Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:39
«İz» mədəniyyət proqramının budəfəki buraxılışını «Azərbaycan Diasporuna bir baxış» da adlandırmaq olar. 19 ildir Vətəndən uzaqlarda yaşayan bir azərbaycanlının baxışı. Uzun ayrılıqdan sonra anasının dünyasını dəyişməsi səbəbindən Vətənə gələn Hollandiyadakı «Azərbaycanın dostları» Cəmiyyətinin sədri Elman Mustafazadə ilə söhbətimiz qarşınızdadır. Onu həm oxuya, həm də dinləyə bilərsiniz.

- Elman bəy, lütfən, özünüzü «İz»in dinləyicilərinə tanıdın. Harada doğulmusunuz, nə vaxt Vətəndən köç etmisiniz, niyə yaşamaq üçün Hollandiyanı seçmisiniz? Bir sözlə, xaricə çörək, yoxsa şokolad dalınca getmisiniz?

- Mən - Elman Əhəd oğlu Mustafazadə Qarabağda, Hindarxda doğulmuşam, uşaqlığım Şuşada keçib. 1970-ci ildə Bakıya köçmüşəm. Ali təhsil almışam, müxtəlif sahələrdə işləmişəm. Milli-azadlıq hərəkatının fəallarından, Qarabağ müharibəsində ilk könüllü dəstələrin yaradıcılarından və komandirlərindən olmuşam. 1990-cı ilin mayında Azərbaycanı tərk etmişəm. Dostlarımı həbs etmişdilər. Belə bir aqibət məni də gözləyirdi. O zaman 2 uşağım vardı, onları da götürüb Polşaya getdim. Çünki Polşanın «Solidarnost» təşkilatında dostlarım, tanışlarım vardı. Müvəqqəti getmişdim, amma qalası oldum. 10 il Polşada yaşadım. 2000-ci ildən Hollandiyaya köçdüm. Beləcə, bir igidin ömrü gəldi-keçdi...

- İlk mühacirət illəri necə keçdi? Vətəndən kənarda yaşamağa tezmi öyrəşdiniz, yoxsa bu ağrılımı keçdi?

- İlk mühacirət illərində informasiya blokadasını yarmaq üçün mücadilə etdik. Qürbət mətbuatında 50 ilə yaxın fasilədən sonra (1939-cu ildə Məhəmməd Əmin Rəsulzadənin “Qurtuluş” jurnalı çıxmışdı) 1995-ci ildə İrfan Murad İldırım və digər dostlarla “Xudafərin” jurnalını yaratdıq. Bu jurnal şimal-cənub fərqi qoymadan müstəqil Azərbaycan ideyasına söykənən bir jurnal idi. İdarə heyətinin üzvləri görkəmli adamlar idi--Bəxtiyar Vahabzadə, Çingiz Hüseynov, Əlisa Nicat, Qulu Məhərrəmli. Bakıdan Rəşad Məcid, Müsəllim Həsənli, Ələskər Qurbanlı, Ənvər Börüsoy bizə təmənnasız məqalələr göndərirdilər. Jurnalda Azərbaycan tarixi ilə, ölkənin başına gələn bəlalarla bağlı yazılar verirdik. 2000-ci ilin sonuna kimi jurnal çıxdı.

- 19 illik fasilədən sonra Azərbaycanı necə gördünüz?

- Anamın xəstəliyi və dünyasını dəyişməsi səbəbindən iki ay rayonda qalası oldum. Çox təəccübləndim. Orda kitab mağazaları, demək olar ki, yoxdur. Qəzet köşkləri, qəzet yoxdur. İnsanlar mətbuatdan bixəbərdirlər. Ancaq televiziyaya baxırlar...Ən acınacaqlısı, bilirsiniz nə idi? Hər yerdən üstümə gəlirdilər ki, dövlət başçısına məktub yazmaq istəyirik, bizə kömək et. Yəni məktub yaza bilən adam yoxdur. Orda olduğum müddətdə nə qədər adama məktub yazası oldum. Güman edirəm ki, 10 ildən sonra rayonların çoxunda qədimdəki kimi xüsusi mirzələrə ehtiyac olacaq...Çünki heç kəs oxumaq istəmir.

- Niyə oxumaq istəmirlər, sizcə?

- Birincisi, müəllimlərin həyat şəraiti çox aşağıdır. İkincisi, oxumağa maraq azalıb. Hindarxda məktəbə getməyən nə qədər uşaq gördüm. Bəzisi quzu otarır, bəzisi əkin-biçinlə məşğuldur. Hind toyuğu otaran 13 yaşlı uşaq gördüm. Dedi, adım məktəbdədi, ancaq bir dəfə də getməmişəm. Biz qürbətdə mübarizə aparırıq ki, azərbaycanlı gənclər dilimizi bilsinlər. Həftəsonu məktəbləri açmaq üçün çalışırıq. Ölkəmizin içində isə belə vəziyyətlə üzləşirik. Eşitmişəm ki, Bakıda da uşaqlara xüsusi müəllimlər tuturlar. İndi Azərbaycanda hamı və hər şey Bakıda cəmləşib. Sosial təbəqələr qütbləşib. Aqressiv bir kapitalizm yaranır. Mən Avropanın bütün ölkələrini gəzmişəm, bəzisində işləmişəm də, amma belə hal görməmişəm. Burda elə bil iki sistem var. Biri bölgələr, biri Bakı. Aralarında çox böyük uçurum var. Bütün satılan mallar gətirilmədir. Çox bahaçılıqdır. Bircə nəqliyyat və metro ucuzdur. Yeri gəlmişkən, Bakı metrosunu çox bəyəndim. Təkcə C. Cabbarlı stansiyasından başqa. Yol-nəqliyyat məsələsi də mürəkkəbdir. Heç kəs işarələrə əməl etmir. Bir tanışımdan soruşdum niyə belədir? Dedi ki, burda oxuyan-öyrənən yoxdur, 1000 manat verib sürücülük hüququ almaq olur...Avtomobil müfəttişləri də qaydaları bilmirlər. İşıqfor harda qoyulmalıdır, piyada hardan keçməlidir, - bilinmir. İntuzamsızlıq baş alıb gedir. İnsanlar bir-biriylə, əvvəlki kimi mehriban deyillər.

- Çox pessimist müşahidələriniz var...

- Sonra da Avropaya inteqrasiyadan danışırlar. Bu cür inteqrasiya olarmı? Bir şey də nəzərimi çəkdi. Burda milli azlıqlar lobbiləşiblər.Ancaq Azərbaycan türk toplumunda birlik yoxdur. Mən azsaylı xalqların əleyhinə deyiləm. Düşünürəm ki, Azərbaycanda olan tolerantlıq, milli azıqlara, cinsi azlıqlara münasibət normadan artıqdır. Dini sektalar belə burda sərbəst və azaddırlar.

Bizdə bir Naxçıvanlı ilə bir Qarabağlı elə bil ayrı-ayrı millətdirlər. Hətta bir-biriylə evlənsələr də, aralarındakı sədd qalır... Hərdən deyirlər ki, Azərbaycançılığı Avropaya daşıyın. Belə çirkin, ağrılı problemi necə daşıyasan? Qoy burda qalsın! Bizim orda yaşayanlarımız daha münasibdir. Biz orda heç kimdən soruşmuruq ki, sən hardansan? Bir Azərbaycan var və bu bizim amalımızdır. Biz onu yaşadırıq. Dövlətçiliyimizi möhkəm görmək istəyirik.

- Elman bəy, Hollandiyada nə qədər Azərbaycanlı yaşayır? Onların bir-biriylə ünsiyyəti hansı səviyyədədir?


- Ünsiyyət var. Türkiyədən gəlmiş Azərbaycan kökənlilər, Cənubi Azərbaycanlılar var. Təşkilat kimi Avropada ilk yaranan Azərbaycan-Türk Kültür Dərnəyidir. Təxminən bizim cəmiyyətlə bir vaxtda yaranmışdı. İnternetin, mobil telefonun geniş yayılmadığı zamanlar belə gözəl əlaqələrimiz vardı. Bu təşkilat oturuşmuş və qocamandır, çünki özünün qərargahı var, istirahət yeri, konfrans zalı var. Bunu ona görə deyirəm ki, qalan təşkilatlar kağız üzərindədir. Yurdu-yuvası yoxdur. Yəni Azərbaycanla bağlı elə bir ciddi təşkilat yoxdur Hollandiyada.

- Bəs siz özünüz «Azərbaycanın dostları» Cəmiyyəti olaraq nə iş görürsünüz?

- Son vaxtlar bu təşkilatı dirçəltməyə çalışırıq. Ətrafımıza savadlı, dəyərli gəncləri yığmağa başlamışıq. Məsələn, Almaniyada yaşayan soydaşımız var - Nurlana Müller, alman məktəbində almanlara Alman dili və ədəbiyyatından dərs deyir. 20 ildir orda yaşayır. Çox təəssüf ki, Diaspor Komitəsi belələrini yaxın buraxmaq istəmir. Son vaxtlar həqiqi fəaliyyətdənsə, bölgəçiliyə daha çox üstünlük verir. Mən istərdim ki, Azərbaycanda olan bəzi eybəcərliklər qürbətə gəlməyəydi. Amma yavaş-yavaş o da gəlir...

İsveç-Stokholmda yaşayanlar çox fəaldırlar. Əksəriyyəti intellektual adamlardır. Hollandiyada da, dəyərli azərbaycanlılar var. Diaspor təşkilatına rəhbərlik edən professor Əli Həsənov, Gülşən Kazımova çox fəaldırlar. Səfirlik açılandan çalışırlar iş görsünlər. Səfir insanlar arasında birlik yaratmağa çalışdı, amma bacarmadı. Hələ diasporla işləyə bilmir. Bir dəfə bir Konqres yaratmışdıq. Məni də icraçı direktor təyin etmişdilər. Çox böyük arzu ilə işə başladım. Təcrübəm də vardı. Dedim , gəlin iqtidar-müxalifət söhbəti salmayaq, küsülüləri barışdıraq. Əvvəl razılaşdılar. Elə ki, bir məclisə Əli Həsənovu çağırmaq istədim, olmaz, o Surət Hüseynovla işləyib dedilər... Üstündən neçə il keçib, o da bir şəxsiyyətdir-söylədim. «Olmaz, biz onun müxalifət olduğunu dərinləşdirək ki, Bakı bizi saysın» cavabını aldım... İki il işləyib istefa verdim. Məlum oldu ki, bunu ona görə yaradıblar ki, adı çıxsın. Bu cür Konqreslərlə Avropadakı neçə soydaşımızı «Konqresmen» ediblər! Diasporumuzu döndəriblər şouya. Bir formal Cəmiyyət yaradırlar, istədiklərini sədr seçirlər, Azərbaycandan müğənni gətirib, əli bayraqlı oxudurlar, şou yaradırlar.

Hollandiyada məktəb açdılar. H. Əliyev Fondu da 30 uşağa kompüter verdi, kitab-dəftər göndərdi. Sən demə, bu da şouymuş. Televiziyaya çəkəndən sonra «məktəb» bağlandı. İndi fəal gənclər Rotterdamda həftə sonu məktəbi açıblar. Amsterdamdakı isə hələ də bağlıdır. Ona görə də, deyirəm ki, bizim diasporumuz bu gün şouyla məşğuldur. İnanın, bütün səmimiyyətimlə deyirəm...

- Hollandiyada istər ictimaiyyət, istər media azərbaycanəsilli vətəndaşlara necə münasibət bəsləyir? Orda Bakını, Azərbaycanı tanıyırlarmı?

- Almaniyada Xristian Demokrat Partiyasının üzvü olan azərbaycanlı kimdir?

- Bəs Hollandiyada Sosial-Demokrat Partiyasının özək sədri olan azərbaycanlı?

- Elman Mustafazadə və digər soydaşlarımız Vətəndən necə xəbər tuturlar? Hansı radionu, hansı TV-ni bəyənirlər?

- Hollandiyada jurnalistlər niyə gecələr taksi sürürlər?

- 19 ildən sonra Vətənə dönən qonağımız burdakı jurnalist dostlarını necə gördü? Nələr ürək ağrıtdı?

Və nəhayət, Elman bəy gündən-günə dəyişən Bakını bəyəndimi?

Multimedia bölməsində «Səs»i tıklasanız, bu sualların cavabını qonağımızın öz dilindən eşidəcəksiniz.

Buna da bax:

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG