Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 10:00

Ötən həftə bloqlarda nə diqqəti çəkib...


Bloqerrlərin məhkəməsi
Bloqerrlərin məhkəməsi
Ötən həftə bloqosferdə yazılar xüsusi sərtliyi ilə seçilir. Sərt ona görə ki, bloqqerlər öz həmkarları – Adnan Hacızadə və Emin Millinin həbsinə biganə deyil və hər dəfə dönə-dönə bu mövzuya qayıdırlar. Dolayı yolla öz oxucularının və bloqların icmalını edənin – mənim diqqətimi çəkməmiş deyillər.

BU İNSANLARI HAKİMİYYƏT ƏZİYYƏT ÇƏKİB YETİŞDİRİB

Bu dəfə Vəfa Cəfərovanın bloqundan başlayaq. Bloqqerlərin məhkəməsindən qəzəblənən yazar «Milli sərvətimizə bizi dünyaya tanıdan yeni işverənlər tayfasdı yetişib» deyərək kinayəli təklifini verməyi də unutmayıb :

«Azərbaycan vətəndaşı olmaq nə deməkdir? Şərəfsizlik, günahsız insanları şərləyib hökumətin bütün dəliklərlərinə girmək yəqin bunlar üçün vətəndaşlıq borcudur. Bu insanları hakimiyyət əziyyət çəkib yetişdirib. Burada missiyalarını yerinə yetirən və ikinci istifadə üçün yararsız hala düşmüş, amma böyük potensiala malik Sevgiladalar, Strekalinlər, Vüsal Məmmədovlar var. Hökumət bu boyda investisiya və vaxt sərf edib bunlara. Heyifdir, göz görə-görə bu boyda potensial itir! Gəlin onları eksport edək! nə qədər dünyada bizim kimi rejimlər və bu rejimlərə qarşı vuruşan insanlar var ! Göndərək bunları Belarusiyaya, Nigeriyaya, canım sənə desin Urusyetə! »

ATALAR SÖZLƏRİ VƏ BİZ

Əli adlı bloqqerin son postunun adıdır bu. Yazısında köhnə, dədə-baba qaydalarına etiraz, üsyan etməklə, «palaza bürün el ilə sürün» deyənlərə qarşı çıxır. Nə qədər haqlıdır özünüz qərar verin :

“Mənim atalar sözlərinə skeptik münasibətim var. Xoşlamıram onları. Soruşacaqsız niyə ?
Baxın. Bir Atalar sözündə deyir: “Yol böyüyündür” o birisində isə deyir “Su kiçiyin”.
İndi əgər böyük və kiçik su üstündə növbəyə dursalar. Kim keçəcək birinci ?

İkinci absurd. Deyir: “Böyüyüyn sözünə baxmayan böyürə-böyürə qalar” və yaxud böyük-kiçik anlayışı.
Amma başqa bir deyimdə deyir: “Ağıl yaşda deyil, başdadır” indi gəl burda absurdu görmə.
Məncə mübahisə etməyə dəyməz. Bir iki nəfərə deyəndə bu absurdları, mənə deyirlər ki bəs o situasiya və vəziyyətdən asılıdır. Çox maraqlıdır qanunları və “norma” kimi qəbul edilən anlayışları vəziyyətə görə dəyişdirmək. Sivil cəmiyyətlərdə vəziyyət qanuna tabe olmalıdır, qanun vəziyyətə yox ».

DÜNYANI «İNSAN» XİLAS EDƏCƏK, «İNSAN SÜRÜSÜ» DÜNYANI XİLAS EDƏ BİLMƏZ

Doktor Ravik öz ampluasındadır, bu dəfə kitablardan yazsa da, məqsədi ideyanı çatdırmaqdır. Bloqçunun « Nifrət cildində sevgi » yazısından kiçicik parça verib növbəti yazıya keçmək istəyirəm, maraqlı gəlsə özünüz davamını oxuyarsınız.

« Mənim üçün Heydər Əliyev milyonlarla azərbaycanlıdan biridir. O ola da bilərdi, olmaya da. Amma onun yeri boş qalmayacaqdı...

Erik Xoffer yazırdı ki, əgər Lenin, Mussolini, Hitler 15-20 il gec və ya tez doğulsaydılar, onda onlar adi avantürist olmaqdan irəli getməyəcəkdilər. Xoffer haqlıdır. Tarixi xalq kütlələri yaradır. Şəxsiyyət isə həmişə var, sosiologiyadakı məşhur qanunda olduğu kimi, əhalinin hər 10.000 nəfərinə düşən istedadların sayı dəyişmir. Əlverişli şərait yarananda Heydər Əliyevlər tapmaq çətin deyil.

Heydər Əliyev və digər Əliyevlər ona görə var ki, onlar xalqa doğmadırlar. Ola bilsin ki, xalq bu doğmalığı sözlərlə izah edə bilmir, gündəlik həyatında hakimiyyətə küt, daimi və passiv şəkildə nifrət edir, amma şüur altında xalqla Əliyevlərin əsrləri tarixi olan şah-rəiyyət doğmalığı var. Xalqın hakimiyyətə nifrəti onu dəyişmək üçün olan nifrət deyil, bu nifrət hər axsam içib evdə dava salan ərinin əlindən bezən, amma bütün ömrünü ona bağlayana, onu sevən, həyatını onusz təsəvvür etməyən evdar qadının nifrətidir”.

HƏQİQƏTDİR YA TƏXRİBAT?

Madur adlı bloqqer Azərbaycanda tikinti “psixologiyasına” dəyişiklik edildiyini, hökumətin “kütləvi” tikinti praktikasından imtina etməyə qərar verdiyindən yazır. Ancaq bloqqerin özü də yazdığına inana bilmir. Ona görə görənləri-bilənləri-eşidənləri bu qəribəliyi çözməyə ona yardım etməyə çağırır.

“Bakı və digər şəhərlərdə “nöqtəvi şəkildə” tikinti tamamilə qadağan olunub. Bu qaydaya görə əvvəllər tikən şəxs köhnə, qədimdən qalma tikilini alır və həmin ərazidə 1-2 yeni göydələn ucaldırdı. İndi bunun yerini sektor üsulu tikinti alıb. Bina tikən böyük ərazini əldə etməli ( kvartal kimi), tikinti layihəsini təqdim etməlidir. Artıq razılıq aldıqdan sonra binasını ucalda bilər. Bu addım şəhərin arxitektura görünüşünü pozmamaq üçün atılır. Belə ki, şəhər “nöqtəli şəkildə tikinti”lərdən xeyli zərər çəkib.

«ƏR VƏ ARVAD»I HARADAN TAPMALI?

Fatih İrəvanlının bu dəfə oxuculara sualı var. Yox, tapana hədiyyə, mükafat verməyəcək. Ən azı bu barədə qeyd görmədim. Amma Fatih, bilmək istəyir ki, Üzeyir Hacıbəyovun ilk operettasına harada baxmaq olar ? Cavabını bilən varsa, şərhini yazmağı da unutmasın.

«Yeri gəlmişkən, Üzeyir Hacıbəyovun ilk operettası «Ər və arvad»dır. Amma “Arşın mal alan” və “O olmasın bu olsun” ekranlaşdırıldığından daha çox məşhurlaşıb.
Maraqlıdır – “Ər və arvad”ı harada isə səhnələşdirirlər?

Lüğət:

Bloq – internetdə gündəlik. Adamlar yaşadıqlarını, düşündüklərini internet vasitəsilə digərləri ilə bölüşürlər.

Bloqosfera - bloqların açıldığı virtual məkan (Bloq sizin mənzilinizdirsə, bloqosfera da virtual məhəllələrdir).

Post – Bloqda təqdim olunan hər yeni yazı, ismarış, yaxud şəkil.

Yuzer – İnternet istifadəçiləri.

Maraqlı bloqlar haqqında bizə yazın. Bizim təqdim etdiyimiz bloqları isə burada şərh edə bilərsiniz.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG