Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:56

Məhbəsdə zorlanan tələbənin etirafları


İbrahim Şərifi
İranda 24 yaşlı tələbə İbrahim Şərifi iyun ayında prezident seçkisindən sonra həbs olunub. O, AzadlıqRadiosunun müxbiri ilə söhbətində həbsdə zorlandığını deyib.

Bu barədə seçki kampaniyasında iştirak etdiyi prezidentliyə namizəd Mehdi Kərrubiyə danışandan sonra məsələ ictimailəşib.

Kərrubinin İranın ali dini rəhbərinə ünvanladığı məktubda «E.S» şərti adı ilə onun başına gələnlər haqqında məlumat verib.

Dediyinə görə, bundan sonra da zorlandığını danışdığı üçün özü və ailəsi təzyiqlərlə üzləşib.

İndi ailəsini qorumaq üçün gizlənməyə məcbur olan İbrahim Şərifi AzadlıqRadiosunun müxbiri ilə söhbətində başına gələnləri bu danışıb.

- Nə zaman və necə həbs olundunuz?

- Prezident seçkisindən sonra – iyunun 23-də mən İtaliya Konsulluğundan evə qayıdırdım. Konsulluqda italyanca öyrənirdim. Konsulluqdan aralananda kimsə arxadan məni tutdu. Əllərimi və gözlərimi bağladı. O, məni itələyib maşının döşəməsinə uzatdı. Sonra isə məni harasa apardılar. Gözlərim bağlı idi.

- Onlar niyə saxlandığınızı, ittihamın nə olduğunu deyirdilərmi?

- Bütün həbsdə olduğum müddətdə məni heç istintaqa çəkən olmadı. Onlar yalnız məni azad edəndə adımı soruşdular.

- Deyirsiniz ki, həbs edəndən sonra maşının döşəməsinə yıxdılar. Sonra nə oldu, hara apardılar?

- Onlar məni elə bir yerə apardılar ki, artıq maşın səsləri eşidilmirdi. Onlar məni maşından çıxardılar. İtələyib bir yerə apardılar. Orada özümün və yanımdakıların nəfəsindən başqa heç nə eşitmirdim. Onlar məni itələyib üzü üstə yıxdılar. Sonra gecəni orada yatmışam. Yəqin ki, səhərə yaxın idi. Mən «eləməyin, vurmayın!» deyə qışqıran bir qadın səsi eşidirdim.

- Bu, hansı saxlama məntəqəsi idi?


- Bunu bilmirəm, mənim əllərim və gözlərim bağlı idi.

- Onlar həbsdə olduğunuz bütün müddətdə sizi əlibağlı saxladılar?


- Bəli, yalnız yemək verəndə əlimi açıb qabaqda bağlayırdılar.

- Zorlama necə oldu?


- Həbsdə olduğum dördüncü gün onlar deyirdilər ki, səni edam edəcəyik. Mən onlara dedim ki, öldürmək istəyirsiniz elə bu dəqiqə öldürün, amma mənimlə oyun oynamayın.

Kimsə itələyib məni üzü üstə yerə yıxdı. Qarnımın torpaqda olduğunu hiss edirdim. Biri məni tutub tərpənməyə qoymurdu, başqasına isə qışqırıb «gəl bunu hamilə elə» dedi.

Polis nümayişçiyə qarşı gözyaşardıcı qazdan istifadə edir, Tehran, 13 iyun 2009
Hiss elədim ki, məndən qan axır, qarnım da yaralanmışdı. Onlar məni götürüb başqa bir otağa atdılar. Əllərimi isə döşəmədə nəyəsə bağladılar.

- Deyibsiniz ki, o adamın zorladığını, yaxud hansısa əşyadan istifadə etdiyini dəqiq bilmirsiniz?


- O adam məni zorladı, amma dəqiq deyə bilmirəm ki, hansısa əşyadan istifadə elədi, yoxsa…Müstəntiq mənə deyir ki, «sən ona niyə demədin ki, dayan!». Amma o vaxt mən nəsə fikirləşmək, nəsə demək iqtidarında deyildim. Deyəsən huşumu itirmişdim. Qan itirirdim…O adam murdar sözlər söyləyirdi. Deyirdi ki, «şeyini qoruya bilmirsən, hələ bir məxməri inqilab eləmək fikrindəsən?».

- İyunun 30-da azadlığa buraxılan kimi zorlandığınızı başqalarına bildirdinizmi?

- Zorlama məsələsini adamlara danışmaq istəmirdim. Azad olunandan sonra polisə gedib şikayət elədim. Onlar da deyirdilər ki, bu məsələni başqasına demə. Onların dediyinə görə, bunu Kəşfiyyat Nazirliyi edib, Allahına şükür elə, səni öldürə də bilərdilər. Xeyli cəhd edəndən sonra bədənimdəki yaralar haqqında həkimdən kağız da ala bildim. Sonra başıma gələnləri dostlarımdan birinə danışdım. O da məsləhət gördü ki, bunları Kərrubiyə deyim.

Amma Kərrubiyə də zorlama məsələsini demək istəmirdim. Onunla görüşəndə danışa-danışa gözlərim yaşarırdı. O, hiss elədi ki, mən nəyisə gizlədirəm. Yanındakıları otaqdan çıxartdı. Sonra da «Quran»a and içib mənə dedi ki, zorlama olubmu? Mən də dedim «hə». O da ağlamağa başladı.

Bundan sonra müstəntiq məni sorğu-sual edəndə yenə həkimə apardılar. Artıq üstündən bir ay, ay yarım vaxt keçirdi. Həkimlər deyirdilər ki, heç bir yara izi qalmayıb. Amma prokurorluğun işçisi bildirdi ki, onlar hətta, istifadə olunmuş alətin ölçüsünü də müəyyən edə bilərlər. Deyirdi ki, «bu, bizim işimizdir».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG