Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:08

Bir daha...Hansı dildə oxuyaq?


Mirzə İbrahimov sonralar səsi Moskvaya - Nikita Xruşşovacan gedib çatmış «Azərbaycan dili» məqaləsini yazdı. Stalinin ölümündən sonra ilıqlaşma dövrü başladı

Mirzə İbrahimov sonralar səsi Moskvaya - Nikita Xruşşovacan gedib çatmış «Azərbaycan dili» məqaləsini yazdı. Stalinin ölümündən sonra ilıqlaşma dövrü başladı

Bu sual uzun-uzun illərdir ki, aktualdır. Görəsən, dünyada bu sualın heç zaman gündəmdə olmadığı xoşbəxt ölkələr varmı? Var! Bunu siz də bilirsiniz, mən də. Sual yersiz idi. Elə isə sizdən təkrar soruşum: Həmin ölkələr bu hala (yəni ana dilinin şah halına gəlməsinə) necə nail olublar? Bu ölkələr nəyin hesabına dillərini ucalıqda qoruyub saxlaya biliblər? Övladlarının təhsil vaxtı yetişəndə, onlar hansı seçimlər qarşısında qalırlar? Nəyə daha çox diqqət edirlər? Və nəyi seçirlər?...

Qayıdış... Dilimiz necə dövlət dili oldu?

Xatırlayırsınızsa, mən bu adda bir yazı yazmışdım. Oxumayanlar üçün deyim ki, Cümhuriyyət hökuməti Azərbaycan türkcəsini dövlət dili etmişdi. Onun devrilməsiylə hər şey dəyişdi. 30-cu illərdə Sovetlərdə Konstitusiya qəbul olunanda, ancaq Ermənistan və Gürcüstan dillərini Ana Qanunda dövlət dili etdilər. Azərbaycan rus dilinin hökmranlığındaydı. 50-ci illərin əvvəllərindən bu «səhvi» düzəltməyə cəhdlər oldu. Mirzə İbrahimov sonralar səsi Moskvaya - Nikita Xruşşovacan gedib çatmış «Azərbaycan dili» məqaləsini yazdı. Stalinin ölümündən sonra ilıqlaşma dövrü başladı. Ölkədə milli özünüdərk gücləndi. Mirzə müəllim Ali Sovetin Rəyasət Heyətinin sədriydi. Dəyişən vəziyyətdən yararlanıb, MK-nın 1-ci katibi İmam Mustafayevlə sözləşib, Moskvadan xəbərsiz 1956-cı il avqustun 18-də Azərbaycan dilini Konstitusiyaya saldılar. Aləm qarışdı. O dövrdə vəzifədə olan üçlüyü işdən çıxardılar, töhmətləndirdilər. Amma Azərbaycan dilinin dövlət dili olmasını, təbii ki, Konstitusiyadan çıxara bilmədilər...

Translar dil mövzusunu necə üstələdi?!

Mən bu 4 hissəli yazını iyun ayında, 1959-cu il iyun plenumunun 50 illiyində yazmışdım. Həmin ilin həmin ayında Moskvadan gələn böyük bir komissiya qızmar Bakı yayında hamıdan gizlin dil məsələsini araşdırırdı. Və sonra həm Bakıda, həm də Moskvada keçirilən plenumlarda bu məsələ geniş müzakirəyə çıxarıldı.

50 il sonra iyun ayında hava yenə elə istiydi. Mən dilimizin hansı keşməkeşlərdən keçdiyini sizlərə çatdırmaq üçün 4 gün kompüterin başından qalxmadım. Əvvəlcə 1 hissəli zənn etdiyim yazı 4 hissəli oldu...Dövr mürəkkəb idi. Əslində rusdilli görünən sovet Bakısının dil uğrunda nələrdən keçdiyini hamınız bilmirdiniz. Ona görə də, isti Bakı yayına dözüb dövrün ab-havasını canlandırmaq qərarına gəldim. Yazı cəmi 5-6 rəy aldı...

Ancaq, qulaq asın və etiraz etməyin, onunla eyni vaxtda sayta qoyulan translar yazısına gələn şərhlər bir neçə günün içində 500-ü keçmişdi. Saytın izləyiciləri bir-biri ilə vuruşurdu. Dilimiz necə dövlət dili oldu? - cavabı isə heç kəsi maraqlandırmırdı!..

Bax, belə! Elə zənn etdim ki, müstəqil ölkə olduğumuza, ana dilimizin dövlət dili olmasına baxmayaraq, onun taleyi bizi maraqlandırmır. Bəlkə çağdaş dünyada «Elə dildə oxuyum ki, ondan daha çox bilgi alım, həm də qazanc götürüm» fikri daha da aktuallaşıb?...Yox, bu, yəqin ki, problemin yeganə səbəbi deyil, çoxlu səbəbdən biridir.

Klassiklərimiz rus dilində necə oxuyublar?

Onlar yad dildə oxumağa məcbur olublar. Çünki seçim imkanı yox idi. Həsən bəy Zərdabi bilirsiniz nə edib? Moskva universitetində oxuyarkən müəllimi, mütərəqqi fikirli Solovyovun evinə gedib-gəlirmiş. İş elə gətirir ki, onun qızı ilə bir-birlərini sevirlər. Xanım təhsilli, ağlı başında biri imiş. Həsən bəy universiteti bitirəndə, çox fikir edir, axırda sevgisini idealına qurban vermək qərarına gəlir. «İlk təhsil almış müsəlman kimi xristian qızı almaqla geridə qalmış xalqı özümdən uzaqlaşdıra bilərəm» fikrini əsas tutub, xalqına xidmət etmək üçün, Vətənə qayıdır...

Ya Üzeyir bəy? Qori seminariyasını bitirəndən xeyli sonra - artıq məşhur bəstəkar, jurnalist kimi tanınırdı, ali musiqi təhsili almaq üçün Peterburqa getməyə məcbur oldu. Çünki Azərbaycanda konservatoriya yox idi
Ya Üzeyir bəy?
Qori seminariyasını bitirəndən xeyli sonra - artıq məşhur bəstəkar, jurnalist kimi tanınırdı, ali musiqi təhsili almaq üçün Peterburqa getməyə məcbur oldu. Çünki Azərbaycanda konservatoriya yox idi. Bundan kim qazandı? Ən azından, «Koroğlu» yarandı!

Ya Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev? Rusiyada ali təhsil alıb qayıtdıqdan sonra ana dilində gözəl əsərlər yazmağa başlamadılarmı?

Ya Əli bəy Hüseynzadə? Peterburq universitetini bitirən kimi onu gözləyən karyeranı buraxaraq, heç kəsə heç nə demədən Türkiyəyə yollandı. Türkçülüyün banilərindən söz açanda, onun adını fəxrlə söyləmirikmi?

Ya Əhməd bəy Ağaoğlu? Şuşada doğulmuşdu, rus məktəbini qurtarmışdı. Sorbon universitetində oxumuşdu. Ona şuşalılar «firəng Əhməd» deyirdilər. Amma bu firəng Əhməd Bakıda ən sayılıb-seçilən qəzetin redaktoru oldu, Cümhuriyyət hökuməti dövründə müxtəlif fəaliyyətlərdə bulundu. Türkiyədə yaşasa da, Azərbaycanı unutmadı; «Sərbəst insanlar ölkəsində» əsərini yazdı, sovet işğalında olan Vətəninin nə vaxtsa belə bir ölkəyə çevrilməsini dilədı...

Məncə, bu nümunələr yetər. Demək istədiyim odur ki, klassiklərimiz rus dilində təhsil almağa məhkum olanlar idi, r u s d i l l i l ə r yox! Bəs ondan sonrakı nəsillər? Onlar nədən rusdilli oldular?

Rusdilliləri Sovetlər yaratdı!

Çar hökumətinin edə bilmədiyini bolşeviklər bacardılar! Bəs indi-müstəqilliyin 18-ci ilində bizi nə məcbur edir ki, rus dilində təhsil alanların sovet dövrü ilə müqayisəsinin heç dəyişməməsini vurğulayıb üzülək? («Rusdillilər artır, yoxsa azalır?»). Saytımızdakı yazıya oxucu marağını görüb sevindim. Demək, dilimizin taleyi müasir gəncliyi düşündürürmüş! Keçək yarımbaşlığa: rusdilliləri sovetlər yaratdı. Bizim ata-babalarımız da ona bu işdə yardımçı oldular. Əlbəttə, övladını öz dilində oxudanlar da vardı, bunu arzulayıb, arzusunu ürəyində gömənlər də. Hətta sovetlərin gurhagur çağlarında - 70-ci illərdə özü rus bölməsini qurtarıb uşaqlarını Azərbaycan məktəbinə verənlər də vardı. Sizə maraqlıdırsa, bir ailə dostumuzun adını da açıqlaram: Prof. Rəhman Bədəlov! Yəqin ki, bu o dövrdə Rəhman bəyin cəmiyyətdəki ruslaşmaya etirazının bir forması idi. O özü məktəb yaşınacan nənəsinin şalınnın altında (öz sözüdür) böyümüşdü. Nənəsinin dilindən başqa dil bilmirdi. Çox da xoşbəxt idi (Hər zaman nənəni xatırlayıb rəhmət oxuyur). Ancaq atası belə düşünmürmüş. O qorxurmuş ki, oğlu rus dilini bilməz, həyatda özünə yol aça bilməz. 7 yaşında onu nənəsinin şalından ayırıb, rus məktəbinə verirlər. Ali məktəb də beləcə...

Harda daha çox gülürlər?

Uşaqların məktəb yaşı çatanda, Rəhman bəy ömür yoldaşıyla bərabər Bülbül adına məktəbin Azərbaycan bölməsini seçirlər (Liberta xanım Azərbaycan dilində təhsil alsa da, ruscanı gözəl bilirdi). Oğulları Orxan bir az keçəndən sonra musiqi məktəbində oxumaq istəmir. Evlərinin yanındakı adi Bakı məktəbində təhsilini davam etdirir. Və problem yaşayır. Professor xatırlayır ki, o tənhalığa qapılmışdı. Məktəb onun tələbatını ödəyə bilmirdi. Təhsilli və hazırlıqlı ailə mühitinin hesabına bu maneəni də aşırlar. Qızları Heyran məktəbdən sonra Konservatoriyaya (Azərb. bölməsinə)girir. Bir az oxuyandan sonra atasından xahiş edir ki, onu rus bölməsinə keçirsin. «Niyə?» - sualına professor qəribə cavab alır: «Orda daha çox gülürlər». «Səbəb» o qədər gözlənilməzmiş ki, qızın xahişi elə gülə-gülə yerinə yetirilir...Ancaq mənimlə söhbətlərində Heyran hər zaman məktəbin ailə mühitiylə müqayisədə (həm də qonşuda-qohumda rus bölməsində oxuyanlarla) uduzduğunu söyləyir...

İndi müstəqillik dövründə də professor nəvələri ilə bağlı poblemlər yaşayır. Düzdür, indi seçim imkanı xeyli genişdir. Müxtəlifdilli məktəblər var. Ancaq keyfiyyət yenə də professoru qane etmir. Ən qəribəsi, fərqli dillərdə oxuyan nəvələr (türk, rus, ingilis) öz aralarında rusca danışırlar. Tarazlığı qorumaq üçün son nəvə --Dəniz bu üzdən Azərbaycan məktəbinə gedəsi oldu...Ancaq professor bunun bir faydası olacağına inanmır. Onun fikrincə, əsas məsələ dildə deyil, şüurdadır. Onun nəvələri artıq kosmopolitdirlər. Hətta türk litseyində oxuyan da. «Mənə elə gəlir ki, həmin türk litseyində Ucaldan başqa kosmopolit yoxdur».

Ümumiyyətlə, Rəhman Bədəlov düşünür ki: «Uşaq ilk sinifləri öz dilində oxumalıdır. Amma bir şərtlə - dərsliklər Firidun bəy Köçərlinin dərslikləri kimi olsun. Uşaq öz folklorunun təməlində böyüsün, sonra başqa dildə oxumağa keçsə də olar...»

Azərbaycan məktəbləri niyə zəifdir?

Etiraf edim ki, müstəqil dövlətin paytaxtında böyüyən rusdilli uşaqlar məni hər zaman düşünməyə vadar edir və «Bunlar (valideynlər) övladlarını hansı cəmiyyət üçün hazırlayırlar?» sualı məni rahat buraxmır. Hərdən: belə davam etsə, elə XX1 əsri də rusdillilər əsri kimi başa vurmalı olacağıq-deyə düşünürəm. Tez də özümdən soruşuram: Bəs bunu önləmək üçün bizlər nə edirik?

- Azərbaycan məktəblərində təhsilin səviyyəsini qaldıra bilirikmi?
- Rüşvətə, korrupsiyaya savaş açmağı bacarırıqmı?
- Hacı Zeynalabdının “Savadlı millətin təməli savadlı qadındır” fikrini layiqincə qiymətləndiririkmi?
- Sanballı dərsliklər çap edib uşaqlarımıza paylaya bilirikmi?
- Ali məktəblərdə illərdir davam edən Azərbaycan dilində keyfiyyətli (və çağdaş) dərslik qıtlığını aradan qaldırmaq üçün silkələnirikmi?
- Şəhər məktəblərini ləhcə ilə danışan, uşaqların gülüş hədəfinə çevrilən müəllimlərdən təmizləyə bilirikmi? Və s.

Sizcə:
- ikri-zikri yarınmaq, yaltaqlanmaq olan müəllim ləyaqətli şagird yetişdirə bilərmi?
- eçki dolanbaclarında olan-qalan keyfiyyətlərinə də vida deyən müəllim müstəqil vətəndaş yetirə bilərmi?
- agirdlərdən (tələbələrdən) qiymət üçün pul toplayan müəllim onlar üçün örnək ola bilərmi?
- Və s. və i.a.
- Daha yetər! Gerisini sizlərə buraxıram...

P.S: Heç ali və ya orta məktəbdə sizə nəyi isə başa salan müəllimə «Sağ ol» deyərkən, ondan «Bu, mənim borcumdur» cavabını eşitmisinizmi? (Amerika təhsili alan qızımın müşahidəsi)

Şərhləri göstər

XS
SM
MD
LG