Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:36

Obama qərarına aydınlıq gətirdi


Barak Obama
Barak Obama
Birləşmiş Ştatların prezidenti Barak Obama deyib ki, onun Mərkəzi Avropada raketdən müdafiə sistemi qurmaq planını təxirə salması Rusiyaya birtərəfli güzəşt kimi izah olunmamalıdır.

Obama CBS telekanalına müsahibəsində bu qərarına birinci dəfə aydınlıq gətirib.

Mərkəzi Avropada raketdən müdafiə sistemi qurmaq Obamanın sələfi Corc Buşun planı idi. Rusiya bu plana qarşı çıxırdı, deyirdi ki, NATO onun sərhədlərinə yaxınlaşır.

Amerikanın arqumenti isə bu idi ki, sistem ona İranın mümkün hücumlarından qorunmaq üçün lazımdır.

«BİZİM MÜDAFİƏ SİYASƏTİMİZİ RUSLAR MÜƏYYƏNLƏŞDİRMİRLƏR»

Amma Barak Obama CBS telekanalına müsahibəsində deyib ki, ümidi var ki, onun yeni raketdən müdafiə siyasəti Moskvanın paranoidliyini azaldacaq:

«Məqsədim Rusiya ilə danışıqlar aparmaq deyildi. Bizim müdafiə siyasətimizi ruslar müəyyənləşdirmirlər. Biz Amerika xalqını, onun Avropadakı qoşunlarını və müttəfiqlərimizi qorumaq üçün ən yaxşı yolla bağlı qərar vermişik. Əgər bunun nəticəsi olaraq Rusiya özünü daha az paranoid hiss edirsə və indi İranın nüvə zənginləşdirilməsi və ballistik raketləri ilə bağlı bizimlə daha yaxından işləmək arzusundadırsa, bu, bizim qazancımızdır».

Obamanın bu qərarını Rusiya rəsmiləri də yüksək qiymətləndiriblər. Bu da Obamanın qərarı barədə şübhələri bir az da alovlandırıb. Şübhələr isə bundan ibarətdir: Amerika prezidentinin Rusiyanı ovundurmaqda məqsədi Kremllə başqa sahələrdə, məsələn, İranın nüvə proqramı ilə bağlı əməkdaşlıq etməkdir.

Obama rusiyalı həmkarı Dmitri Medvedev ilə bu həftə Nyu-York şəhərində BMT-nin Baş Assambleyasının toplantısında görüşəcək.

«DAHA GÜCLÜ VƏ AĞILLI YANAŞMA»


Obama deyib ki, bu görüşdə raketdən müdafiə sisteminin üstündən xətt çəkmək fikri yoxdur:

«Biz raketdən müdafiə sistemindən imtina etmirik. Əslində, İran tərəfdən mümkün təhlükəyə qarşı daha effektiv və zamanında cavab verə biləcək sistem quraşdırmağı nəzərdən keçiririk».

Obamanın qərarını Dövlət katibi Hillari Klinton «daha güclü və ağıllı yanaşma» adlandırıb. Klintonun fikirlərini «Financial times» bu bazar günü nömrəsində çap edib.

«Biz müttəfiqlərimizdən uzaqlaşmırıq. Əksinə, müttəfiqlərimizin təhlükəsizliyini gücləndirəcək sistem quraşdırırıq, bu, bizim NATO ilə iş birliyimizi irəli aparacaq və yeni sistem daha çox ölkəni əhatə edəcək», - deyə Klinton «Financial times»da yazır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG