Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:09

Avropa Birliyi Cənubi Qafqaz üçün xüsusi plan hazırlayır


Sentyabrın 14-də Birlik ölkələrinin xarici işlər nazirləri plan barədə fikirləri müzakirə edəcəklər

Sentyabrın 14-də Birlik ölkələrinin xarici işlər nazirləri plan barədə fikirləri müzakirə edəcəklər

Avropa Birliyi - Azərbaycan, Gürcüstan və Ermənistanla bağlı yeni strategiya üzərində işləyir. Birliyə sədrlik edən İsveç üzv ölkələrdən xahiş edib ki, Cənubi Qafqazın bu üç ölkəsi ilə əlaqələri daha da dərinləşdirməyi nəzərdə tutan bir plan cızılsın.

Sentyabrın 14-də Birlik ölkələrinin xarici işlər nazirləri həmin plan barədə fikirləri müzakirə edəcəklər.

AzadlıqRadiosunun Brüsseldəki əməkdaşı Ahto Lobyakas yazır ki, Birlik bundan əvvəlki Avropa Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığı layihələri ilə də Cənubi Qafqazı əhatə edirdi. Amma görünür, həmin layihələr Avropa Birliyinə bu regionla davamlı və aydın siyasət aparmağa imkan verməyib.

«ƏSAS NARAHATLIQ REGİONUN SABİTLİYİNDƏNDİR»

O, Brüsselin Cənubi Qafqaza xüsusi marağını bu cür izah edir:

- Avropa Birliyinin əsas narahatlığı regionun sabitliyindəndir. Birlik Rumıniya və Bolqarıstana genişlənəndən sonra Qara dəniz regionunun əhəmiyyəti kəskin artdı. İkincisi, əlbəttə, enerji məsələsidir.

Xüsusilə də Azərbaycan və Gürcüstandan neft və qaz tranziti kimi istifadə olunması. Sözsüz ki, burada siyasi maraqlar da var. Avropa Birliyi öz qonşularının işində rol oynamaq istəyir. Beləliklə də Cənubi Qafqaz ölkələri ilə işə bütün bu məsələləri daxil etmək olar.

Ahto Lobyakas Brüsseldə dolaşan məlumatlar əsasında qeyd edir ki, yeni strategiya Birliyin əvvəlki siyasətindən tam fərqli bir yanaşma nəzərdə tutmur. Təşkilatın məqsədi eynidir, o, həmin üç ölkədə qanunların və siyasətin mümkün qədər Avropa standartlarına yaxınlaşdırlmasını istəyir.

Ahto Lobyakas
Ahto Lobyakasın bildirdiyinə görə, artıq adı çəkilən üç Qafqaz dövlətinin hər birinə ümumi razılaşma forması təklif olunub.

Bu razılaşmaların tətbiqi azad ticarətə və vizaların verilməsində liberallaşmaya gətirib çıxara bilər. Amma əvvəlki təkliflərdə olduğu kimi, yeni strategiyada da Avropa Birliyinə üzvlükdən söhbət getmir.

Brüsseldə rəsmilər deyirlər ki, əməkdaşlıq arzulayan hər bir ölkə bunun üçün şans əldə edəcək. Onların heç birinə üstünlük verilməyəcək və proses də onun verəcəyi nəticələrdən asılı olacaq.

GÜRCÜSTAN AZƏRBAYCAN VƏ ERMƏNİSTANLA EYNİ CƏRGƏDƏ MÜZAKİRƏ OLUNMAQ İSTƏMƏYİB

Strategiya barədə fikirlər ortaya çıxanda Gürcüstan Azərbaycan və Ermənistanla eyni cərgədə müzakirə olunmaq istəməyib. Gürcüstanda hesab edirlər ki, Avropa Birliyi onu Ukrayna ilə bir sırada nəzərdən keçirməlidir.

Ahto Lobyakas yazır ki, Gürcüstanın fikri ağlabatan görünür. Çünki indiyə qədər Azərbaycan və Ermənistanın nə Avropa Birliyinə, nə də NATO-ya qoşulmaq cəhdləri ilə bağlı bir şey məlum deyil. Onlar bunun əvəzinə Rusiyaya üstünlük verirlər.

Amma hər necə olsa da artıq başqa cərgədə olmaq iddiası bir tərəfə qoyulub: «Brüsseldə diplomatların dediyinə görə, keçən ilin avqustunda Rusiya ilə müharibəyə və müxalifətlə zorakı davranışına görə prezident Saakaşvili Avropa liderləri yanında nüfuzunu çox xərcləyib.

İndi Gürcüstan prezidenti iddialar irəli sürmək deyil, Avropa Birliyi ölkələrinin paytaxtlarına səfər üçün dəvətnamə ala bilmək hayındadır” – deyə Lobyakas yazır.

O, hesab edir ki, bazar ertəsi başlayacaq müzakirələrdə əsas çətinlik Gürcüstanın xüsusi imtiyaz iddiasına görə yox, Avropa Birliyinin özünün daxilində məsələyə bədgüman yanaşmaya görə ola bilər.

Avropa Komissiyası nazirlərin görüşü ərəfəsində qeyd edib ki, Cənubi Qafqaz ölkələri yaxın əlaqələri özləri «qazanmalıdırlar», bunun üçün siyasi hazırlıq nümayiş etdirməlidirlər.

Komissiya xəbərdarlıq edib ki, onlara qazanmadıqları imtiyazları vermək Şərq Tərəfdaşlığı proqramına daxil olan ölkələrin əldə etdikləri uğurları dəyərdən sala bilər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG