Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:38

«Yeni maliyyə böhranı yaşanacaqmı?»


İqtisad elmlər doktoru, professor Zahid Məmmədov

İqtisad elmlər doktoru, professor Zahid Məmmədov

«Azadlıq»: «Dünyanı lərzəyə gətirən maliyyə böhranının bir ili tamam oldu. Bu qlobal iqtisadi böhranla bağlı müxtəlif fikirlər səslənir. Bəziləri hesab edir ki, böhran iqtisadidən çox, siyasi hadisə olmaqla böyük güclərin rəqiblərini sıradan çıxarmaq məqsədi güdürdü. Bu və digər suallarla bağlı iqtisad elmlər doktoru, professor Zahid Məmmədovla söhbət etdik:

2007-ci ildə Amerikada ipoteka, kredit, bank, fond, valyuta sahəsində baş verən hadisələr sırasında maliyyə böhranı üzə çıxmağa başladı. Təbii ki, bunun qarşılığında böhranın bir ölkəyə aid olmadığı və yayınlaşdırıcı xəstəlik olduğu müəyyənləşdi. Və bu böhranın qarşısını almaq üçün antiböhran tədbiri hazırlamağın labüdlüyü meydana gəldi.

- Sizin fikirlərinizdən belə qənaət hasil olur ki, böhran Amerikada yarandı. Lakin bəziləri hesab edir ki, maliyyə böhranını Amerika yaratdı.

- Belə bir sual yarana bilər ki, Rusiya və Çin kimi ölkələr nə üçün qızıl valyuta ehtiyatlarını Amerikaya yönləndirirlər? Amerika dolları dünyada rezerv pul vahididir. Bu ölkələr alternativ yeni yatırım sahələr bulmaq yerinə, ən asan yol kimi Amerika qiymətli kağızlarına yönləndiriblər. Amerikanın tədiyə balansında uzun müddət defisit, onun iqtisadiyyatında uzun müddət idxal və ixrac arasında böyük bir uçurum mövcud idi. Yadıma 60-70-ci illərin ərəb dünyası düşür. O vaxt neft qiyməti artdıqca böyük pullar ərəb ölkələrinə axmağa başladı. Günlərin bir günü baxırlar ki, ərəb ölkələrinə gedən valyutalar bir neçə saatdan sonra yenidən Amerikaya doğru axmağa başlayır».

«Bizim yol»: «Ölkədə İslama qarşı amansız münasibət göstərən müəyyən qüvvələr var. Onlar fürsət düşdükcə öz qara niyyətlərini gerçəkləşdirməyə çalışırlar. Məscidlərə qarşı bu dağıdıcı münasibət də buradan qaynaqlanır. Əslində bu işi görənlər Azərbaycanımıza, millətə, cəmiyyətə qarşı, mənəvi diversiya törətməklə məşğuldurlar». Hacı Elşən Mustafoğlu qəzetə verdiyi müsahibəsində belə deyir:

«Məscidlər Allah evləridir. Bizlər bu evlərə gedən qonaqlarıq. Ev sahibi - Allahdır. Onun evini sökənlərin, qapısına qıfıl asanların layiqli cavabını da elə Allah Özü verəcək. Ölkə kimlərinsə tapşırığı ilə deyil, qanunlarla idarə olunmalıdır. Eyni zamanda, mənəvi qanunlar, ilahi dəyərlər də unudulmamalıdır».

«Yeni Müsavat»: «Yol - mədəniyyətdir deyirlər, bizim ölkədə isə yol mədəniyyətsizliyin zirvəsidir. Ən pis qoxulu tualetlər bizim yollarda, vağzallardadır. Ən axırıncı adamları kassir, dispetçer, bələdçi, sürücü kimi işlərə götürürlər. Ən pis yeməkxanalar yol qıraqlarındadır və sairə. Ona görə də adam Azərbaycanda heç bir istiqamətə getmək istəmir. Çünki bilirsən: sənin ürəyindəki sonuncu vətən sevgisini də murdarlayacaqlar, hər şeydən iyrəndirəcəklər». Zamin Hacı «Nəqliyyat işçisinin üzrxahlığı» sərlövhəli köşə məqaləsində belə yazır.

«Bax elə dünən paytaxtda dəhşətli tıxaclar var idi. Az qala bütün yollar qazılıb-tökülüb. Bəlkə inanmazsınız, idiot yol qovşaqları, körpülər üzündən «28 May» metrosu həndəvərindən avtomobillə «Gənclik» metrosu tərəfə getmək üçün... «Neftçilər» metrosu yanından fırlanmışıq! Sonra da hələ utanmırlar, hansısa avtobus sürücüsünü qazonu, səkini basıb keçdiyi üçün cəzalandırırlar.
Yol olsaydı çıxıb gedərdik bu labirintdən...»

«Azərbaycan»: Sentyabrın 15-də «Buta» sarayında «Əsrin müqaviləsi»nin 15-ci ildönümünə həsr olunmuş mərasimə bütün dövlət qəzetləri geniş yer ayırıblar.

«Əsrin müqaviləsi» imzalanarkən Azərbaycanın milli maraqlarının tam təmin olunduğunu vurğulayan Prezident İlham Əliyev demişdir ki, ölkəmiz bu müqavilənin həyata keçirilməsi ilə uğurlu inkişaf yoluna qədəm qoymuşdur. Azərbaycanın müstəqil ölkə kimi dünya birliyinə inteqrasiyası böyük dərəcədə «Əsrin müqaviləsi»nin imzalanması ilə bağlıdır.

Müqavilənin çox sürətlə həyata keçirildiyini xatırladan Prezident İlham Əliyev demişdir ki, dünya bazarlarına birbaşa çıxışı olmayan Azərbaycan neft-qaz kəmərlərinin tikintisini də uğurla həyata keçirmişdir. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin işə düşməsi ikinci tarixi hadisə olmuşdur. Bu, təkcə Azərbaycan üçün deyil, eyni zamanda region ölkələri üçün də böyük əhəmiyyət daşıyır».

Günün bütün mövzuları

XS
SM
MD
LG