Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:12

Məscidlər sökülməyəcək?


Gündüz İsmayılov və Hacı İlqar İbrahimoğlu
Gündüz İsmayılov və Hacı İlqar İbrahimoğlu
Yeni Günəşlidə yerləşən «Fatimeyi-Zəhra» məscidinin sökülməsi haqda xəbər ölkənin dini ictimaiyyətində narazılıq yaratdı. Baş verənlərə ciddi etirazlar səslənməyə başlandı. Məscidlərin sökülməsinə ehtiyac varmı? Artıq üçüncü belə hadisədən sonra demək olarmı ki, ölkədə məscidlərin sökülməsi tendensiyası yaranıb? Belə bir tendensiya varsa, onun qarşısını almaq mümkün olacaqmı?

Bu və başqa suallara Azadlıq Radiosu və «İnternyus-Azərbaycan»ın birgə layihəsi olan «İslam və demokratiya» verilişində cavab axtarmışıq. Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzinin (DEVAMM) rəhbəri Hacı İlqar İbrahimoğlu və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Gündüz İsmayılovun yardımıyla.

«ÖLKƏDƏ SABİTLİK POZULACAQ»

«Hökumət məscidlərin sökülməsi prosesini dayandırmasa, Azərbaycanda qan su yerinə axacaq».

Bir qrup dindar gənc «Fatimeyi-Zəhra» məscidinin sökülməsinə etiraz olaraq keçirilən aksiyada belə ultimatum veriblər.

İslam Partiyasının keçmiş sədri Hacı Hacıağa Nuriyev isə deyir ki, məscidlərin sökülməsinə son verilməsə, ölkədə iğtişaşlar başlaya bilər:

«Azərbaycanda vəhdət, ictimai sabitlik pozulacaq. Onun da məsuliyyəti bəzi məmurların üzərinə düşəcək. İndi Azərbaycan xalqının yeganə ümidi Allaha və millətin birliyinə, İslamın vəhdətinədir. Heç kim bu məsələdə geriyə çəkilməyəcək. Hələ ki səbirlə, təmkinlə ədalətli həlli gözləyirik. Cavabdeh adamları, xüsusilə də Allahşükür Paşazadəyə müraciət edirik ki, şəxsən prezidentlə məsələni müzakirə etsin. Onun ətrafında olanların bir çoxu bu cinayətdə iştirakçıdırlar».

«MƏSCİDİ SÖKÜB TORPAĞINI SATMAQ İSTƏYİRLƏR»

H.Nuriyev baş verənləri məmur özbaşınalığı kimi qiymətləndirir. Nardaran ağsaqqalı iddia edir ki, Suraxanı rayon İcra Hakimiyyəti məscidi söküb onun 1 ha 30 sotluq torpağını baha qiymətə satmaq istəyir:

««Peyğəmbər» məscidinin sökülməsinə gəlincə, onun yaxınlığında bahalı mülklər tikilir. Məscidin orda olması, azan səsinin bahalı binaların yanında verilməsi müştəriləri qaçırdırdı».

«XALQ BU PROSESİN QARŞISINI ALMALIDIR»

«Mənəvi Dünya» İctimai Birliyinin sədri, ilahiyyatçı Hacı Şahin Həsənli isə məscidlərin sökülməsini düşünülmüş bir siyasət kimi qiymətləndirir:

«Üçüncü, dördüncü dəfə bu hadisə baş verirsə, deməli təsadüf deyil, hansısa məqsədyönlü siyasətdir, kimlərsə tərəfindən həyata keçirilir. Vətəndaş cəmiyyəti və xalq bu prosesin qarşısını almalıdır. Çünki bu xalqın tarixində və vicdanında olduqca qara bir ləkədir».

«BÖYÜK BƏLA, BÖYÜK FACİƏ VƏ BÖYÜK BİABIRÇILIQ»

DEVAMM rəhbəri Hacı İlqar İbrahimoğlu bu mövzuda danışan dindarların öz sözlərinə məsuliyyətlə yanaşmasını istəyir. Çünki sonradan onların çıxışlarından sui-istifadə edənlər ola bilər. Amma hüquqşünas hesab edir ki, bu cür iddialar anormal hadisələrə adekvat olaraq səslənir:

«İnsanlar başqa çarə görmürlər, ona görə də özlərini traktor altına atacaqlarını deyirlər. Məscid sökülməsi haqda qərar böyük bir faciə, böyük bəla və böyük biabırçılıqdır. Allah evini qanunsuz adlandırıb onun sökülməsinə qərar vermək ölkədəki insan haqlarının nə dərəcədə pozulmasından xəbər verir».

«PULA GÖRƏ MƏSCİD TİKİNTİSİNİ BİLƏRƏKDƏN YARIMÇIQ SAXLAYIRLAR»

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Gündüz İsmayılov isə ölkədə sabitliyin pozulacağı haqda fikirləri «qeyri-ciddi» adlandırır. Deyir ki, məscid tikintilərini məqsədli şəkildə yarımçıq saxlayanlar, bunda maraqlı olan «dindarlar» var:

«Onlar məscid tikintisi üçün pul əldə etməkdən ötrü məscidləri tikib qurtarmırlar. «Fatimeyi-Zəhra» məscidi ilə bağlı aksiya keçirən insanlar heç həmin məsciddə olublarmı, tikintinin nə yerdə olması ilə maraqlanıblarmı? Soruşublarmı ki, həmin məscidin tikintisi üçün ayrılan pullar necə olub?».

«SƏNƏDİ OLMAYAN MƏSCİDLƏRİN SAYI 50-DƏN ÇOXDUR»

G.İsmayılov bildirir ki, təmsil etdiyi qurum heç vaxt məscidlərin sökülməsinin tərəfdarı olmayıb. Bu vaxtadək komitə hansısa məscidin sökülməsi, fəaliyyətini dayandırması üçün məhkəməyə müraciət etməyib:

«Hazırda sənədi olmayan məscidlərin sayı 50-dən artıqdır. Komitə indiyədək bir çox məscidlərin sənədlərinin qaydasına salınmasına köməklik edib. Amma hansısa məscid barədə məhkəmə qərarı varsa, biz ona müdaxilə edə bilmərik».

«DAHA ÇOX DİNİ İCMANI QEYDİYYATDAN KEÇİRƏCƏYİK»

G.İsmayılov deyir ki, hazırda komitənin əsas hədəfi daha çox dini icmanı qeydiyyatdan keçirməkdir. Həm də komitə bundan sonra ibadət yerlərinin tikilməsinə və yenidən qurulmasına da nəzarət edəcək:

«İndiyədək bu işi icra hakimiyyətləri, bələdiyyələr yerinə yetirirdilər və başıpozuqluq yaranırdı. İstənilən halda, məscidin adından istifadə edərək kütlə psixologiyasına hesablanmış iddialar səsləndirmək, bu işi divident alverinə çevirmək düzgün deyil».

«KİMİNSƏ SƏHVİNƏ GÖRƏ MƏSCİDİ SÖKMƏK OLMAZ»

Hacı İlqar İbrahimoğlu isə bu məsələlərdən istifadə edərək divident qazananları lənətlədi:

«Əgər bu işdə kiminsə günahı varsa, onda fərdlər cəzalandırılmalıdır. Kiminsə səhlənkarlığı ucbatından məscidi sökmək düzgün deyil. Bu, inanca qarşı bir fəaliyyətdir. Diqqətli olaq. Hər kəs Allah dərgahında cavab verəcək. Heç kim məscidlərin sökülməsi adıyla tarixə düşməməlidir».

MƏSCİD SÖKÜLMƏYƏCƏK?

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Gündüz İsmayılov isə bildirib ki, heç kim narahat olmasın, dövlət bu məsələləri həm qanun, həm də milli-mənəvi dəyərlər nəzərə almaqla həll edəcək.
XS
SM
MD
LG