Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 13:00

Dindarların işində saxta protokollar üzə çıxır


«Əbu Bəkr» məscidində törədilmiş partlayış nəticəsində 2 nəfər ölüb, 19 nəfərsə yaralanıb

«Əbu Bəkr» məscidində törədilmiş partlayış nəticəsində 2 nəfər ölüb, 19 nəfərsə yaralanıb

«Mən nə narkotik görmüşəm, nə də silah. Heç bir protokola imza atmamışam, bu adamı da birinci dəfədir görürəm».

Bunu sentyabrın 7-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə «Əbu Bəkr» işi üzrə şahid qismində dindirilmiş Samir Ağakişiyev söyləyib.

Samir Ağakişiyev məhkəməyə təqsirləndirilən şəxs Rafiq Ağacanovun tələbi ilə dəvət olunub. Bu şəxsin adı Rafiq Ağacanovun üstündə axtarış aparılması epizodunda hal şahidi kimi keçir.

İttihama görə, MTN işçiləri Rafiq Ağacanovun kirayədə qaldığı mənzildə sonuncunun üstündə axtarış apararkən 16 ədəd patron tapıblar. Samir Atakişiyev axtarış zamanı mənzildə olub və bununla əlaqədar tərtib olunmuş protokola hal şahidi kimi imza atıb.

Lakin Samir Ağakişiyev məhkəmənin nəzərinə çatdırıb ki, o, Rafiq Ağacanovu tanımır, sonuncunun yaşadığı mənzildə olmayıb, heç bir protokolu da imzalamayıb. Belə ki, protokoldakı imza ona məxsus deyil.

Məhkəmə iclasında təqsirləndirilən şəxs Zabit Şıxbabayevin epizodları üzrə onun qonşusu Məlahət Rüstəmova da şahid qismində dindirilib. O bildirib ki, MTN işçiləri Zabit Şıxbabayevin evinə gələrək axtarış aparıblar. Həmin vaxt Zabit Şıxbabayevin azyaşlı bacısı Tamara Şıxbabayeva şahidin evində olub.

Şahidin sözlərinə görə, 10 nəfərə yaxın MTN işçisi onun evinə girərək 13 yaşlı qızı evdən zorla çıxarıblar. Azyaşlını yaşadığı mənzilə aparıblar, orada ona mənzildən narkotik maddələr aşkar edilməsinə dair protokol imzalatdırıblar.

Şahid: «Məni də çağırdılar, dedilər ki, çarpayının içərisindən narkotik tapılıb. Bu sənədləri imzala. Ancaq narkotik mənim gözümün qabağında tapılmadı. Artıq mən gələnə qədər hər şey hazır idi. Mən deyə bilmərəm ki, o narkotik həqiqətən də çarpayıdan tapılmışdı, yoxsa yox».

Təqsirləndirilən şəxs Zabit Şıxbabayev isə bildirib ki, dindardır və haram buyurulanlardan uzaqdır: «Mən heç siqaret çəkmirəm, qaldı ki, narkotikdən istifadə edəm. Həmin narkotiki MTN işçiləri özləri ilə gətiriblər və mənim evimə atıblar».

«Əbu Bəkr» işi üzrə məhkəmə qarşısında 26 nəfər dayanıb. Bu şəxslər «Meşə qardaşları» adlı qanunsuz silahlı birləşmə tərkibində fəaliyyət göstərməkdə və «Əbu Bəkr» məscidində partlayış törədilməsində iştirakda təqsirləndirilirlər.

Vəkil Elman Osmanov təqsirləndirilən şəxslərin oruc saxlamaları ilə əlaqədar məhkəmə iclasına Ramazan ayı bitənədək fasilə verilməsinə dair vəsatət qaldırıb. Məhkəmə vəsatəti əsassız sayaraq təmin etməyib.

Ötən il avqustun 17-də Bakıdakı «Əbu Bəkr» məscidində törədilmiş partlayış nəticəsində 2 nəfər ölüb, 19 nəfərsə yaralanıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG