Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:15

«Beynəlxalq tənqidlər qərəzlidir»


Rəbiyyət Aslanova
«Bizim Yol»: «Fredom House» təşkilatı özünün növbəti hesabatını açıqlayıb. Hesabatın Azərbaycanla bağlı bölümündə ölkəmizdə insan hüquqları və demokratiyanın vəziyyəti kəskin tənqid edilib. Hesabatda olan yeniliklərdən biri isə dövlət idarətetməsi ilə bağlıdır. Sənəddə bildirilir ki, Azərbaycanda keçirilən son referendum hazırkı dövlət başçısının ömürlük prezidentliyinə yol açıb. Bundan əlavə sənəddə büdcə təşkilatlarında çalışan insanların məcburi şəkildə hakim partiyaya yazılması ilə bağlı da tənqidlər var. Beynəlxalq qurumun tənqidlərinə münasibət öyrənmək üçün Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Rəbiyyət Aslanovaya müraciət etdik.

«Təəssüflər olsun ki, bəzi beynəlxalq təşkilatlar, o cümlədən «Fredom House», «Human Rights Watçh» kimi təşkilatlar Azərbaycana qarşı illərdir qərəzli mövqedə dayanırlar. Hətta iş o yerə çatıb ki, həmin təşkilatlar cinayət törətmiş, törətdiyi cinayətə görə qanunla həbs olunmuş şəxsləri belə müdafiə etməkdən çəkinmirlər. Eyni zamanda, bu gün Azərbaycan torpaqlarının 20 faizi Ermənistan dövləti tərəfindən işğal olunub, uzun müddət aparılan danışıqlar nəticə verməyib və bu gün işğal faktı davam etməkdədir. Belə olan halda, işğalçı Ermənistan dövlətinə qarşı heç bir cəza tədbiri görməyən, işğal əməlindən geri çəkindirməyən bu təşkilatların fəaliyyətlərinin obyektivliyinə şübhə ilə yanaşmağa böyük əsaslarımız var. Cəmiyyətimiz bu tip yalan, böhtan məlumatların nəyə xidmət etdiyini çox gözəl dərk edir. Biz öz yolumuzu gedirik. Çox gözəl bilirik ki, hər hansı hesabatlar, hansısa qərəzli məlumatlar bizi öz yolumuzdan döndərə bilməz».

«Yeni Müsavat»: «İki övladım müstəqillik dönəmində orta məktəbə gedib, ali təhsil alıblar və keçdiyim ömür yolunu göz önünə gətirməyə, yetərincə düşünməyə, müqayisələr aparmağa əsas var. Yeni dövrə yeni nəfəs verməli olan təhsil sistemimizin bütün çalarlarını öz həyatımda sınamışam. Hamı kimi mən də «palaza bürünüb - elnən sürünmüşəm»: orta məktəbdə təhsil heç nə vermir, müəllim tutub, uşağı fərdi hazırlaşdırmaq lazımdır! Könüllü olaraq ikiqat xərcə boyun əyirik. Bir yandan süpürgəpulu, təmirpulu, bayramdan-bayrama müəllimlərə alınan hədiyyələrin uzun siyahısı... Bir də bütün bunlardan qat-qat artıq, bir ailənin dolanışığına bəs edəcək məbləği də kölgədə qoyan repetitor xərcləri». Mahal İsmayıloğlu «Öz arşınım – düz arşınım» sərlövhəli köşə məqaləsində belə yazır.

«Zamanın axarında qəribə təzadlar ortaya çıxır. Son illərə qədər övladın ali məktəbə qəbul qayğıları hər bir valideynin başının üstünü orta məktəbi bitirməyə bir-iki il qalmış alırdı. İndi repetitor xərcləri xeyli «gəncləşib». Hər bir ata-ana uşaq məktəbə gedən gündən bu yükün altına girir. Nə qədər qəribə olsa da, belə kütləvilik təhsil bazarında ucuzlaşma yaratmır. Niyə də belə olmasın? Əgər ali məktəblərdə ödənişli təhsilin məbləği və əhatə dairəsi üç dəfə qalxırsa, bu, «uşaq hazırlayan» orta məktəb müəllimlərinə örnək olur. Təhsil sistemimizdə ağlasığmaz bir uçurum yaranıb - insanlar çoxdan kütləvi təhsilə olan ümidlərin üstündən xətt çəkiblər, iki yol ayrıcında qalanda, «diplomlu uşaq» böyütmək prioritet sayılanda bütün mümkün vasitələr işə salınır. Hər il dövlət büdcəsindən bu sahəyə milyardlarla manat vəsait ayrılır, onlarla məktəb tikilir, elə bir o qədəri də təmir olunur. O da bizim - vergi ödəyicilərinin cibindən gedir».

«Azadlıq»: «Xırdalan şəhərinə gedən yolun altında tunel var. O tərəfə yolu düşənlər bu tuneldən, ya da onun üstündən keçiblər. Həmin tunel “yol qovşağı” ilə birlikdə ilin başlanğıcında istifadəyə verilib. Zövqsüz bir tuneldir». Rövşən Hacıbəyli «Seçdiklərimizin seçimi» məqaləsində belə iddia edir.

«Tikintidə əsasən çinlilər çalışıb. Bugünlərdə ordan keçəndə yenə çinliləri tuneldə gördüm. Qopub tökülmüş mərmərləri yerinə yapışdırırdılar. Deyə bilmərəm ki, tikinti keyfiyyətsiz aparıldığına görə mərmərlər qopub, həm bu sahə üzrə mütəxəssis deyiləm, həm də Çin boyda dövlətlə kəllə-kəlləyə gəlməyə heç fikrim yoxdur. Son çağlar yaman artıblar, çinlilərin Azərbaycandakı artımını nəzərdə tuturam, bir də görəcəyik ki, ölkə əhalisinin yarıdan çoxu onlardır. Dövlətimiz də başlayıb xariciləri azərbaycanlılaşdırmağa - Kim Məmmədov, Xu Əliyev, Çi Heydərov və s.»

«Yeni Azərbaycan»: Hakim partiyanın rayon təşkilatları bələdiyyə seçkilərinə hazırlaşır. Qarşıdan gələn bələdiyyə seçkiləri ilə bağlı Yeni Azərbaycan Partiyası rayon təşkilatları hazırlıq prosesinə start veriblər. Zərdab rayon təşkilatının sədri Tofiq Abdullayevin verdiyi məlumata görə, artıq rayon təşkilatı öz seçki qərargahını yaradıb. 15 nəfərdən ibarət olan seçki qərargahına YAP rayon təşkilatının sədri rəhbərlik edəcək. Rayonda 27 bələdiyyə üzrə keçiriləcək seçkilərdə partiya üzvlərinin fəal iştirakı təmin edilir».

Bələdiyyə seçkilərinə Neftçala rayonunda da hazırlıq gedir. Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının sədri Anar Cəfərov qəzetimizə bildirdi ki, artıq 11 nəfərdən ibarət seçki qərargahı yaradılıb: «Rayonumuzda əvvəllər 27 bələdiyyə mövcud idi. Bələdiyyələrin birləşdirilməsi prosesindən sonra hazırda 18 bələdiyyə üzrə seçkilər keçiriləcək. Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının üzvləri seçkiyə olduqca məsuliyyətlə hazırlaşırlar. Namizədlərin adlarının dəqiqləşdirilməsi prosesi üzərində müzakirələrimiz davam edir».

Günün bütün mövzuları

XS
SM
MD
LG