Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:33

Stalinin Hitlerdən fərqi varmı?


Stalin və Hitler

«Financial Times» qəzeti «Putin və Stalin» adlı baş məqaləsində yazır ki, Rusiyanın baş naziri Polşada 2-ci Dünya Müharibəsinin başlanması ilə bağlı mərasİmə qatıldı, Polşa qəzetinə yazı yazdı, Sovet İttifaqının müharibənin başlanmasındakı mənfi rolunu pislədi, Ribbentrop-Molotov paktını mənəviyyatsızlıq adlandırdı. Amma qəzet yazır ki, bu heç də Putin hakimiyyətinin Stalindən qalma mirasa kökündən yenidən baxması demək deyil.

STALİNİN TƏNQİDİ RUSİYANIN TƏNQİDİ KİMİ BAŞA DÜŞÜLÜR

Qəzet öz baş məqaləsində daha sonra yazır ki, Rusiya Stalinin əməllərini səmimi şəkildə müzakirə etməyə hazır deyil. Rusiyada qəbul edirlər ki, o, öz xalqına qarşı cinayətlər törədib, repressiyalar aparıb, amma onun Hitler kimi qaniçən diktatora tay olduğunu etiraf etmək istəmirlər. Rusiyada ehtiyat edirlər ki, bu, nasist Almaniyası üzərində qələbəyə və bunun üçün verilən böyük qurbanlara kölgə salar.

Cənab Putinin avtoritar elitası kommunist sələflərini heç vaxt pisləmir, utanmadan o dövrün ovqatını istismar edir, Stalin haqda tənqidləri Rusiyaya qarşı tənqidlər kimi qəbul edir.

«Financial Times» yazır ki, Rusiya gərək 2-ci dünya müharibəsində nasistlər üzərində qələbə mövzusunu Stalinin şəxsiyyəti mövzusundan ayırsın, bunun üçün tarixçilərə azadlıq verilsin. Amma bir yerdə ki tarixin saxtalaşdırılmasına qarşı qanun qəbul edib bunu cinayət kimi tövsif edirlər – orda belə azadlıqdan danışmaq yersizdir.

POLŞA SİYASƏTÇİLƏRİNDƏ DƏ AZ YOXDUR

Putin Polşanın Qdansk şəhərində 2-ci Dünya Müharibəsinin başlanmasının 70 illiyi ilə bağlı keçirilən mərasimdə. 1 sentyabr 2009

Anita Prazmovska «Guardian» qəzetindəki məqaləsində Putinin Polşa xalqına mesajının gecikdiyini yazır. O qeyd edir ki, polyaklar Putinin Ribbentrop-Molotov paktına görə üzr istəməsini heç də alqışlarla qarşılamayıblar. Üstəlik onun Sovet İttifaqının nasist Almaniyasının tam məğlub edilməsi üçün əlindən gələni etdiyini deməsi bir bəhanə kimi qəbul edilib. Bundan başqa Putinin Xatın faciəsini, 20 mindən çox polyak zabiti və ziyalısının güllələnməsini etiraf etməsi də Polşa ictimaiyyətini tam qane edə bilməz.

Müəllif yazır ki, əvvəla Putin danışanda Ribbentrop-Molotov paktını 1938-ci ildə bağlanan Münxen sazişi ilə əlaqələndirir. Həmin sazişlə Çexoslovakiyanın nasistlərin nəzarətinə keçməsində polyakların da mənfi roluna işarə edir. Bundan başqa Xatın faciəsi 1920-ci ildə Polşa tərəfindən ələ keçirilən sovet əsirlərinin aqibəti ilə əlaqələndirilir. Polşa tarisində də qara səhifələr var. Amma Rusiya üçün düzgün yol hansısa hadisəni qiymətləndirərkən onu başqa hadisələrin kontekstinə daxil etməmək olardı. Bundan başqa polyaklar üçün 2-ci Dünya Müharibəsi təkcə nasist işğalının yox, həm də müharibədən sonra sovet işğalının başlanğıcıdı. Rusiya bunun üstündən keçməyə, susmağa üstünlük verir.

Düzdü, Polşada düşünürlər ki, Putinin məktubunda pozitiv məqamlar var. Bu, barışıq üçün ilk addım ola bilər. Amma məsələ burasındadı ki, Polşada da tarixdən bir vasitə kimi istifadə etmək istəyənlər var. Məsələn, indiki prezident Kaçinski kimi. O insanların vətənpərvərlik hisslərindən yararlanıb yenidən bu vəzifəyə seçilmək istərdi. Təsadüfi deyil ki, 2-ci Dünya Müharibəsinin başlanmasına həsr olunan mərasimdə o «Polşanın üzr istəməsi üçün heç bir səbəb yoxdur» dedi.

Alman əsgərləri Polşaya daxil olur. 1939-cu ilin sentyabrı.

Müəllif yazır ki, bu qarşılıqlı bəyanatlardan belə nəticə çıxarmaq olar ki, xarici siyasət ictimai çıxışlarda həyata keçirilməməlidir. Əgər Rusiya və Polşa 2-ci Dünya Müharibəsinin qurbanlarıdırsa, belə çıxışların münasibətlərin yaxşılaşmasına çətin ki bir xeyri ola. Hər iki tərəf tarixi özünə sərf edən formada yoxur və öz ölkəsinin ictimaiyyətinə hesablanan çıxışlar edir.

STALİNİN QULAQİ

Adam Miçnik Polşanın «Gazeta Wyborcza» qəzetindəki məqaləsində yazır ki, Putinin məktubunu müsbət jest kimi qiymətləndirmək olar. Amma Rusiyanın baş naziri həqiqəti axıracan deməyib. «Biz polyaklar üçün – bir çox rus demokratları kimi – Stalin cinayətkar və işğalçıdır, QULaq düşərgə sistemini yaradan adamın Hitlerdən heç bir fərqi yoxdur».

Müəllif yazır ki, Münxen sazişi həqiqətən də pislənməlidir, bu Avropa demokratlarının böyük səhvi idi. Amma bunu Polşaya hücum edib onu bölməklə bağlı Stalin və Hitler rejimləri arasında bağlanan mənəviyyatsız paktla eyniləşdirmək olmaz.

Şərhləri göstər

XS
SM
MD
LG