Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:03

Elektrik dirəyi dibini işıqlandırmır…


Xətlərin çəkilişi zamanı sakinlərə yeni ziyan dəyib
Xətlərin çəkilişi zamanı sakinlərə yeni ziyan dəyib
Azərbaycandan İran paytaxtı Tehrana gedəcək işıq Salyanın Arvatan kəndinə problem yaradıb. Kənd sakinlərinin narahatlığını bizə Vüqar Əliyev danışır. Onun sözlərinə görə, ötən il 20-dən çox sakinin pay torpağında elektrik xətlərinin çəkilməsi üçün dayaqlar basdırılıb. Bunun nəticəsində sakinlərə ciddi ziyan dəyib.

Düzdür, gəliblər, ölçüb-biçib hər kəsin ziyanını müəyyən eləyiblər, amma hələ də kompensasiya ödənməyib. Xətlərin çəkilişi zamanı isə sakinlərə yeni ziyan dəyib. Vüqar Əliyev:

«Ötən il camaatdan icazə almadan gəlib torpağına girdilər, taxıl zəmilərini ayaqladılar. Sonra şikayət elədik, gəldilər, kompensasiyanı hesabladılar. Amma bir ilə yaxındı pulu ödəmirlər. Üstəlik, gəlib xətləri də çəkəndə su arxlarını dağıdıblar. İndi gərək mən maşına 80-100 manat pul verib yenidən arx qazdıram. Gəlib dirəyi də basdıranda heç kəslə müqavilə bağlamayıblar. 40 tonluq dirəkdir, hər kəsin də torpağına ikisi düşür. Sabah mən bu torpağı satmaq istəsəm, artıq sata bilməyəcəyəm, çünki ərazidən yüksək gərginli elektrik xətti keçəcək. Üstəlik, dirəyə görə yer əkib-biçmək də bir problem yaradacaq.

PAY TORPAĞA İCAZƏNİ İCRA BAŞÇISI VERİB

Yüksək gərginli elektrik xətlərinin çəkilişini həyata keçirən Azinko şirkətində məsul işçi Xeyrulla Məmmədovla əlaqə saxladıq. Bu narazılığı ona çatdırdıq. Xeyrulla Məmmədov dedi ki, kompensasiya ödənəcək, sakinlərin bütün sənədləri hazırdı.

- Aktlar da yazılıb, hamısı bizdə idarədədir. Gərək işlər yekunlaşsın, sonra ödəyədək. Məftil işi gərək qurtarsın. Bunu da yeni qurtarmışıq.
- Bəs arxlar da dağıdılıb axı…
- İşi qurtarandan sonra arxları bərpa edəcəyik.
- Xeyrulla müəllim, bəs sakinlərin hər biriylə onların mülkiyyətindən istifadə üçün müqavilə bağlamısızmı?
- 4 il bundan qabaq icra başçılarının razılığıyla, imzasıyla bu işlər sənədləşdirilib. Dövlət proqramıdır, biz ora özbaşına girməmişik ki…
- Axı bu pay torpağının mülkiyyətçisi icra başçısı deyil, kimə verilibsə, sahibkar odur. Məgər onun razılığını almaq lazım deyil?
- Bu elektrik dirəkləri təkcə Arvatanda deyil ki. Bu dirəklər basdırılan yerdə də birillik bitkilər əkilir. Onun altında bircə ağac əkmək və ev tikmək olmaz. Qalan nə ziyan dəyibsə, onu ödəyəcəyik.

REAL ZİYAN VƏ ƏLDƏN ÇIXMIŞ FAYDA

Yeri gəlmişkən, yeni elektrik xətlərinin bir ucu Tehrana gedib çıxır. Bu xətt vasitəsilə qışda İran Azərbaycana, yayda Azərbaycan İrana işıq verəcək. Bəlkə onda kəndlər işıqsız qalmaya, ancaq qayıdaq pay torpağından istifadə məsələsinə... Pay torpağından istifadə eləyən şəxs mülkiyyətçiylə müqavilə bağlamalıdırmı və bu zaman hansı şərtlər öz əksini tapmalıdır? Hüquqşünas Ənnağı Hacıbəydli:

«Burda söhbət dövlət ehtiyacları üçün torpaq alınmasından söhbət gedir. Prinsipcə, Mülki Məcəllənin 157-ci maddəsinə görə, dövlət ehtiyacları üçün torpaq alınmasına görə Nazirlər Kabinetinin qərarı olmalıdır. Və bu zaman vətəndaşa kompensasiya ödənilməlidir. Kompensasiyaya həm real ziyan, həm də əldən çıxmış fayda daxildir. Məsələn, istifadə edilən torpaqdakı məhsul zay edilibsə, bu real ziyandır, biri də var , torpaqdan istifadə imkan verilməyən zaman nə qədər fayda əldən çıxır, bu hesablanır.

- Konkret bu məsələdə torpağın müəyyən bir sahəsini elektrik dirəyi tutur.
- Eyni zamanda bu dirəklər torpağın bir hissəsini şumlamağa və əkməyə imkan vermir. Bu, vətəndaşa dəyən zərər hesab olunmalıdır. Həmin torpaqlar vətəndaşın mülkiyyətində saxlansa belə, əkilməsi mümkün olmayan hissəyə görə mülkiyyətçiyə kompensasiya ödənməlidir. Bundan əlavə, ola bilər ki, elektrik xətlərinin keçməsinə görə, torpağı əvvəlki qaydada əkib-becərmək olmasın. Bu, əldən çıxmış fayda sayıla bilər.

Bizimlə əlaqə

Bizimlə əlaqə

Sizin də şikayətiniz, hər hansı məsələylə bağlı rəyiniz, fikriniz varsa, buyurun, 436 77 41 nömrəli telefona zəng eləyin, ya da efir@azadliqradiosu.az ünvanına yazın.

Buna da bax:

XS
SM
MD
LG