Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:46

«Əvvəl pulum, sonra iş yerim getdi»


7-8 aydan sonra bir də gördüm bankdan gəliblər ki, kredit ödənmir, maşını qaytarmalısınız
7-8 aydan sonra bir də gördüm bankdan gəliblər ki, kredit ödənmir, maşını qaytarmalısınız
Salyan rayon sakini Elnur Məmmədli yerli kərpic zavodunda işləyib. Danışır ki, qardaşlarıyla «Qazel» markalı mikroavtobus almaq istəyiblər. Nağd ödəmək üçün pulları olmadığından maşını kredit yoluyla almağa qərar veriblər. Elnurun sözlərinə görə, işlədiyi müəssisənin direktoru Rafət Vəliyev onlara bu məsələdə kömək edəcəyini söyləyib:

«Bizə dedi ki, narahat olmayın, pulu verin mənə, ilkin ödənişi edim, sonra hər ay ödəyərsiniz. Mən hər ay maaşımı – 300 manatı ona verirdim. Amma 7-8 aydan sonra bir də gördüm bankdan gəliblər ki, kredit ödənmir, maşını qaytarmalısınız. Hər şey üzə çıxdı. Sən demə, məni aldadırmış. Son iki ay ödənməyin, bir də ilkin ödənişin yarısı ödənməyibmiş.

Elnur Məmmədli iddia eləyir ki, keçmiş direktoru Rafət Vəliyev aldadıb onun pulunu mənimsəyib. O, bu şikayətlə Prezident Aparatına müraciət eləyib, ordan isə onun şikayətini Daxili İşlər Nazirliyinə göndəriblər.

Elnur Məmmədli onu da iddia eləyir ki, şikayət eləməsi nəticəsində işini itirib. Onun hüquqlarını müdafiə edən Emil Məmmədov isə deyir ki, şikayətin araşdırılması üçün Salyan rayon polisinə müraciət olunsa da, hələ də ortada nəticə yoxdur.

«Bu şikayətindən sonra Elnuru işdən də çıxardılar. Guya işlədiyi yerdə qadınlarla dalaşıb».

«MAŞIN MƏSƏLƏSİ ONUN ŞƏXSİ İŞİDİR»

Biz ittihamlara kərpic zavodunun direktoru Rafət Vəliyevin də münasibətini öyrənmək istədik. Amma təəssüf ki, cəhdlərimiz uğursuz oldu. Müəssisənin müsahibi Abuzər Kamalovla əlaqə saxladıq. O, maşın məsələsiylə bağlı yaranmış qalmaqaldan xəbərsiz olduğunu söylədi. Ancaq onu da dedi ki, Rafət Vəliyevin Elnur Məmmədliyə hər hansı şəxsi-qərəzi yoxdur. Onun işdən çıxarılması da yalnız keçmiş işçinin xətaya yol verməsiylə bağlıdır:

«- Kiçik zavodu bizdə. O da qadınlarla işləyir. Qadınları təhqir eləyib. Onlar da bizə şikayət elədilər.

- Niyə məhz Elnurun Prezident Aparatına şikayətindən sonra qadınlar şikayət eləyib?

- Bu maşın məsələsinin zavoda aidiyyəti yoxdur. Bu, onun şəxsi işidir. Elnur il yarım burda işləyib, amma Rafət müəllimlə heç bir problemi olmayıb».

Salyan rayon polis idarəsinin rəisi Fuad Məmmədli isə dedi ki, onlar hələlik Daxili İşlər Nazirliyindən məktub almayıblar. Alan kimi bu məsələni araşdıracaqlar.

Amma bizə verilən məlumata görə, Elnur Məmmədlinin müraciətindən sonra Əmək Müfəttişliyi araşdırma aparır.

YENİDƏN ƏSGƏRLİK?


Ukrayna vətəndaşı Aybəniz Babayeva Azərbaycanda doğulub. Müstəqillik illərinin ilk dönəmində ailəsiylə birgə Ukraynaya köçüb. «Sovet» pasportu dəyişəndə, yəni müstəqil dövlətlər öz şəxsiyyət vəsiqəsini istifadəyə buraxanda onlar Ukraynanın vətəndaşlığını qəbul eləməli olublar. Oğlu da bu ölkədə böyüyüb, bu ölkədə ali məktəbə gedib, bu ölkənin ordusunda hərbi xidmət keçib:

- Artıq yaş keçir, vətənə dönmək istəyirik. Azərbaycanın vətəndaşlığını qəbul etmək istəyirik. Amma bizə deyirlər ki, oğlun yenidən hərbi xidmət keçməlidir.

- Neçə oğlunuz var?

- İki. O biri oğlum isə qan təzyiqi olduğu üçün əsgəri xidmətdən azad olunub. Tibbi arayışı var.

Hüquqşünas Müzəffər Baxışov isə deyir ki, Azərbaycanda doğulduqları üçün onların yenidən bu ölkənin vətəndaşlığını qəbul etməkdə heç bir çətinlikləri olmamalıdır. O ki qaldır hərbi xidmət məsələsinə, Aybəniz Babayevanın oğlu artıq hərbi xidmət keçdiyi üçün onun yenidən əsgərliyə çağırılması yolverilməzdir.

- Müvafiq beynəlxalq konvensiyaya görə, əgər şəxs hər hansı bir dövlətin ərazisində hərbi xidmət keçibsə, artıq onun hərbi mükəlləfiyyəti qanuni sayılır.

- Bir problem də odur ki, ikinci uşaq hərbi xidmətdən xəstəliyə görə azad olub. Onun tibbi arayışı da qüvvədə olacaqmı?

- Nəzərdə tutulan xəstəliklərə görə arayışlar müvəqqəti verilir. Arayışın vaxtı bitən ərəfədə o, Azərbaycan vətəndaşı olarsa, onda yenidən tibbi komissiyadan keçməlidir. Onu da deyim ki, hərbi xidmətdən azad olmaq üçün nəzərdə tutulan xəstəliklərin siyahısı keçmiş sovet respublikalarının əksəriyyətində eynidir.

Bizimlə əlaqə

Bizimlə əlaqə

Sizin də şikayətiniz, hər hansı məsələylə bağlı rəyiniz, fikriniz varsa, buyurun, 436 77 41 nömrəli telefona zəng eləyin, ya da efir@azadliqradiosu.az ünvanına yazın.

Buna da bax:

XS
SM
MD
LG