İstirahət yaxşı şeydir. Alimlər müəyyən edib ki, o qədər yaxşıdır ki, bu günlər işləməyə məcbur olanlar da işə o qədər də həvəs göstərmirlər. İstirahət günü işləmək hətta həkimlərin də ürəyincə deyilmiş. İş günləri ilə müqayisədə istirahət günlərində xəstəxanalara ürəktutması diaqnozu ilə gətirilən xəstələrdə ölüm səviyyəsi daha yüksək olur. Bunu «New England» tibb jurnalının son nəşrində dərc olunmuş tədqiqatın nəticələri deyir. Jurnal yazır ki, şənbə-bazar günləri xəstəxanalarda çalışan işçilərin sayı daha az olur. Üstəlik, bu işçilər çox vaxt insan həyatını xilas etmək üçün mürəkkəb və riskli əməliyyatları həyata keçirməyə həvəsli olmurlar. Araşdırma nəticəsində müəyyən olunub ki, şənbə-bazar günləri qəbul edilən xəstələrin təqribən 1/3-də bir neçə gün ərzində anqioplastika aparılır. Anqioplastika elə bir proseduradır ki, bu zaman ürəyin daralmış və ya bağlanmış koronar damarlarını açmaq üçün şardan (balondan) istifadə edilir. Bu prosedura xəstələrin 90 faizində koronar arteriyalardan və ürəkdən qan axınını xeyli yaxşılaşdırır. Bu, hətta sonradan aorta-koronar şuntlama əməliyyatı aparmaq ehtiyacını da aradan qaldıra bilər. Doğrudur, anqioplastika mürəkkəb bir prosedura deyil. Ancaq hər halda, onu mütəxəssislər edir. O həkimlər ki, onlar şənbə-bazar günləri bir qayda olaraq istirahət edir, yəni işdə olmurlar. Tədqiqatın müəllifləri öz araşdırmalarını kifayət qədər çox xəstə üzərində aparıblar. Onlar Birləşmiş Ştatların şərqindəki Nyu-Cersi ştatının xəstəxanalarına baş çəkib 200 mindən çox pasiyentin xəstəlik tarixçəsini öyrəniblər. «Xəstələrə qulluq edən insanlar həmişə yaxşı başa düşürlər ki, qulluq heç də həftənin 7 günü və ya günün 24 saatı eyni səviyyədə olmur. İş günləri xəstəyə qulluq daha yaxşı olur. Gecə vaxtı işçilərin sayı azalır, növbədə xəstələrin vəziyyətindən kifayət qədər hali olmayan adamlar qalır. Eyni şeyi şənbə-bazar günləri üçün də söyləmək olar». Bunu tədqiqatın nəticələrinin dərc olunduğu jurnalın redaktoru Tomas Li deyir. O bildirir ki, ürəktutması hallarında zaman amili həlledici ola bilər: «Çox vaxt xəstənin qeyri-iş günü əməliyyat edilməməsi və əməliyyatın bazar ertəsinə saxlanmasının elə bir ziyanı olmur. Ancaq infarkt elə bir diaqnozdur ki, burada təxirə salma həyati təhlükə törədə bilər». Li başa düşür ki, problemin həlli asan məsələ deyil. O deyir ki, günün 24 saatı mürəkkəb ürək əməliyyatları aparan həkim heyəti saxlamaq xəstəxanalara çox baha başa gələr. Əlbəttə, bu da səhiyyə xərclərinin artmasına gətirib çıxarar. Üstəlik, lazımi ixtisasa malik mütəxəssislərin çatışmazlığı səbəbindən dünyada, o cümlədən Birləşmiş Ştatlarda bu, mümkün olmaz. Li onu da deyir ki, ürək üzrə mütəxəssislərin hətta şənbə-bazar günləri işləmələri ilə belə problemin köklü həllinə nail olmaq mümkün deyil. Linin fikrincə, ayrı-ayrı şəxslərin məsuliyyətindən danışmaqdansa, hərtərəfli dəyişikliklər barəsində düşünmək lazımdır. Məsləhət də var. Belə dəyişikliklər olana qədər çalışın şənbə-bazar günləri xəstələnməyin. |
Buna da bax:
Azadlıq Trend
1
'AvtoVAZ' sanksiyalardan yayınmaq üçün Azərbaycanda avtomobil istehsal etməyə başlayıb?
2Əliyev: 'Azərbaycan və Rusiya daha bir möhtəşəm layihəyə başlayır'
3Əliyev eksklavların taleyinə aydınlıq gətirir
4Moskvada Putin-Əliyev görüşü ilə bağlı: 'Sürpriz o ola bilər ki…'
5Kadırov xəstədir, onu Alaudinov əvəz edə bilər -KİV
AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib
Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.
Ətraflı məlumat üçün bura klikləyin.