Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:32

Ali Məhkəmənin «elektrik»i?


Ali Məhkəmədən deyirlər ki, Sabir İbrahimov onlarda nəinki 70 gün, heç bir gün də işləməyib
Ali Məhkəmədən deyirlər ki, Sabir İbrahimov onlarda nəinki 70 gün, heç bir gün də işləməyib
«Qaynar xətt»ə üz tutan Sabir İbrahimov Ali Məhkəmədə incidildiyindən şikayətçidir. Hakimlərdən yox, İşlər İdarəsindən. Deyir ki, o, Ali Məhkəmədə 70 gün elektrik işləyib. Amma pulunu ala bilməyib: «Mənə 400-450 manat söz vermişdilər. Müqavilə bağlamadılar, dedilər, hələlik sınaq müddətindəsən. İşə götürəndə müqavilə bağlanacaq, pulun da veriləcək. Mən də hər gün işə gəlib-getdim, əziyyət çəkib tər tökdüm. Amma sonra dedilər ki, səni işə götürmürük. Pulumu istəyəndə dedilər ki, biz sınaq müddətində işçiyə pul vermirik. Mən çox yerdə işləmişəm, həmişə də sınaq müddətində pulumu almışam. Bəşir müəllim var, o mənə dedi ki, al, 60 manat öz cibimdən verim. Bu pul heç mənim yol pulum deyil. Bəs mənim ailəm, uşağım çörək yeməsin?»

«NƏİNKİ 70 GÜN, HEÇ 1 GÜN DƏ İŞLƏMƏYİB»

Sabir İbrahimovun bu şikayətini Ali Məhkəmənin İşlər İdarəsinin rəhbəri Bəşir Abdullayevə çatdırdıq. Düzdür, biz əvvəlcə idarənin rəis müavini Mahir müəllimlə danışdıq, o dedi ki, Sabir İbrahimov onlarda sınaq müddətində işləyib, amma məhkumluğu barədə onlara düzgün məlumat vermədiyi üçün işə götürülməyib. Pula gəlincə, təxminən 80 manat verilib.

Amma Ali Məhkəmənin İşlər İdarəsinin rəhbəri Bəşir Abdullayev dedi ki, ümumiyyətlə, Sabir İbrahimov onlarda nəinki 70 gün, heç bir gün də işləməyib. O, iki dəfə Ali Məhkəmənin inzibati binasına daxil olub, bir işə girmək üçün ərizə yazanda, bir də ərizənin cavabını alanda:

«Dövlət idarəsi olduğu üçün bizdə sınaq müddəti yoxdur. Adam ya işə götürülür, ya götürülmür. Sabir İbrahimovu işə götürmək istəyirdik, amma ondan soruşduq ki, məhkumluğun olubmu? O isə məhkumluğu olmadığını söylədi. Biz isə sorğu göndərdik. Sorğunun cavabı da bir on gün çəkdi. Məlum oldu ki, ailə münaqişəsiylə bağlı Sabirin üstündə məhkumluq var. Ona görə də onu işə götürmədik».

Bəşir Abdullayev Sabirin Ali Məhkəmədə işləmədiyi üçün ona pul da verilmədiyini söylədi: «Mən niyə ona öz cibimdən pul verməliyəm ki? İşləməyib. Ərizə verib cavabını gözləyib».

Sabir İbrahimovun bu situasiyasını qiymətləndirmək üçün bəzi hüquqşünasların fikrini öyrənmək istədik. Amma onlar dedilər ki, bu situasiyasını qiymətləndirmək çətindir. Çünki Sabir İbrahimovun Ali Məhkəmədə işlədiyini sübut edəsi hər hansı müqavilə yoxdur. Hüquqşünaslar məsləhət görür ki, anlaşılmaz situasiyalarla düşməmək üçün hüquqi prosedurlara əməl etmək vacibdir.

«PREZİDENT APARATINA YAZDIM, ƏVƏZİNDƏ QAZ SAYĞACIMI AÇDILAR»

Bakının Nizami rayonunda yaşayan Məğrur Bədəlsoy işini-gücünü atıb qaz sayğacı problemiylə məşğuldu. Söhbət onun mənzilindəki qaz sayğacından gedir. Amma buna keçməzdən qabaq onu deyək ki, Qarabağ müharibəsi əlili olduğu üçün şikayətçimizin 2002-ci ilə qədər kommunal xidmətlərlə bağlı imtiyazı olub.

Bu ildən 2006-cı ilə qədər isə yaşamadığı mənzilə təbii qazdan istifadə haqqı – 96 manatlıq qəbz gəlib. O da bundan narazı olub və üz tutub dövlət qurumlarına ki, mənzildə yaşayış olmadığı halda niyə qaz pulu ödəməlidir: «Prezident Aparatına yazdım, başqa dövlət idarələrinə yazdım. Bu şikayətimdən sonra evdə olmadığım gün gəlib qaz sayğacımı apardılar. Mən də məhkəməyə üz tutdum».

Məğrur Bədəlsoy deyir ki, məhkəmədə vəsatət qaldırıb ki, problem həll olunana kimi onun qaz sayğacını geri qaytarsınlar və onun mənzilinin qaz xətti bərpa olunsun.

Şikayətçi deyir ki, Nizami rayon qaz idarəsindən ona zəng edib məhkəmə iddiasını geri götürməyi təklif ediblər: «Mən razılaşmadım. Dedim ki, qoy məsələ araşdırılsın, günahkarlar cəzasına çatsın. Bundan sonra yenə evdə olmaya-olmaya gəlib qaz xəttimi kəsdilər».

«AKT DA YOXDUR, HAL ŞAHİDLƏRİ DƏ»

Azad İstehlakçılar Birliyinin kommunal məsələlər üzrə şöbəsinin rəhbəri Ələkbər Ağasiyev deyir ki, onlar Məğrur Bədəlsoyun bu şikayətiylə tanışdılar və hesab eləyirlər ki, yerli qaz idarəsinin əməkdaşlarının qaz sayğacını açıb-aparmağa heç bir əsasları olmayıb.

Nizami rayon qaz idarəsinin hüquqşünası İlkin Əhmədov isə deyir ki, müfəttişlər qaz sayğacında müdaxilə aşkar ediblər, ona görə də sayğacı laboratoriyaya göndəriblər.

- İndi iş məhkəmədədir. Bizim əlimizdə iddiaçının tələblərinə əks sənədlər var.
- Amma buna baxmayaraq, siz Məğrur bəyə zəng vurub iddiasını geri götürməsini istəmisizmi?
- Bəli, zəng vurmuşuq ki, iddiasını geri götürsün. Çünki abonentimizlə konfliktə getmək istəmirik.

Azad İstehlakçılar Birliyinin kommunal məsələlər üzrə şöbəsinin rəhbəri Ələkbər Ağasiyev isə tərəflər arasında sülh yox, ədalətli məhkəmə araşdırması istəyir.

Bizimlə əlaqə

Bizimlə əlaqə

Sizin də şikayətiniz, hər hansı məsələylə bağlı rəyiniz, fikriniz varsa, buyurun, 436 77 41 nömrəli telefona zəng eləyin, ya da efir@azadliqradiosu.az ünvanına yazın.

Buna da bax:

XS
SM
MD
LG