Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:21

Yeni həmsədr kimdir?


Robert Bradtke
ATƏT-in Minsk Qrupunda ABŞ-ın yeni həmsədri təyin edilən Robert Bradtke 1973-cü ildən Xarici Siyasət İdarəsində çalışır. 5 il Corctaun, Qayana və Zaqrebdə işləyən Bradtke 1978-ci ildə Vaşinqtona qayıdıb, Şərqi Avropa İşləri İdarəsində və Amerika Siyasi Elmlər Assosiasiyasında araşdırmalar aparıb. Paralel olaraq Senator Matias və Konqresmen Ceyninin ofisində çalışıb.

1983-cü ildə ovaxtkı Almaniyanın paytaxtı Bonna təyinat alıb, Almaniyanın birləşməsindən sonra – 1990-1994-cü illərdə Dövlət Departamentinin Hüquqi İşlər İdarəsində çalışıb.

1992-1993-cü illərdə bir müddət Dövlət katibinin köməkçisinin müavini vəzifələrini icra edib. 1994-cü ildə Dövlət katibi Uorren Kristofer onu xüsusi yardımçısı təyin edib. 2 il bu vəzifədə çalışan Bradtke 1996-cı ildə ABŞ-ın Londondakı Diplomatik Missiyasının rəhbərinin 1-ci müavini vəzifəsinə keçib. 3 ildən sonra Prezident Bill Klinton onu Milli Təhlükəsizlik Şurasının icraçı katibi təyin edib. O, 2001-ci ilə qədər bu vəzifəsində çalışıb.

2001-2004-cü illərdə Dövlət katibinin Avropa və Avrasiya Məsələləri üzrə köməkçisinin NATO və ATƏT-lə münasibətlər üzrə müavini olub. 2006-cı ildə Xorvatiyaya səfir təyin edilib.

Robert Bradtke Çikaqoda doğulub, Notr-Dam Universitetində bakalavr təhsili alıb, Con Hopkins Beynəlxalq Araşdırmalar Məktəbi və Virciniya Universitetində təhsilini davam etdirib.

Amma Bradtkenin nə vaxt doğulduğu haqda məlumat heç bir yerdə yoxdur.

Fransız, alman, rus, italyan və xorvat dillərini bilən amerikalı diplomat iki dəfə Dövlət katibi, bir dəfə prezident tərəfindən xüsusi xidmətlərinə görə mükafatlandırılıb.

Ötən ilin martında - Kosovo müstəqilliyini elan edəndən sonra Serbiyada, Bosniyada və başqa yerlərdə yaşayan serblər etiraz aksiyaları keçirdiyi ərəfədə Robert Bradtke AzadlıqRadiosuna müsahibə verib. O, Kosovonun müstəqilliyinin dönməz olduğunu vurğulayıb:

«Mən ilk öncə qeyd eləməliyəm ki, biz 1990-cı illərə qayıtmayacağıq, bu regionun münaqişələrin baş aldığı o vaxtlara dönməsi mümkün deyil. Mən inanmaq istəyirəm ki, vəziyyət düzələcək, Kosovonun müstəqil olması reallığı ilə barışacaqlar. Burda başqa alternativ yoxdur, bu proses dönməzdir. Kosovo yenidən Serbiyanın bir hissəsi olmayacaq. Serb hökuməti, serb xalqı bu gerçəyi nə qədər tez qəbul eləsə, gələcəyə doğru, Avropa Birliyi yoluna baxsa, bir o qədər yaxşı olar».

1995-ci ildə başqa vəzifədə çalışsa da, Bradtke Bosniyanın bölünməsini rəsmiləşdirən və münaqişəyə son qoyan Deyton sazişinin hazırlanması və imzalanmasında da iştirak edib.

Bradtkenin münaqişələr sahəsində təcrübəsinin çox olması isə ilk növbədə Ermənistan siyasətçiləri və Ermənistan Xarici İşlər Nazirliyini razı salıb. Ermənistan Milli Konqresindən Vladimir Karapetyan, Respublikaçılar Partiyasından Eduard Şarmazanov və Qafqaz İnstitutundan Sergey Minasyan erməni mediasına müsahibələrində bu təyinatdan razı qalıblar. Onlar belə diplomatın həmsədr təyin edilməsini ABŞ-ın Qarabağ münaqişəsinə xüsusi diqqəti kimi məmnunluqla qarşılayıblar.

Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Tiqran Balayan isə bildirib ki, kimi bu vəzifəyə təyin etmək ABŞ-ın öz hüququdur. Onlar bu vəzifədə olan istənilən şəxslə əməkdaşlıq etməyə hazırdırlar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG