Keçid linkləri

2024, 04 İyun, çərşənbə axşamı, Bakı vaxtı 18:17

Rəbiyə Kadir çinlilərin iynə hücumu iddiasından pul qazandıqlarını deyir


Rəbiyə Kadir
Rəbiyə Kadir
Dünya Uyğur Konqresinin prezidenti Rəbiyə Kadir bu günlərdə Praqada keçirilən Asiyada insan haqlarına həsr olunmuş beynəlxalq forumda müxbirlərimizin suallarına cavab verib. İyul ayında Sincan əyalətinin mərkəzi Urumçidə uyğurlarla xan çinlilər arasında toqquşma olanda Pekin onu düşmənçiliyi qızışdırmaqda ittiham etmişdi.

Kadir AzadlıqRadiosu qırğız xidmətinin direktoru Tıntçtıbek Tçoyev və Tatar-Başqırd xidmətinin əməkdaşı Metin Karismazla söhbətində Pekinin uyğur millətçilərini terrorçu adlandırması və uyğurların hədəfləri barədə suallara cavab verib:

HAQQINDA
  • 11 uşaq anası olan Rəbiyə Kadir 1976-cı ildə Çində bir camaşırxana açıb işlətməklə pul qazanmağa başlamışdı. 1990-cı illərin ortalarında isə o, artıq Çində böyük ticarət mərkəzinə sahib olan ölkənin beş ən varlı adamından biri idi. Sincan əyalətində uyğurların hüquqları uğrunda mübarizə aparması onu az qala hər şeydən məhrum edib. İlk dəfə 1997-ci ildə Sincanın Yining şəhərində nümayişçilərə divan tutulmasına görə Pekini tənqid edən Kadiri hakimiyyətin hədəfinə çevrildi. Bundan dərhal sonra parlamentdəki yerini itirdi, ölkədən çıxmasına qadağa qoyuldu. 1999-cu ildə ABŞ konqresmenləri ilə görüşüb uyğurların hüquqlarının pozulması barədə məlumat verməyə cəhd etdiyinə görə həbs olundu. 2000-ci ildə dövlət sirrini yaymaq ittihamı ilə azadlıqdan məhrum olundu. 2005-ci ildə səhhətinə görə azadlığa çıxandan sonra ABŞ-a sığındı. Rəbiyə Kadir 2006-cı ildə Amerika Uyğurları Assosiasiyasının və Dünya Uyğur Konqresinin prezidenti seçilib. Bundan dərhal sonra onun Çində yaşayan oğlunu vergi pozuntuları ittihamı ilə həbs ediblər.
- «Dünya terrorizmi» ifadəsi işlədiləndən bu yana Çin hakimiyyəti neqativ münasibət yaratmaq üçün bizə «terrorçu» deyir. Hökumət bizi bu adla işarələmək istəyir, çünki biz müsəlmanıq, türkük. Onlar deyirlər ki, Şərqi Türküstan İslam Təşkilatı (Şərqi Türküstan Azadlıq Cəbhəsi) terror törətməyə hazırlaşır. Onlar bu sözdən bizə qarşı repressiya aləti kimi istifadə edirlər. Şərqi Türküstan təşkilatının terrorçuluğuna gələndə, indi hətta Qərbdə burada terror təşkilatının olub-olmadığını öyrənirlər. Amerika və dünyanın başqa ölkələri bu məlumatları yoxlayır.

Milli uyğur geyimində çox dilli-dilavər görünən bu 62 yaşlı qadın həqiqətən də terrorçuya heç oxşamırdı. O, forumda çıxışında məqsədinin terrorçuluq deyil, başqa şeylər olduğunu deyirdi:

- Dünya Uyğur Konqresi uyğurların azadlığı, demokratiya, Şərqi Türküstanda yaşayan bütün türklərin insan haqları uğrunda mübarizə aparır. Biz qətiyyətlə, dünyanın harasında olursa, olsun, terrorun əleyhinəyik. Biz hər hansı zorakılığa qarşıyıq.

Çin hakimiyyəti Kadirin rəhbərlik etdiyi Dünya Uyğur Konqresi ilə əməkdaşlıq edən Şərqi Türküstan Azadlıq Cəbhəsini terrorçu təşkilat adlandırır. Hakimiyyət bu təşkilatın dünyaca tanınmış terrorçu «əl-Qaidə» təşkilatı ilə bağlılığı olduğunu iddia edir. Rəbiyə Kadir isə bu ittihamı rədd edir:

- Bizim terrorçu «əl-Qaidə» təşkilatı ilə necə əlaqələrimiz ola bilər?! Biz ABŞ-da yaşayırıq və Amerika bizə maliyyə və başqa formalarda dəstək verir. Biz indi burada beynəlxalq tədbirdə oturmuşuq, əgər terrorçularla əlaqələrimiz olsaydı, bizi belə bir foruma dəvət edərdilərmi?

Çin hakimiyyəti Urumçidəki iyul ayında toqquşmalar zamanı uyğurların xan çinlilərə iynə hücumları etdiyini bildirir. Rəbiyə Kadir deyir ki, onun təşkilatı heç vaxt bu cür hücumları həvəsləndirməyib və uyğurların bu cür iynə hücumlarında heç bir əlaqəsi yoxdur:

- Mənim eşitdiyimə görə, iynə ilə hücumda qurbanlar Çin hökumətindən 30 min dollar yardım alırlar. Ona görə də bəziləri yalandan belə bir hücuma məruz qaldığını deyir. İndi, hətta Çin hökuməti bu məsələni araşdırır. Amma bizim bu cür hücumlarla heç bir əlaqəmiz yoxdur.

Rəbiyə Kadir bildirir ki, uyğurların qonşu qardaşlarından dəstək aldıqlarına sevinir. Amma o, həmin qardaş xalqlara rəhbərlik edən siyasilərin münasibətindən gileyini gizlətməyib:

- Mən fikirləşmirəm ki, bu, düzgün qərardır. Amma yenə də onları qınamıram. Onlar siyasətə rəhbərlik edirlər, bunu da siyasətə görə edirlər. Amma onların xalqlarının – bizim qardaşlarımızın bizə münasibəti başqa cürdür. Bu günün işi bizim indi yaşadığımız yerlərlə bağlıdır. Qırğızıstan, Qazaxıstan, Özbəkistan və Türkmənistan sabahın işidir. Əgər bu gün Çin bizi sıxışdırırsa, bu, sabah da başına gələ bilər. Bizim qardaşlarımız bunu başa düşməlidirlər. Bütün türkdilli xalqlar bizi müdafiə etdilər. Tatar qardaşlarımız Krımda mitinq keçirdilər. Qazaxıstanda, Qırğızıstandakı qardaşlarımız mitinqlər keçirib bizi müdafiə etdilər. Ona görə də inanıram ki, mən tək deyiləm. Bizi müdafiə edən qardaşlarımız var. Uyğur türklərini tarixdən silib məhv etmək mümkün olmayacaq.
XS
SM
MD
LG