Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:00

B.Yinanç: «Ankara Bakıya yaxşı məlumat verməmişdi»


Ermənistan və Türkiyənin dövlət bayraqları
Ermənistan və Türkiyənin dövlət bayraqları
"Turkish Daily News" qazetinin bas yazarlarinindan bir olan Barçin Yinanç “Azadlıq” radiosuna müsahibəsində Ermənistanla razılaşdırılan protokolların parlamentdə müzakirəsindən çıxa biləcək nəticələri və Azərbaycan-Türkiyə münasibətlərində mümkün dəyişiklikləri şərh edir.

- Türkiyə parlamenti Ermənistanla razılaşdırılan protokolların təsdiq edib-etməmək qərarını verməlidir. Xarici İşlər naziri siyasi partiyaları inandırmağa çalışır ki, həmin sənədləri onlar da müdafiə etsinlər. Müzakirələrdən hansı nəticəni gözləyə bilərik?

- Hesab edirəm ki, oktyabrın 14-də Ermənistanla Türkiyənin futbol komandalarının oyununda bu iki protokol imzalanacaq. Sənədlərin biri diplomatik əlaqələrin qurulması, ikinci isə əlaqələrin inkişaf etdirilməsi, o cümlədən də sərhədlərin açılması haqqındadır.

Mənim gümanıma görə diplomatik əlaqələrin qurulmasına dair protokolun parlamentdə qəbul olunmaq şansı daha çoxdur. Amma Qarabağ münaqişəsinin həllində hər hansı irəliləyiş olmadan sərhədin açılması barədə protokolun təsdiqi real görünmür.

Baş nazir Ərdoğan Bakıda parlamentdə çıxışında bildirib ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmayınca sərhəd açılmayacaq.

- Bakının reaksiyasını necə qiymətləndirirsiniz? Azərbaycan hökumətində bəzi adamlar Türkiyəni Azərbaycanın maraqlarını nəzərə almamaqda ittiham edirlər.

- Bu prosesdə Azərbaycan hökuməti çətin vəziyyətdədir. Mən inanıram ki, işin əvvəlindən Türkiyə Bakını yaxşı məlumatlandırmamışdı. Azərbaycan hökumətinin reaksiyasından görünür ki, onlar məsələni son dəqiqədə öyrəniblər. Ankara ilə Bakı arasında sağlam dialoq olmalıdır.

Mənim bildiyimə görə sonuncu protokolların razılaşdırılmasından əvvəl iki türk diplomat Bakıya gedərək Azərbaycan prezidentini bu barədə məlumatlandırıb.

Amma sadəcə olaraq, proses haqqında informasiya vermək yetərli deyil. Məncə, Bakı narahat olmaqda haqlıdır. Azərbaycan hökuməti əlindən gələni etməlidir ki, prosesə açıq olsun.

Amma, Ermənistan bəzi razıalşmalara getməyincə, Azərbaycanın Türkiyəyə etirazları davam edəcək. Bu, təkcə sözdə etirazlar deyil, problem iki ölkə arasında enerji sahəsində əməkdaşlığa əngəl ola bilər. Fakt budur ki, Azərbaycan hökuməti enerji kartından istifadə edir. Bu da təbiidir.

Buna görə də indiyə qədər Türkiyənin Azərbaycandan aldığı qazın qiymətində razılıq əldə edilməyib. Bakı həm də Nabukko layhisəində tam cavabdehlik götürmək istəmir. Belə görünür, onlar prosesin necə inkişaf edəcəyini gözləyirlər ki, enerji məsələsində də yekun qərarlarını versinlər.

- İndiki mərhələdə niyə Türkiyə, xüsusilə də hazırkı hökumət Ermənistanla münasibətləri normallaşdırmaqda bu qədər maraqlıdır?

- İndiki siyasət təkcə bu hökumətlə məhdudlaşmır. Bu proses çox əvvəldən başlayıb. Prosesin fəal olmaması problemin həll edilmiş olması demək deyil.

Lap əvvəllərdən hiss olunurdu ki, bu problem həll olunmalıdır. Çünki Ermənistala problemlər Türkiyənin digər ölkələrlə əlaqələrinə də maneədir.

İndi isə fakt odur ki, bu hökumət daha iddialıdır. Hakimiyyətdəkilər Türkiyənin bütün qonşuları ilə olan problemlərinin həll olunmasını istəyirlər.

Onlar hesab edirlər ki, Ermənistala problemin həll olunması təkcə Türkiyə üçün deyil. Günün birində bu, həm də Azərbaycanın maraqlarına xidmət edəcək. Azərbaycanla Ermənistan arasında münasibətlərin normal olması hər iki ölkəyə sabitlik və əmin-amanlıq gətirərdi.

- Türkiyə ilə Azərbaycanın bir millət iki dövlət olduğunu deyirlər. Amma söhbət milli maraqlardan gedəndə hər ölkənin öz istəyi ortaya çıxır. Bu da tamamilə təbiidir. Azərbaycanla Türkiyə arasında münasibətləri necə dəyərləndirisiniz? Xüsusilə də enerji kontekstində? Sizcə, bu sahədə onları arasında sağlam münasibətlər var, yoxsa, bu şişirdilmiş bir dostluqdur, bəzən milli maraqlara əngəl olur?

- Mən fikirləşmirəm ki, bunlar şişirdilmiş dostluqdur. Türkiyə Azərbaycana ziyan verə biləcək heç bir işə razı olmaz. Azərbaycanın marağında olan hər şey, inanıram ki, həm də Türkiyənin marağındadır.

Amma bu siyasət təkcə dostluğa və Azərbaycan xalqına sevgi üzərindəmi qurulub? Xeyir. Bu, sadəcə olaraq bu, hər iki tərəfin milli maraqlarına uyğun bir siyasətdir.

Türkiyə təkcə qardaşı olduğuna görə deyil, həm də özünün enerji maraqlarına görə, Azərbaycana arxa çevirə bilməz. Eyni şey Azərbaycan üçün də keçərlidir. Bakı deyə bilməz ki, mən daha Türkiyəyə qaz satmıram, Rusiya ilə əməkdaşlıq etmək istəyirəm. Bu, Azərbaycanın maraqlarına uyğun olmazdı.

Bəli, dostluq var, amma bu dostluq qarşılıqlı maraqlarla daha da möhkəmləndirilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG