Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 08:19

Nəqliyyat Nazirliyinin işçiləri şahidi döyüblər


Avqustun 4-də Dəvəçi rayon ərazisində yük maşınının sürücüsü Mehman Əmirquliyevlə Nəqliyyat Nazirliyinin (NN) Yolların Mühafizəsi Xidmətinin əməkdaşları arasında baş verən insidentlə bağlı qaldırılan cinayət işinin istintaqı başa çatıb.

Bu sözləri prosesə sürücünün vəkili kimi qoşulan Aslan İsmayılov deyir.

Vəkil deyir ki, faktla bağlı videogörüntülər olsa da istintaq yalançı şahidlərlə Mehmanın etmədiyi cinayəti sübut etməyə çalışır.

Sürücünün hüquqlarının müdafiəsi ilə məşğul olan Vidadi İsgəndərov da deyir ki,
Vidadi İsgəndərov
faktla bağlı ölkə prokuroruna müraciət edib. Səbəb Dəvəçi rayon Prokurorluğunda işin birtərəfli aparılmasıdır:

- Faktla bağlı Cinayət Məcəlləsinin hakimiyyət nümayəndəsinə 315.2-ci maddəsi – hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə - ilə cinayət işi qaldırılıb. Məsələ ictimailəşəndən sonra işi həmin maddənin 1-ci- yüngülləşdirici bəndi ilə aparmağa başlayıblar. Sürücünün yaxınları Nəqliyyat Nazirliyinin barışıq təklifini rədd edəndən sonra isə yenidən cinayəti 315.2-ci maddəyə keçiriblər. Bu, böyük biabırçılıqdır və işin qərəzli aparılmasının sübutudur. Nəqliyyat Nazirliyinin əməkdaşları ilə bağlı Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərini aşma maddəsi ilə qaldırılan cinayət işi isə görüntüdən başqa heç nə deyil.

Vəkil bildirir ki, işin Dəvəçi rayon Məhkəməsində aparılmasına da etiraz edirlər. Çünki Dəvəçi rayon Prokurorluğunun qanunsuz əməllərinin Dəvəçi Məhkəməsində üzə çıxarılacağına inanmırlar.

NƏQLİYYAT NAZİRLİYİNİN İŞÇİLƏRİ AŞPAZI DÖYÜB

Faktla bağlı qanunsuzluqları sadalayan V.İsgəndərov deyir ki, prokurorluq əməkdaşları şahid kimi ifadə verən Sevda Əkbərovanın ifadələrini maraqlı tərəf olan Nəqliyyat Nazirliyi əməkdaşlarına çatdırmaqla qanunu pozub və buna görə məsuliyyət daşımalıdırlar. Olay baş verən ərazidəki kafedə aşpaz işləyən
Sevda Əkbərova
Sevda Əkbərova şahidlərdən biridir və M.Əmirquliyevin NN işçilərini deyil, nazirlik əməkdaşlarının sürücünü döydüyünü bildirir. Bu ifadəsinə görə, NN əməkdaşları onu iş yerində döyüb:

- Sentyabrın 9-da səhər tezdən işlədiyim kafeyə gəlib məni döydülər. Mənə deyirdilər ki, Mehman sənin nəyindir ki, ona şahidlik edirsən. Mənim bütün bədənim qançırdır. Dəvəçi xəstəxanasına gedib bədənimdəki xəsarətlərlə bağlı həkim rəyi almışam. Faktla bağlı Dəvəçi rayon Prokurorluğuna şikayət etmişəm. Ancaq mənim şikayətimə baxan yoxdur. Prokurorluqda mənə deyirlər ki, get səni döyənləri tut gətir. Mənə dəfələrlə pul təklif ediblər. Ancaq mən imtina etmişəm. Mən bu şəxslərin qanunla cəzalandırılmasını tələb edirəm.

Olaydan sonra çalışdığı kafenin müdiri onu işdən çıxarıb. Səbəb kimi isə NN əməkdaşları ilə yeni insident yaşamaq istəmədiyini bildirib.

Aslan İsmayılov deyir ki, şahidə ifadəsinə görə təzyiq göstərən şəxslər üçün Cinayət Məcəlləsində ayrıca maddə var:

- Şahidə ifadə verdiyinə görə, təzyiq göstərmək ədalət mühakiməsinə qarşı olan cinayətlər silsiləsindəndir və heç bir halda cəzasız qalmamalıdır. Çünki bu, bir presedent yaradır.
Aslan İsmayılov
Bu, ölkədə hakimiyyət nümayəndələri həm reketliklə məşğul olur, həm insan döyür, həm də tutur. Bütün vasitələrlə bu məsələnin qarşısı alınmalıdır.

«ONLARIN HƏRƏKƏTLƏRİ HEÇ BİR QANUNA SIĞMIR»

Olay yerində olan digər yük maşınlarının sürücüləri də Sevda Əkbərovanın dediklərini təsdiq edirlər. Onların sözlərinə görə, NN əməkdaşlarının qanunsuz hərəkətləri sərhəd tanımır:

- Ən müxtəlif bəhanələrlə bizim maşınların nömrələrini açırlar. Heç bilmirik ki, nömrələrimizi hara aparırlar. Daha sonra NN-in digər əməkdaşları gəlib bildirir ki, 150 manat verin nömrələri verək. Onların hərəkətləri heç bir qanuna sığmır. Əlacsız qalıb nömrələrimizi maşına qaynaq etdirmişik ki, hər addımbaşı nazirlik əməkdaşları onları açmasın. Bu hadisə də bizim gözümüzün qarşısında olub. Mehman onların nə maşınını, nə də onlardan kimisə vurub.

Vidadi İsgəndərov onu da bildirir ki, Mehmanın yaşadığı Xaçmaz rayonundan Milli Məclisin üzvü Lalə Abbasova tərəflər arasında vasitəçilik etməyə çalışır. O, Mehmanın yaxınlarına bildirib ki, NN məktub yazaraq tərəfləri barışığa çağırır. Deputat bu fikirləri media orqanlarında da səsləndirib.

V.İsgəndərov isə bunu anlaşılmaz məsələ saydığını deyir. Onun sözlərinə görə, Cinayət Məcəlləsində barışığı mümkün olan və olmayan cinayətlər siyahısı göstərilib. Sözügedən cinayət barışığı mümkün olan məsələlər sırasında deyil. Bu səbəbdən onlar faktla bağlı ədalətli mühakimə tələb edir.

Nəqliyyat Nazirliyində katibliyin rəhbəri Namiq Həsənovun mobil telefonuna gün ərzində zəng çatmadı deyə məsələyə münasibətini öyrənə bilmədik.
XS
SM
MD
LG