Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 03:33

«Cəngəllik» dağıdıldı


Kale şəhəri yaxınlığındakı qaçqın düşərgəsi, 21 sentyabr 2009
Kale şəhəri yaxınlığındakı qaçqın düşərgəsi, 21 sentyabr 2009
Sentyabrın 22-də Fransanın şimalında Kale şəhəri yaxınlığındakı qaçqın düşərgəsinə polisin reydi ilə 300 nəfərə yaxın adam həbs olunub. Tutulanların çoxu Əfqanıstan, Pakistan kimi ölkələrdən olan qaçqınlardır. Onlar «Cəngəllik» adlandırılan bu düşərgədə qanunsuz yaşayır, Fransadan sığınacaq istəmirlər. Çünki ilk fürsətdə ingilis kanalından istifadə edərək Britaniyaya keçmək istəyirlər. Pakistandan olan Xan adlı qaçqın vəziyyətlərini bu cür izah edir:

- Adamlar bizə insan kimi münasibət göstərən Britaniyaya getmək istəyirlər. Fransadan sığınacaq istəsək, burada nə olacaq ki, «Cəngəllik»də yaşayanların vəziyyətini özünüz görürsünüz. Hətta, adamlar sığınacaq istəsələr belə, onları saxlamağa yerləri yoxdur. Ona görə də hamı Britaniyaya getməyə çalışır.

«DÜŞƏRGƏDƏ CƏNGƏLLİK QANUNLARI HÖKM SÜRÜR»

Rəsmilərin məlumatına görə, tutulanların 130 nəfərdən çoxunun yaşı 18-dən aşağıdır. Onlar tutulanların ya siyasi sığınacaq üçün müraciət etmələrinə şərait yaradılacağını, ya da öz ölkələrinə qaytarılacaqlarını deyirlər. Fransanın İmmiqrasiya naziri Erik Besson bildirir ki, bu «Cəngəllik» cinayətkarlar və insan qaçaqçıları üçün bir bazaya çevrilmişdi:

- Bəzi adamlar buranın humanitar düşərgə olduğunu deyirlər. Amma belə deyil.
Jandarmlar «Cəngəllik»dəki çadırları sökürlər, 22 sentyabr 2009
Bura insan qaçaqçıları üçün bazadır və orada var-yoxu əlindən alınmış, zorakılıq qurbanları olan insanları görə bilərsiniz. Düşərgədə cəngəllik qanunları hökm sürür. Kaledə də dövlətin qanunları işlək hala gətirilməlidir. Bu, miqrantlara da, ətrafda yaşayan və neçə vaxtdır əsəbləri tarıma çəkilmiş insanlara da xeyir olan bir addımdır.

İndi rəsmilər bildirirlər ki, yetkinlik yaşına çatmış qaçqınlar həbsxanada saxlanacaqlar. Kimin vəziyyəti Fransadan sığınacaq istəməyə imkan verirsə, onlar azad olunaraq Kale şəhərində, ya da ətraf şəhərlərdə yerləşdiriləcəklər.

Amma insan haqları fəalları hökumətin bu addımını qınayırlar. Onlar deyirlər ki, bundan sonra İraq, Əfqanıstan kimi gərgin bölgələrdən olan qaçqınlar kömək istəmək əvəzinə gizlənməyə çalışacaqlar.

BU İNSANLARIN AXIRI NECƏ OLACAQ?

Fransadakı «Salam» adlı miqrantlara yardım təşkilatının nümayəndəsi Silvie Copyans insan haqları fəallarının bu məsələ barədə fikrini bu cür izah edir:

Kaledə əfqan qaçqınlar, 19 sentyabr 2009
- Bu, aydındır ki, «Cəngəllik» dağıdılmalı idi. İndiki dövrdə Fransa ərazisində insanların heyvanlardan da aşağı şəraitdə yaşadığı belə bir məkanın olması yolverilməz idi. Amma bu insanların axırı necə olacaq? Onlar hara gedəcəklər? Əgər bizim işimiz təkcə onları ordan çıxarıb küçələrə tökməkdirsə, bu, problemin həlli demək deyil.

«Human Rights Watch» insan haqlarını müdafiə təşkilatının uşaq hüquqları ilə məşğul olan nümayəndəsi Simon Troller isə deyir ki, onlar Fransanın qaçqınları Yunanıstan və İtaliya kimi ölkələrə geri qaytaracaqlarından narahatdırlar. Çünki onlar təbii olaraq Avropa Birliyinə həmin ölkələrdən daxil olublar. Amma bu ölkələrdə qaçqınların sığınacaq almaq şansları olduqca aşağıdır:

- Bu adamların çoxu təbii ki, Yunanıstandan Avropa Birliyinin ərazisinə keçiblər. Avropa qanunlarına görə, qaçqın sığınacaq istəyib-istəməməyindən asılı olmayaraq ona görə Avropa Birliyinə girdiyi ilk ölkə cavabdehdir. Ona görə də indi əsas narahatlıq Fransanın bu adamları Yunanıstana qaytara bilməsinə görədir.

Qaçqınlar bundan əvvəl də Britaniyaya keçmək üçün Fransa ərazisində düşərgələr yaratmışdılar. Sangatte şəhəri yaxınlığında salınmış belə bir düşərgəni hökumət 2002-ci ildə dağıtmışdı.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG