Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:36
Orta məktəblərdə dərslərin başlanmasına iki həftədən də az vaxt qalıb. Məktəb ləvazimatları satılan mağazalarda qızğın alış-veriş gedir. Bu mağaza sahiblərindən biri Zaur Abdullayev deyir ki, keyfiyyətli malların qiymətində bahalaşma var:

«Qiymətlər keyfiyyətinə görə dəyişir. 20-30 qəpiyə də dəftərlər var. Rusiyadan gələn dəftərlər isə 1 manat, 1 manat 20 qəpikdir. Çindən gələn çantalar 12-15 manata, Türkiyə, Rusiyadan gələnlərsə 45-50 manatadır. Bahalı mal keyfiyyətli də olur».

ƏN AŞAĞI QİYMƏTLƏ BİRİNCİ SİNİF ŞAGİRDİ ÜÇÜN AZI 100 MANAT XƏRC ÇƏKMƏK LAZIMDIR

Nisbətən ucuz mallar satan Alim Babayev də deyir ki, keçən illə müqayisədə məktəb ləvazimatlarının qiyməti 20 faiz artıb. Ən ucuz malların qiymətinə gəldikdə, 1 ədəd qələm 20 qəpik, 12 vərəqli dəftər 10-15 qəpik, rəsm dəftəri 80 qəpik -1 manat, gündəlik 60 qəpik, pozan 50 qəpik, məktəbli forması 30-50 manat, məktəbli çantası 12-13 manatdır. Birinci sinif şagirdini məktəbə göndərmək istəyən valideyn ən aşağı qiymətlərlə məktəb ləvazimatları alsa, 70-100 manat xərc çəkməlidir. Yuxarı sinif şagirdinin xərci bundan bir neçə dəfə bahadır.

VALİDEYNİNİN GƏLİRİNİ NƏZƏRƏ ALAN ŞAGİRD DƏ VAR, BAHALI GEYİM TƏLƏB EDƏN DƏ

Orta məktəb şagirdi Fərid Quliyev deyir ki, valideynlərinin gəlirlərini nəzərə alır. Ona görə də çalışır ki, paltarlarını köhnəltməsin:

«Qiymətlər bahadır, gərək paltarlarımı köhnəltməyim ki, gələn il də geyinə bilim».

Bu həmsöhbətlərimsə deyirlər ki, valideynlərindən çox şey tələb edirlər: «Mənim üçün hər şey alırlar. Keyfiyyətli çanta olsa, o biri il də apararam. Ucuz alırlar deyə, hər il yenisini istəyirəm».

«Biz məktəbli formasını pul yığıb məktəbdə alırıq;

Mənim kostyumumun qiyməti 50 dollardır. Başqa məktəb ləvazimatları 100 dollara gəlib çıxır…»

VALİDEYNLƏRİN ÇOXU QAYĞILIDIR

Valideynlərin çoxu isə qayğılı görünür.

«Ucuz mal da var, baha da. Gücümüz nəyə çatır, onu alacağıq. Bahaçılıqdır, ancaq uşağı məktəbə göndərmək lazımdır».

Özü məktəbdə müəllim işləyən Abdulla Bağırov deyir ki, iqtisadi amillərin uşaqların tədrisinə təsir göstərməsini tez-tez müşahidə edir:

«Əvvəllər hamı eyni geyinirdi, heç kim sıxılmırdı, utanmırdı. İndi isə başqa cürdür. Mən görürəm ki, kasıb uşaqlar geyiminə görə imkanlılardan utanır. Bu da təlim-tərbiyəyə təsir göstərir».

Müəllim deyir ki, dövlətin də şagirdlərə yardımı olmalıdır.

KİTABLAR PULSUZ VERİLƏCƏK

Təhsil Nazirliyindənsə deyirlər ki, dövlət məktəblilərə dərs kitablarını pulsuz verir. Bu da ən böyük yardımdır. Bu il də məktəblilərə dərsliklər pulsuz paylanacaq. Bu il bütün orta məktəblər üçün vahid məktəbli formasının tətbiq olunacağı deyilsə də, sonradan Bakı Şəhəri üzrə Təhsil İdarəsi bunu təkzib etdi. Yəni bu il də hər məktəbin özünün vahid forması qalacaq.

Yeni dərs ilində 100 mindən artıq şagird birinci sinfə gedəcək. Məktəblilərin ümumi sayının isə 1 milyondan artıq olacağı gözlənilir.

Şərhləri göstər

XS
SM
MD
LG