Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:19
«Bizim yol»: «Ankaranın bütün istəklərinə baxmayaraq Ermənistan uydurma soyqırım iddialarından əl çəkməyəcək» - qəzetə müsahibəsində bu fikri tarix elmləri doktoru, professor Musa Qasımlı bildirib.

««Soyuq müharibə» dövründə belə bir ifadə işlənirdi: Türkiyənin üç tərəfi dəniz, dörd tərəfi isə düşmənlərdir. Türkiyə ətrafındakı düşmənlərindən xilas olmaq istəyir. Türk hökuməti uzun illər boyu münasibətlərinin pis olduğu Bolqarıstan, Suriya, Yunanıstan və başqa ölkələrlə qarşılıqlı münasibətlərini normallaşdırdı. İndisə hökumət Ermənistanla münasibətlərini normallaşdırmaq üçün bir cəhd edir. Bu münasibətlərin indiyə qədər pis olmasının başlıca səbəbi Ermənistandandır. Çünki Ermənistan həmişə Türkiyəyə qarşı yalan püskürüb, bu ölkənin rəmzi rəsmlərində Ağrıdağın şəkli indi də qalır, həm də Türkiyəyə qarşı soyqırım və təzminat iddialarından əl çəkməyib.

Hesab edirəm ki, bu normallaşma prosesi bir sıra amillərlə bağlıdır. Əgər bir tərəfdən Türkiyənin öz istəyidirsə, başqa tərəfdən Avropa İttifaqının belə bir strategiyası var: regionda siyasi münaqişələri həll etməkdən ötrü ən yaxşı vasitələrdən biri kommunikasiyaların açılması, ticari münasibətlərin qurulmasıdır. Türkiyənin də Cənubi Qafqazda maraqları olduğundan düşmənçilik bu ölkəyə qətiyyən sərf etmir. Heç şübhəsiz Türkiyə regionun ənənəvi böyük ölkələrindən olduğundan Cənubi Qafqazda maraqlarının olması təbiidir. Hesab edirəm ki, bir neçə il əvvəl gizli başlayan, sonradan mətbuata sızan görüşlərin nəticəsində bu protokollar təsdiqlənəcək. Ona görə ki, Ermənistanın Rusiya-Gürcüstan müharibəsindən sonra başqa çıxış yolu qalmayıb. Bu baxımdan Ermənistan iqtisadi və başqa cəhətlərdən Türkiyəyə daha çox möhtacdır». Professor daha sonra bildirib ki, Türkiyə regionda böyük oyun oynayır.

«Yeni Müsavat»: «Hakimiyyət yalançı vətənpərvərlərə, xalq, millət, vətən dərdindən ürəyi cadar-cadar olan «zəhmətkeşlər»ə «Fatı, qalx!» komandası hələ verməyib. Ona görə də Türkiyə hökumətinin erməni açılımı ilə bağlı ortada Allahın bir açıqlaması da yoxdu». Zabil Müqabiloğlu «Bir dövlətin bir dövlətə dəstəyi» sərlövhəli köşə məqaləsində belə yazır.

«Bir neçə ay əvvəl Türkiyənin Ermənistanla sərhədləri açmağa hazırlaşması barədə ortada yalnız qeyri-rəsmi məlumatlar var idi. QHT-lər, KİV rəhbərləri, YAP-ın funksionerləri, hakimiyyətin kölgəsində gün keçirən partiyaların rəhbərləri, deputatlar, zəhmətkeşlər od püskürürdülər. Türkiyənin Azərbaycandakı səfirliyini bəyanat, müraciət atəşinə tutmuşdular. Hər yerdə toplantılar keçirilirdi, etiraz bəyanatları qəbul olunurdu, az qalırdılar Ərdoğanla Gülün müqəvvasını hazırlayıb od vursunlar…»

«Azadlıq»: «Bir millət olaraq düşdüyümüz bataqlıqdan qurtulmaq, qaranlıqdan işıqlığa üz tutmaq üçün yazılar yazır, yollar arayırıq. Bu, çıxılmazlıq içində olan hər hansı millət üçün olduqca normal bir görsənişdir. Belə bir normallıq içində gözləmədiyimiz anormallıqlarla qarşılaşırıq». Bu fikirlərin yer aldığı Xaliq Bahadırın köşəsi «Millətçilik - gerçəkçilik!» adlanır.

«Millət canlı orqanizmdir. Hər bir canlı orqanizmin dış etkilərə reaksiyası normal görsənişdir. Bu baxımdan millətçilik də millət adlanan canlı orqanizmin dış etkilərə reaksiyası, özünüqoruma instinktidir! Əliyevçi rejimin arxasında dayanan dış güclərə qoşularaq millətimizin özünüqoruma reaksiyasını - özünüqoruma instinktini onun əlindən almağa çalışanlar bilsinlər: özlərini düşmənlərin sırasına qatırlar. Yeri gəlmişkən: bizim çağırdığımız, aşıladığımız etnik millətçilik deyil, millətimizin çağdaş maraqlarından qaynaqlanan dövlət millətçiliyidir!»

«Yeni Azərbaycan»: «Heydər Əliyev Fondunun qlobal missiyası» sərlövhəli məqalə dərc edib.

Müəllif yazır: «Dünya ölkələrinin böyük maraqla qarşıladığı layihələrdən biri də Strasburq kafedral kilsəsinə - «Bizim ledi» müqəddəs ocağına Heydər Əliyev Fondu tərəfindən 40 min avro dəyərində ianənin bağışlanması idi. Bundan başqa, bir neçə il əvvəl Pakistanda orta məktəb inşa edən Fond öz xeyirxah əməli ilə diqqət mərkəzinə gəlmişdi.

Təkcə respublikamızda deyil, dünyanın hər yerində tanınan Heydər Əliyev Fondu tolerantlığın ən mükəmməl nümunəsi olan Azərbaycan modelini-qardaşlığın və sabitliyin, əmin-amanlığın və sülhün təminatçısı modelini təqdim etməkdədir. Təsadüfi deyil ki, Fond bir çox layihələrinə «Tolerantlığın ünvanı-Azərbaycan» devizi altında imza atır. Qeyd edək ki, Fond bu layihə çərçivəsində ölkəmizdəki xristian kilsələrinə də yardımlar göstərib».

Günün bütün mövzuları

XS
SM
MD
LG