Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:26

Ucuz-baha internet…


Dövlət provayderləri qiyməti ucuzlaşdırmayana qədər internet tariflərinin aşağı düşməsi reallaşmayacaq

Dövlət provayderləri qiyməti ucuzlaşdırmayana qədər internet tariflərinin aşağı düşməsi reallaşmayacaq

İnternet tariflərinin sentyabrın 1-dən ucuzlaşması barədə rəsmi məlumat verilsə də, bu istiqamətdə hələ ki addım atılmayıb. Əksər özəl provayderlər ucuzlaşmanın tezliklə olacağı barədə internet səhifələrində elan yerləşdiriblər. Məsələ bununla da bitib. Amma bu addımı nə vaxt atacaqlar bəlli deyil.

HEÇ BİR PROVAYDER TRAFFİKİNİ ARTIRMAYIB

Hələ avqustun 31-də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində internet üzrə Əlaqələndirmə Şurasının iclasında Azərbaycanın əsas internet provayderi olan «Delta Telekom» Məhdud Məsuliyyətli Müəssisəyə tövsiyə olunub ki, internet tariflərini ucuzlaşdırsın. («Delta Telecom» xaricdən internet traffiki alan yeganə müəssisədir. Azərbaycandakı bütün internet provayderləri internet traffikini bu müəssisədən alırlar.)

Belə ki, nazirliyin tövsiyəsindən sonra «Delta Telekom» sentyabrın 1-dən traffikinin həcmini 10 faizdən 60 faizədək artıran provayderlərə güzəşt tətbiq etməyə başlayıb. Traffikini 10 faiz artırana 1 meqabit/saniyə internet 248 manata, 60 faiz artırana isə 110 manata satılır. Hazırda yerli provayderlər 1 meqabit/saniyə interneti «Delta Telekom»dan 275 manata alırlar. Adı çəkilən müəssisə qiymətləri endirsə də ondan internet traffiki alan 30-a yaxın provayderin heç biri traffikini təklif olunan güzəştə uyğun artırmayıb. Elə artım olmadığına görə də ucuzlaşma yoxdur.

«İnternet-Forum»un prezidenti Osman Gündüz hesab edir ki, elan olunan müddətdə internetin qiymətində ucuzlaşmanın olmaması Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin günahı üzündən baş verir. Belə ki dövlət provayderləri olan Aztelekom və Bakinternet qiymətləri niyə görəsə aşağı salmaq istəmirlər. Osman Gündüz deyir ki, nazirlik bir tərəfdən «Delta Telecom»a internetin qiymətinin endirməyi tövsiyə edib, amma öz tabeliyində olan provayderlər qiymətləri hələ də endirməyiblər. Forum prezidentinə görə, elə bu səbəbdən də özəl provayderlər də qiymətləri ucuzlaşdırmaqda hələ ki maraqlı deyillər. Yəni özəl provayderlər gözləyir ki, ilk addımı dövlət müəssisələri atsın.

Osman Gündüz
Rabitə və İnformasiya texnologiyaları nazirliyi İnformasiya Cəmiyyətinin İnkişaf departamentinin müdiri Rüfət Gülməmmədov hələ ucuzlaşmanın olmamasında təəccüblü bir şey görmür. Onun sözlərinə görə, dövlət provayderləri hələ bu işə hazırlıq görməkdədirlər və ucuzlaşma hökmən olacaq. Amma nə vaxt olacaq bu məlum deyil:

«Təbii ki, qiymətlərin aşağı salınması bir günün işi deyil. Bunun üçün müəyyən hazırlıq işləri görülməlidir».

RENTABELLİK AXTARIŞINDA OLAN DÖVLƏT PROVAYDERİ

Dövlət provayderi olan «Aztelekom» hazırda yeni qiymətlərlə xidmət göstərməyin rentabelliliyini araşdırır. Qurumun Marketinq Şöbəsinin rəisi Etibar Bağırova görə, nazirlik öz müəssisələrinə tapşırıq verib ki, yeni qiymətlərə uyğun endirimlər edilsin: «Hazırda bununla bağlı təkliflər hazırlanır və rentabellilik gözlənilməklə hesablamalar aparılır ayın sonuna kimi təkliflər hazırlanaraq qərar qəbul olunacaq».

Etibar Bağırov düşünmür ki qiymət ucuzlaşması Aztelekom gəlirlərinə təsir eləsin: «İlkin hesablamalara görə, bu xidmət onsuz da rentabelli olacaq. Yəni bizə sərf edəcək, amma dəqiq nə qədər ucuzlaşacaq bu hələ məlum deyil. Amma mənim öz şəxsi fikrim belədir ki, internet kartların və genişzolaqlı internetin qiyməti təxminən 30-40 faizi aşağı düşməlidir».

Etibar Bağırova görə, bu ilin fevralındakı ucuzlaşmadan fərqli olaraq bu dəfə internetin keyfiyyəti də müsbət yöndə dəyişəcək. O, fevralda internet tariflərindəki ucuzlaşmanın keyfiyyətə müsbət təsir etməməsini qiymətlərin aşağı salınmasıyala bağlı qərarın tələsik qəbul olunmasıyla izah edir.

Amma İnternet Forumun Prezidenti Osman Gündüz hesab edir ki, internetin indiki qiymətlərdə qalması dövlət provayderlərinə sərf edir. Çünki indi onların qazancı daha çoxdur. Osman Gündüzə görə, internet traffikini 10 faizdən 60 faizə qaldıraraq qiymətləri aşağı salmaq imkanları dövlət provayderlərində daha genişdir. Bu baxımdan da forum prezidenti düşünür ki, dövlət provayderləri qiyməti ucuzlaşdırmayana qədər internet tariflərinin aşağı düşməsi reallaşmayacaq.

Şərhləri göstər

XS
SM
MD
LG