Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:10

Nazirlər İsveçin yeni Cənubi Qafqaz strategiyasını bəyənir


İsveçin Xarici İşlər naziri Karl Bildt
İsveçin Xarici İşlər naziri Karl Bildt
«Avropa Birliyi ölkələrinin Xarici İşlər nazirləri blokun Cənubi Qafqaza dair yeni strategiyasını bəyənir və prosesin davam etdirilməsini istəyirlər».

Bu barədə Birliyə sədrlik edən İsveçin Xarici İşlər naziri Karl Bildt sentyabrın 15-də aparılan müzakirələrdən sonra keçirdiyi mətbuat konfransında məlumat verib.

«Azadlıq» radiosunun Brüsseldəki müxbiri Ahto Lobyakas xəbər verir ki, yeni strategiyada Cənubi Qafqazın hər üç ölkəsinə Avropa Birliyi ilə münasibətlərdə yeni imkanlar nəzərdə tutulur. Azərbaycan, Gürcüstan və Ermənistanın Birliyə üzv olması yox, müddətsiz əlaqələr haqqında razılaşma təklif olunur. Bu, gələcəkdə həmin ölkələrə azad ticarət və asan səyahət imkanları vəd edir.

Cənubi Qafqaz ölkələri Birliyin Avropa Qonşuluğu Siyasətinə, bu ilin əvvəlində isə Ukrayna, Moldova və Belarusla birlikdə Şərq Tərəfdaşlıq Proqramına qoşulublar.

Amma hazırda Avropa Birliyinə sədrlik edən İsveç Cənubi Qafqaz regionunu xüsusi diqqətdə saxlamaq istəyir. Çünki gələcəkdə Birliyə sədrlik edəcək İspaniya və Belçikanın öz prioritetləri var.

Bu, həm də Rusiyanın regionda nüfuzunu artırmaq cəhdlərinə bir əks-hücum ola bilər.

Nazirlərin görüşündən sonra keçirilən mətbuat konfransında İsveçin Xarici İşlər naziri Karl Bildt bu mövzuda suallara olduqca qətiyyətli cavab verib:

«Onlar suveren dövlətlərdir. Öz gələcəklərini seçmək üçün hüquqları var. Onlar Avropa Birliyi ilə daha yaxın əlaqələr qurmaq arzularını ifadə ediblər. Bu ölkələrin hüquqları heç kimin istəyi ilə məhdudlaşdırıla bilməz».

Cənubi Qafqazdakı indiki vəziyyəti şərh edən Bildt ölkələr arasında heç bir fərq qoymur. O deyir ki, bu ölkələrin hamısı qanunun aliliyinin təmin olunması, demokratiyanın qurulması, Avropa standartlarına uyğun idarəetmənin yaradılması üçün çalışır. Amma nazir bu ölkələrdən hansının daha çox uğur qazandığını söyləməyib.
XS
SM
MD
LG