Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:05
(Ultra-hekayə)

"Dünya yaxşılıqdan asılıb qalıb, yoxsa çoxdan..."
"13-lər Kitabı"mdan


- Peysər olma, mən sənə pislik eləmədim ki, gecənin bu çağında maşınıma...
Boğazıma saplanan iti bıçağın ağrısından ağlım başımdan çıxdı: o dəhşətli gecenin sonrakı gedişatı mənim üçün qaranlıq qaldı...

..."Başqalarına yaxşılıq et, əvvəl-axır qabağına çıxacaq!!!" - elə uşaqlıqdan bizimkilər başımı belə-belə sarsaq fikirlərlə xarab edirdilər. Düzünü boynuma alsam, məndən istənilməyəndə, ehtiyac görməyəndə sivişib aradan çıxmaq imkanından bəhrələnəndə, xeyirxahlıq-zad yadıma düşmür.

Məndən yardım tələb ediləndə, elarası dini məclislərinin birində gözümə azca da olsa, savgadlı görsənən mollanın söylədiyi bir hədisi beynimin hansısa künc-bucağından dartıb əsas şüuruma - Freydə lənət, min lənət!!! - sürtürəm: hətta Məhəmməd peyğəmbər də (xüsusi olaraq dindarlardan ötrü: s.ə.s.) bildirib ki, yaxşılığın özü də qədərincə olmalıdır...

Bu mənada bircə məsələdə özümülə heç cür bacara bilmirəm. Köhnə maşınımla harasa şütüyəndə, yolda adam görsəm, mütləq saxlayıb mindirməliyəm. Bu, artıq məndə bir xəstəhal vərdiş halını alıb.

Xəstəxanada Freydin silahdaşı Karl Yunqun xatirələrini oxuyandan sonra, əslində indicə yazıb oxucularıma aydınlaşdırdığım məsələni özüm üçün izahlamışdım...

Sərnişinlərə olan yaxşılıqmaniyam uşaqlıqdakı bir epizodla bağlıydı: o zamanlar, mən hələ yeniyetməlik çağlarıma çatmamışdan əvvəl, çox dəcəl tip sayıldığıma və hamının canını boğaza yığdığıma görə evdəkilər, xüsusən də atam mitilimi çölə atmaqdan ötrü sənədlərimi rayon mərkəzindəki qapalıtipli rusdili təmayüllü məktəbə vermişdi.

Mən də güya həftənin beş günü gecələr məktəbin yataqxanasında yatmaqla doğma ocağımızda az-az görünməliyəm ki, səkkiz uşaqdan ibarət böyük ailəmizin harmoniyasını pozmayım. Lənət şeytana, ata, mən sənə yalvarmışdımmı, özünün intim tələbatını ödəmək və köhnə sovet hökümətindən çoxuşaqlılığa görə ailənə müəyyən imtiyazılar əldə edəsən?

Sonuncu səbəb daha ağlabatandır: yoxsa, məni də anamın saldırdığı beş-altı aylıq odünyadakı yarımçıq bacı-qardaşlarımın aqibəti gözləyərdi - abort mənasında deyirəm...

Çox uzağa getməyin faydası yoxdur: mənə də dəcəl Yamaqlı Molla deyərlər - özlərini şəhər uşaqları sayan, əsasən rayon mərkəzində yaşayan sinif yoldaşlarımın mənə qoyduqları ləqəb belə adlanırdı.

Kənd məktəbində sıravi müəllim işləyən atam böyük qardaşımın köhnə şalvarına kobud yamaq qoyaraq mənə geyindirdiyinə və uşaqlıqda molla yanına gedib Quran dərslərini oxuduğuma görə, ləqəbimin mənası bir qədər də fəlsəfi idi.

Yeri gəlmişkən, sizdə sual qalxmasın deyə, aydınlaşdırım ki, yamağı nə üçün anam yox, məhz atam tikmişdi. Anam dəfə kimi işlək qadındır: fəqət iki işdən zəhləsi gedir - paltar ütüləmək (bir qədər hövsələsiz idi) və geyimlərə yamaq vurmaq.

Anamın ata tərəfi mənim ata qohumlarıma nisbətən varlı olduqlarına görəmi idi, ya da uşaqlarını yamaqlı paltarda - yazıq halda görmək istəmirdi, allah bilir. Hər halda, nə qədər ki, valideynlərim dünyalarını dəyişməyib, növbəti dəfə kəndə gedib onları yoluxduranda mütləq anamdan bunun səbəbini soruşacağam: bu sətirlər yaddaşımdan qəlbiə, oradan da kompyuterimin sərt diskinə süzüləndə, mənim özüm üçün də maraqlı gəldi...

Uşaqlığım beləcə basqılar altında əzilirdi və əldənqayırma şairlər yazmışkən, mən yeniyetməlik və gənclik dövrümü keçmədən adlayırdım qocalığıma ki, onu da bu mərdimazar qoymadı...

***

- Yaxşı, müəllim, deyin görüm gecənin o çağında siz Dərnəgül yolunda nə gəzirdiz?
- Cənab müstəntiq, sizin sualınızın arxasındakı məntiqi anlaya bilmirəm?

- Olsun, nə üçün o yaramazı avtomobilinizə götürdünüz?
- Təsəvvür edin ki, gecə saat üç ilə dörd arası qaranlıq küçədə, yağış altında kimisə görürsüz və sizdən mərhəmət diləyib onu harasa yaxınlığa aparmağı xahiş etsə, şəxsən siz necə davranardız?

- Müəllim, sizin kimi ağlamalı aqibətlə üzləşməmək üçün yolumu davam edərdim...
- Onda sizin ürəyiniz daşdır...

- Yaxşı, biz bura xasiyyətimizi müzakirə etməyə gəlməmişik, siz bizə yardımçı olmalısız. Müəllim, heç bilirsiz ki, o şəxs iki nəfərlə əlbir olub Binəqədi rayonunda bank yarıblar.

Özü də bank binasının nəzarətedici videokameralarındakı görüntülərdən belə aydın olur ki, oranı yararaq külli-miqdarda pul aparanlar sizin maşınızdan nəqliyyat vasitəsi kimi istifadə ediblər...

- Məni bıçaqlayıblar, maşınımı qaçırıblar, bütün bu bədbəxtçiliklərə baxmayaraq, sizin ittihamlarınızdan belə çıxır ki, həm də bankın yarılmasında günahkaram?!

- Mən elə demədi. Siz başa düşməlisiz ki, ətraflı ifadələrinizlə böyük bir soyğunçuluq hadisəsinin üstünü açmaqda dövlət orqanlarına yardımınız dəyə bilər...
- Nə etməliyəm ki?

- Gəlin təzədən başlayaq... Beləliklə, necə oldu ki, o oğlanı maşınıza götürdüz...

- Cənab müstəntiq, bu sualın uzun bir cavabı var. Əgər vaxtınız varsa, səbirlisinizsə, onda gərək mənim uşaqlıq xatirələrimi dinləyəsiz...

***

Qapalı sistemli məktəbimizdə sanki yarımhərbi təlim-tərbiyə metodlarından istifadə olunurdu, bu isə oxuduğum kitablar tərəfindən xarab olmuş başımdan ürəyimə doğru uzanan fərdi azadlıq duyğularımı susdura bilmirdi.

Mən elə ilk gendən müxtəlif vasitələrlə başqa uşaqlar kimi məruz qaldığım bu təziqlərə qarşı müqavimət planları düşünürdüm. Yeni məktəbin direktoru əsl köhnə kommunistlər kimi bilikli, sözəbaxan şagirdlərdən xoşu gəlirdi və onların bütün tələblərini yerinə yetirməyə çalışırdı.

Mən ikinci aydan etibarən direktorun və tərbiyəçi müəllimin, sinif rəhbərimin rəğbətini qazanmaqdan ötrü bütün qiymətlərimi beşə qaldırdım. Direktor tərəfində tədris olunan, ağır dərslərdən sayılan ictimaiyyət fənnindən isə hər dəfə cavab verirdi.

İndi dünyasını dəyişmiş mərhum direktorumuz Məmmədağa müəllimin qılığına girəndən sonra isə gecələr məktəb yataqxanasında deyil, evdə gecələmək üçün yazılı ərizəmə icazə imzasını atdırmaq məndən ötrü su içmək kimi asan olurdu.

Adətən belə olurdu: əsas dərslər bitəndən sonra əlavə məşğələlərdə ev tapşırıqlarımı hamıdan əvvəl hazırlayırdım - kitabdakı mövzunu bircə dəfə oxumaq mənə bəs edirdi ki, bilgi yaddaşımda daşlaşsın.

Tərbiyyəçı müəllimə yoxlayıcı hesabatı verəndən sonra bayıra icazə alıb üz tuturdum ikinci mərtəbədəki direktor kabineti istiqamətinə. Əgər Məmmədağa müəllimin yanında adamolmurdusa, xoşxasiyyətli katibəsi mənə maneçilik törətmirdi.

Əvvəlcə mədəni surətdə qapını taqqıldadır, icazə istəyib yavaş-yavaş böyük mizin yanındakı kətillərin birini çəkib otururdum. Direktorumuz isə hərsəfərki kimi, nə isə oxuyurdu: bu, ya qəzetlər olurdu, ya jurnallar, ya da işgüzar kağız-kuğuzlar. On dəqiqədən sonra başını qaldırıb gözlüyünün üstüylə mülayim baxışlarını mənə zilləyib sanki soruşurdu: xeyir ola?

Mən də ilk əvvəl yaşıma uyğun olmayan siyasi mövzulardan söhbət açıb direktorun qılığına girmək istəyirdim, xüsusən də onun halının pərişan olduğu vaxtlarda:

"- Məmmədağa müəllim, bu yenidənqurmanın aqibəti necə olacaq?" - yəqin ki, bir qədər yaşlı adamlar söhbətin nədən getdiyini anladılar. Bizim uşaqlığımız SSRİ-dəki Mixail Qorbaçovun məlum "yenidənqurma" siyasətinin yaratmış olduğu qarmaqarışıqlıq çağları ilə üst-üstə düşmüşdü deyə, bütün söhbətlərin mərkəzində məhz bu mövzu dururdu.

Yazıq direktor, elə həvəslə, elə şövqlə fikirlərini mənimlə bölüşürdü ki, sanki Mişadan sonra SSRİ-nin rəhbərliyinə keçən özüm olacaqdım...
Məmmədağa müəllim danışa-danışa əl-qol atır, hərdən ayağa qalxıb otaqda var-gəl edir, kabinetin iri pəncərəsindən çölə nəzər salırdı. Mən də fürsətdən yararlanıb qaşınır, əsnəyir, burnumu eşələyirdim.

Hərdən ağlıma gələndə ki, Məmmədağa müəllim danışa-danışa məni kabinetində bir qədər də saxlasa, kəndə gedən sonuncu marşurut avtobusuna çata bilmərəm - saat 17 30-da axırıncı reysini icra edir - onda astaca dillənirdim:

"- Məmmədağa müəllim, etiraz etməsəniz mən gedərdim..." - üzü üzlər görmüş yaşlı ağsaqqal sanki düşdüyü fikir batallığından çıxır tez dillənərdi:
"- Nədi, yenə icazə istəyirsən?" - və mənim gözlərimi qıyıb bic-bic gülümsəməyimə fikir vermədən əyri-üyrü xətlə yazdığım iznnaməyə qol çəkir, sonra da lap böyüklər kimi əlimi sıxıb sağollaşırdı.

Direktorun iş otağının ikinci qapısını bağlayan kimi dabanıma tüpürürdüm, katibənin otağında bayaqdan qəbula düşənlərin "bu qara oğlan hər dəfə direktorun yanına girəndə çıxa bimir ki..." - kimi qeybətlərini isə heç eynimə almırdım. Onu da söyləyim ki, ikinci mərtəbədən aşağı şığıyanda az-az təsadüf edirdi ki, ya müəllimlərdə, ya şagirdlərdən, ya da çaşıb yolunu məktəbdən salan valideynlərdən, qonaqlardan kimisə boynuzlamayım...

Sonra tərbiyəçi müəllimə icazə kağızını uzadır, dəftər və kitablarımı yığışdırır, yerinə qoyur, cib əşyalarımı götürüm qaçırdım rayon mərkəzində yerləşən Böyük bazarın qarşısındakı kənd avtobus dayanacağına tərəf.

Bəzən elə olurdu ki, gecikirdim, bizim kəndə gedən, onun yanından ötən avtobuslar çıxıb getmiş olurdu. Əgər qaranlıq düşürdüsə, suyum süzülə-süzülə qayıdırdım məktəbə və könülsüz gecəni yataqxanada keçiridim. Belə vəziyyətə gündüzlər uzana zamanlarda düşəndə isə beş kilometr uzaqda yerləşən kəndimizə piyada yol edirdim.

Əslində Yunqun izahına görə, mənim maşın xeyirxahlığımın səbəbi də məhz bundan sonra nəql edəcəyim hadisədən qaynaqlanır və əgər bura qədər uzunçuluq edib hövsələnizi daraltdımsa, üzrxahlığımı qəbul etməyinizə israrlıyam...

Həmin axşam sanki şeytan məni qıdıqladı və qərara aldım ki, həmişəki marşurutumla deyil, bir qədər dolayısı, dəniz tərəfdən kənddə yol ölçüm. Düzdür, bu məsələdə rayon mərkəzində bir həftəyə yaxın keçirilən böyük mitinqin aurasına düşüb vaxt itirməyim də rolu vardı.

Kütlənin içinə düşəndə istər-istəməz bütöv enerjinin iradəsindən asılı olursan. Mənim bəxtimdən həmingünkü mitinq vaxtından tez bitdi, deyilənlərə görə televiziyadan yeni hind filimi nümayiş olunacaq xəbərini almış kütlə bayaqdan mənim dilimi bayıra çıxararaq dinləməyə vadar edən şüar və pafoslu çıxışlara tez-bazar yekun vurdu.

"Ölərik, Qarabağı vermərik!", "Ermənilərə ölüm!", "Azadlıq, azadlıq!!!" - o şüarların bəziləri indi də qulağımda əks-səda verir...

...Bala-bala, özümlə danışa-danışa yolumda idim: nə qədər ki, küçə dirəklərindəki fanarların işığı mənimlə yolyoldaşı idi, işlərim saz kimi gedirdi. Elə ki, şəhər mərkəzindən bir qədər uzaqlaşdım və qaranlıq məni ağuşuna aldı, balaca ürəyimdə qorxu toxumları cücərməyə başladı - onlar isə, məlum məsələdir, zülmətdən qidalanırlıar.

Bu yolla o zaman çox az adam gedirdi, indiki kimi avtomobillərin sayı isə lap məhdud idi. Tərslik, eləcə də inadkarlıq imkan vermirdi ki, geri dönüm, eyni zamanda ağacların, kol-kosun budaqlarını, yarpaqlarını darayan dəli dəniz küləyinin zümzüməsi də mənim qulağıma cin-şeytan gülüşü formasında toxunurdu. Allaha yalvarırdım ki, bir maşın gələ, məni evə kimi apara...

Təbiətən fiziki əməyə qarşı həvəsli olmadığıma görə yolun yarısından ayaqlarımı ardımca sürükləməyə başladım. Qorxu hisslərim isə uşaq qəlbimi get-gedə iti bıçaq kimi deşirdi.

Hərdən-bir isə çox baxdığım fransız kinokomediyalarının məşhur qəhrəmanı Pyer Rişarın jestlərisayağı əl hərəkətlərimlə yolda tək-tük şığıyan maşın sürücülərinə az qala yalvarırdım. Elə bu zaman köhnə Juqulilərdən biri azca gedib saxladı.
Tələsik ona tərəf yürüdüm:

"- Ay uşağ, sən kimsən, axşamın qaranlığında hara gedirsən belə..."


"- Evə..." - dizimdə də, dilimdə də, ürəyimdə də taqət qalmamışdı deyə, qısaca cavabladım xeyirxah sürücünün sorğularını...
Kişi başqa yerə gedirdi deyə, kəndimizin qıraöında saxladı, mən o mərhəmətli insana onda da, indinin özündə də dərin minnətdarlığımı bildirib sağollaşdım.

Özüməsə söz verdim ki, haçansa maşınım olsa, yolda əl edənə də saxlayacağam, yardım istəməyənə də əyləcləyəcəyəm...
Beləcə, dostlar, mənim yolda oyanan xeyirxahlıq duyğularımın sirri açıldı və indi budur başımqaldadır...
- Həkim, boğazımdakı çapıq izi həmişəlik qalacaq? - yaxşılığın abidəsi kimi...

Bakı, 30.08.08

P.S. Hekayə mətni bədii redaktəsiz və korrekturasız verilir: sadəcə, vaxtım daraldı, sonraya qalsın...

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG