Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:58

«Prezidentlik də bir iş deyil», - deyən Voronin gedir?


Vladimir Voronin
Vladimir Voronin
VORONİNİN TAKTİKASI?

Moldovanın kommunist lideri Vladimir Voroninin müvəqqəti icra etdiyi prezidentlikdən istefaya getməsi sürpriz olub. Keçmiş SSRİ məkanında indiki ya köhnə kommunist lider və ya qeyri-kommunist başçı öz xoşu ilə nə vaxt prezidentlikdən gedir?

Ancaq ola bilər, bu istefa «müvəqqəti prezidentlik eləməyə meylim yoxdur» –deyən Voroninin taktikasıdır.

Moldovada prezidenti parlament seçir. Qərbpərəst koalisiyanın parlamentdəki çoxluğuna baxmayaraq, onlara prezidenti seçməyə 8 səs çatmır.

Dünənki müxalifət, bugünkü parlament çoxluğu iki dəfə prezidenti seçə bilməsə, yeni parlament seçkiləri olacaq.

Voroninin taktiki gediş eləməsi versiyasının tərəfdarları deyirlər ki, kommunistlərsiz Qərbpərəst koalisiya prezident seçə bilməz. Kommunistlər isə heç kimlə danışmaq istəmir.

5 PARTİYANIN HƏR BİRİNİN PREZİDENTLİYƏ ÖZ NAMİZƏDİ VAR


Ümumiyyətlə, parlamentdə təmsil olunan 5 partiyanın hər birinin prezidentliyə öz namizədi var, onlar arasında kompromis gözlənilmir.

Qərbpərəstlərin prezidentliyə əsas namizədi Marian Lupu hesab olunur. Liberal Demokratik Partiyanın lideri Lupu deyir: «29 iyul parlament seçkilərindən sonra biz dedik ki, hamımız oturub danışmalıyıq. Amma danışan olmadı. Biz danışıqlarda təkid edirik. Çünki vaxt yoxdur. İqtisadi, siyasi, sosial vəziyyət pisləşir».

Lupu kommunistlərlə kompromisə tərəfdardır. Ancaq kommunistlər onunla danışıqlara getmirlər.

Mihay Gimpu
Kommunistlər mərkəzçi sol koalisiya yaradacaqlarını deyirlər, ancaq kiminlə yaradacaqlar? Parlamentə düşən keçmiş müxalifət partiyalarının heç biri kommunistlərin başçılıq etdiyi koalisiyaya qoşulmaq istəmir.

Qərbpərəstlərin prezidentliyə ikinci namizədi Mihay Gimpudur. Voronin istefaya getməklə müvəqqəti prezidentliyi rəqib Qərbpərəst koalisiyadan olan parlament sədri Gimpuya vermiş olur.

«BİZ YENƏ HƏMİN SİMALARI GÖRÜRÜK»

Parlament sədri və Rumıniya ilə daha sıx əlaqələrə tərəfdar olan Liberal Partiyanın sədri Gimpunun prezident seçilmək şansları çox azdır. Çünki kommunistlər onun parlament sədri olmasını da istəmirlər.

Voroninə qayıdaq. O deməyib ki, prezidentlikdən nə vaxt gedir. Bununla belə adının çəkilməsini istəməyən bir rəsmi «Reuters»ə deyib ki, bu, gələn həftə olacaq.

Xatırladaq ki, Moldova Konstitusiyası 2 dəfədən artıq prezidentliyə icazə vermir. Ona görə də iki dəfə prezident olmuş Voronin yeni prezident seçilənə qədər müvəqqəti prezident vəzifələrini icra edir.

Bir problem də öz müstəqilliyini 19 il əvvəl elan etmiş Dnestryanı regiondur. Rumıniyapərəstlərin Moldovada hakimiyyətə gəlməsi haqda Dnestryanı regionun lideri İqor Smirnov deyib ki, «Biz yenə həmin simaları görürük. O simaları ki 1980-ci illərdə «Moldova rumınlar üçündür»,- deyib, bizə güllə atırdılar».

Dnestryanı regionda rusdillilər yaşayır və burda rus qoşunları yerləşib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG