistana ABŞ-ın NATO üzrə əsas müttəfiqlərindən Türkiyənin də çıxışı olur. Bunun əvəzində Rusiya Gürcüstanın qalan ərazilərini işğal etmək planlarından daşınır və bu ölkənin ABŞ-ın maraq zonasında qalması ilə razılaşır. Azərbaycan isə istər-istəməz regionda yaranmış yeni situasiyadan çıxış edərək Rusiyaya üz tutmaqdan başqa yol görmür».

«Azadlıq»: «Ötən həftə Azərbaycanı sözün həqiqi mənasında sel basdı. Respublikanın ayrı-ayrı yerlərində yağmur sinoptiklərin öncədən xəbər verdiklərindən də şiddətli oldu və tez bir zamanda selə çevrildi.

Hadisənin baş verdiyi zaman sel suları Hacıqabul rayonunun Həvahi postunun yaxınlığında yolu keçilməz edib. «İpək yolu»nun bu hissəsində asfalt qruntdan təxminən 1-1.5 metr yüksəkdir, həm də maililik var, bu səbəbdən sel yolboyu axmır, onu kəsib aşağı tökülüb. Ərazidə yüngül minik maşınlarının sərnişinləri arasında hay-küy yaşanıb.

Leysan yağışları nəticəsində Həvahi kəndinin ərazisində 300-dən çox ev və Hacıqabul rayon mərkəzinin ərazisi su altında qalıb. Yağan leysan yağışları həmçinin Heftçala, Şirvan və Xaçmaz rayonlarında da ciddi fəsadlara səbəb olub.

Eyni vəziyyət Gödəkli kəndində də müşahidə olunub. Xaçmaz rayon FH komissiyasının sədri İH başçısının birinci müavini Akif Mərdanovun dediyinə görə, son 20-25 ildə belə leysan, ümumiyyətlə, olmayıb. A.Mərdanov həmçinin şimal regionlarında yağıntının adətən dağ tərəfdən gəldiyini, ancaq leysan yağışın dəniz tərəfdən müşahidə olunduğunu qeyd edib».

«Bizim yol» yazır ki, Salyanda mülkiyyət yenidən bölüşdürülür. Rayonun mərkəzi bazarı bağlanır, 600 nəfər iş yerini itirəcək.

«Dünən bir qrup Salyan rayon sakini mətbuat konfransı keçirdi. Sakinlər bildiriblər ki, sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin yaxın qohumu rayondakı bazarın ərazisini zəbt edib, nəticədə sakinlərin çoxunun mülkiyyəti qanunsuz olaraq əlindən alınıb. Sakinlər deyib ki, bazarı İbrahim Tağıyev adlı şəxs alıb. Sonradan məlum olub ki, Bakı-Astara yolunun qırağında yerləşən və bazara aid olan ərazidə söküntü işləri aparılacaq. Nəticədə 11 vətəndaşın mağazası traktorla sökülüb, eləcədə bazarın giriş-çıxış yolları bağlanıb. Bununla da bazarda işləyən 500-600 nəfər işsiz qalmaq təhlükəsi ilə üzləşib».

«Yeni Azərbaycan» yazır ki, «…Enerji ehtiyatlarından əldə olunan gəlirlər insan kapitalının inkişafına yönəldilməklə Azərbaycanın iqtisadi tərəqqisi və davamlı inkişafına etibarlı zəmin yaradır».

«Azərbaycanın neft strategiyasının başlıca hədəfləri həmişə ölkənin iqtisadi yüksəlişinə təkan verməkdən və sosial islahatların davamlı olaraq miqyasının genişləndirilməsinə baza yaratmaqdan ibarət olub. Yeni neft erasının başlanması və Azərbaycanın yanacaq ehtiyatlarının dünya bazarlarına nəqli respublikamızın maliyyə qüdrətinin və strateji valyuta ehtiyatlarının yüksəlişinə imkan yaratmaqla bərabər, iqtisadi-sosial, ictimai-mədəni, humanitar sahələrdə əhəmiyyətli dönüş yaradıb. Azərbaycan hökuməti neft gəlirlərinin səmərəli istifadə olunması ilə bağlı strateji konsepsiyanı həyata keçirməkdədir. Neft vəsaitlərinin idarə olunmasında Amerika və Norveç modelinə uyğun strategiyanın həyata keçirilməsi bu sahədə şəffaflığın tam təmin olunmasına səbəb olub».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG