Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:15

ABŞ Şərqi Avropada raketdən müdafiə sistemləri qurmaqdan vaz keçir


Rusiya lap əvvəldən kəskin şəkildə Vaşinqtonun bu planlarının əleyhinə çıxırdı
Rusiya lap əvvəldən kəskin şəkildə Vaşinqtonun bu planlarının əleyhinə çıxırdı
ABŞ Şərqi Avropada raketdən müdafiə sistemləri qurmaq planlarını təxirə salır. Bu barədə sentyabrın 17-də «The Wall Street Journal» qəzeti yazıb. Qəzetin məlumatını bu gün keçirdiyi mətbuat konfransında Çex Respublikasının fəaliyyətdə olan baş naziri Yan Fişer də təsdiqləyib.

«GECƏ YARISINDAN KEÇMİŞ OBAMA MƏNƏ ZƏNG EDİB DEDİ Kİ …»

O, deyib ki, bu gecə ABŞ prezidenti Barak Obama ona zəng edərək Çexiyada raketdən müdafiə sistemləri qurmaq planının təxirə salındığını deyib:

«Bu gün gecə yarısından az keçmiş ABŞ prezidenti Barak Obama mənə zəng edib məlumat verdi ki, onun hökuməti Çex Respublikasının ərazisində raketdən müdafiə sistemi qurmaq planlarını təxirə salır».

Çex Respublikasında qurulması planlaşdırılan radar Şərqi Avropada raketdən müdafiə sisteminin təməlini təşkil edirdi. Onun təxirə salınması o deməkdir ki, sistemin tərkibi kimi Polşada planlaşdırılan 10 dayandırıcı raketlərin qurulması da təxirə salınır. Polşanın Xarici İşlər Nazirliyi də artıq bu barədə onlara məlumat verildiyini bildirib.

«Wall Street Journal» yazır ki, bu gün Vaşinqtondan bir nümayəndə heyəti Çexiyaya və Polşaya gedib hökumətin qərarını onlara izah edəcək.

İRANDAN GƏLƏN TƏHLÜKƏ AZALIB?


ABŞ-ın indiki və keçmiş rəsmiləri qəzetin müxbiri ilə söhbətlərində raketdən müdafiə sistemi planının təxirə salınmasını İrandan gələn təhlükənin azalması ilə izah ediblər. Qərbdə narahatdırlar ki, Tehran nüvə silahları və onları daşıya bilən raketlər yaratmağa çalışır.
Polşa və ABŞ ötən ilin avqustunda RƏM sistemlərinin Polşada yerləşdirilməsinə dair saziş imzalamışdılar
İndi ABŞ rəsmiləri hesab edirlər ki, İran əvvəllər gözlənildiyinin əksinə olaraq, tezliklə nüvə başlığı daşıyan uzaq mənzilli raketlər yarada bilməyəcək. Ona görə də İrandan gələ biləcək təhlükə də azalıb.

Obama administrasiyasında həm də belə fikirlər var ki, Alyaska və Kalifoniyanın mərkəzində artıq işləməkdə olan raketdən müdafiə sistemləri hələlik raket hücumlarının qarşısının alınmasında yetərlidir.

İsrarla bu sistemləri yaradacağını deyən keçmiş Corc Buş administrasiyasının məmurları bunu İrandan gələn təhlükənin qarşısının alınması zərurəti ilə izah edirdilər.

Varşavaya və Praqaya gedən ABŞ nümayəndələri yerli hökumət rəhbərlərini inandırmalıdırlar ki, İrandan təhlükə artarsa, indi təxirə salınan müdafiə planlar yenidən həyata keçiriləcək.

«SƏHV SİYASƏTDƏN GERİ ÇƏKİLMƏK»

Rusiya lap əvvəldən kəskin şəkildə Vaşinqtonun bu planlarının əleyhinə çıxırdı. Moskvada deyirdilər ki, ABŞ-ın raketdən müdafiə planları əslində uzaq İranın və ya Şimali Koreyanın deyil, onun əleyhinə nəzərdə tutulur.

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bir neçə gün əvvəl ABŞ-ın bu planını təxirə salması ehtimalları barədə suala cavabında deyirdi ki, bu addımı təslimçilik kimi deyil, sadəcə olaraq, səhv siyasətdən geri çəkilmək kimi qiymətləndirirlər.

Hələlik Nazirlik rəsmi şərh vermək üçün raketdən müdafiə planlarının təxirə salınması barədə ABŞ-dan rəsmi məlumat gözləyir.

Polşa və Çex Respublikası isə indi daha çox narahatdırlar. Onlar deyirlər ki, Kreml bunu ABŞ-ın Avropanı müdafiə sahəsində tərəddüd etməsi və Rusiyanın təzyiqindən qorxması kimi qiymətləndirəcək.

«Wall Street Journal» yazır ki, raketdən müdafiə sistemləri qurulmasına razılıq vermək bu iki ölkəyə o qədər də asan gəlməmişdi. Xüsusilə də Çex Respublikasında buna kəskin ölkədaxili etirazlar var idi. Qəzetin məlumatına görə, Praqada Vaşinqtondan xahiş edib ki, planın təxirə salınması barədə elanın verilməsini ləngitsin. Çünki bu, oktyabrda Çex Respublikasında keçiriləcək parlament seçkilərinə pis təsir edə bilər. Amma belə görünür, Praqanın xahişi artıq yerə salındı.

Sentyabrın 17-si axşam ABŞ-ın müdafiə naziri Robert Qeyts və general Ceyms Kartrayt mətbuat konfransı keçirərək ABŞ-ın Şərqi Avropada raketdən müdafiə sistemləri qurmaq planının təxirə salındığını rəsmən elan edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG