Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 12:50

Sumqayıtda köçkünlərlə polis arasında toqquşma - polisdə saxlanılanlar var


Bu barədə AzadlıqRadiosuna Qubadlı köçkünü Osman Qəhrəmanov məlumat verib. O, bildirib ki, bu gün Sumqayıt şəhərində Qubadlı rayonundan olan bir qrup məcburi köçkünlə polis arasında qarşıdurma baş verib. Səbəb köçkünlərin məskunlaşdığı evlərdən çıxarılması olub:

«Sumqayıt şəhəri, 9-cu mikrorayondakı 29, 30 və 31-ci binaların sakinlərinə yaşamaq üçün yer verilmədən mənzillərdən çıxarılırlar. 3 binada yaşayan sakinlərin təxminən 90%-i məcburi köçkünlərdir».

O.Qəhrəmanov deyir ki, köçkünlər həmin mənzillərin qanuni sahibləri tərəfindən məhkəməyə veriliblər. Məhkəmə də mülkiyyətçilərin iddiasını təmin edib, köçkünlərin məskunlaşdıqları mənzillərdən çıxarılmasına dair qətnamələr çıxarıb.

Sentyabrın 3-də məhkəmə icraçıları qətnamələri icra etmək üçün həmin binalara gəliblər və köçkünləri mənzillərdən çıxarmağa başlayıblar. Köçkünlərsə, özləri dediyi kimi, yaşamağa başqa yerləri olmadığından mənzillərdən çıxmaq istəməyiblər. Bu yerdə işə polis qarışıb:

O.Qəhrəmanov: «Sumqayıt Şəhər Polis İdarəsinin təxminən 30-a yaxın əməkdaşı hadisə yerinə göndərilib. Köçkünlərlə polis arasında mübahisə yaranıb və ara qarışıb. Polis əməkdaşları məcburi köçkünlərdən 7 nəfəri qandallayaraq Şəhər Polis İdarəsinə aparıb».

Qubadlı sakinləri 29, 30 və 31 saylı binalarda 1993-cü ilin avqust ayında dövlət tərəfindən müvəqqəti məskunlaşdırılıb. Məcburi köçkün deyir ki, bu binalara köçərkən binalar təmirsiz idi:

«Buraları biz yaşayış üçün yararlı vəziyyətə gətirmişik. Evlərdən o vaxt çıxarıq ki, bizə yaşamaq üçün yer verilsin. İndiyə kimi bizə heç bir yer təklif olunmayıb».

Sumqayıt Şəhər Polis İdarəsinin növbətçi hissəsindən yeddi nəfərin həbsi faktını təsdiqləsələr də, əlavə məlumat verməyiblər.
XS
SM
MD
LG