Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:47

Polis dəstəsinin cinayət taktikaları məhkəmədə açılır


«Cinayətə gedərkən ayrı-ayrı maşınlardan açıb oğurladığımız dövlət-nömrə nişanlarından istifadə edirdik».

Bunu Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə mühakiməsi davam edən keçmiş polislərdən ibarət dəstənin üzvü – Nərimanov rayon Polis İdarəsinin 18-ci polis bölməsinin rəisi vəzifəsində işləmiş Mehdi Əmirəliyev deyib.

Məhkəmə bu epizod üzrə şahid qismində Bakı şəhər sakini Nizami Qəhrəmanovu dindirib. Nizami Qəhrəmanov ona məxsus olan «QazEl» markalı yük avtomobilinin 10 MT 862 nömrəli dövlət-nişanının naməlum şəkildə açıldığını bildirib: «Sonradan mənə məlum oldu ki, maşının nömrəsini Mehdi Əmirəliyev açıb».

Keçmiş polis rəisi faktı təsdiqləyərək deyib ki, cinayətlərdə istifadə etmək üçün bir neçə maşından eyni yolla dövlət-nömrə nişanı açıblar. Həmin nömrə-nişanları ayrı-ayrı vaxtlarda cinayət əməliyyatlarına gedərkən idarə etdikləri maşınların dövlət nömrə-nişanı ilə dəyişiblər. «Bu adamın maşınından açdığımız nömrəni öz «Jiquli»mizə bağlamışdıq» – deyən keçmiş polis rəisi məqsədin izi azdırmaqdan ibarət olduğunu etiraf edib.

Bakıda on il ərzində silahlı basqınlar törətməkdə ittiham olunan daxili işlər orqanlarında məsul vəzifələrdə çalışmış Mehdi Əmirəliyev, İrac Nəsrullayev, Ceyhun Qarayev, İsmayıl Feyziyev, Seyran Bağırov və Rauf Rzayevin məhkəməsi davam edir.

Mehdi Əmirəliyev əvvəllər Yasamal rayon Polis İdarəsində Banditizmə və Terrorizmə qarşı Mübarizə İdarəsində məsul vəzifələrdə, daha sonra isə Nərimanov rayon Polis İdarəsinin 18-ci polis bölməsinin rəisi vəzifəsində işləyib. Dəstənin digər üzvləri də daxili işlər orqanlarında çalışıblar.
XS
SM
MD
LG