Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:19

Bölgə aeroportlarının sərnişin xiffəti


Deputat: İndi sərnişin üzünə həsrət qalan bölgə aeroportlarında 2013-cü ildə növbəyə duracaqlar

Deputat: İndi sərnişin üzünə həsrət qalan bölgə aeroportlarında 2013-cü ildə növbəyə duracaqlar

İndi regionlarda mövcud olan dörd hava limanından yalnız birindən - Naxçıvan aeroportundan Bakıya uçuşlar davam edir. Tikilməsi və yenidən qurulmasına üst-üstə 150 milyon manata yaxın vəsait ayrılan Gəncə, Zaqatala və Lənkəran hava limanlarından Bakıya reyslər isə dayandırılıb. Səbəb uçuşlardan gəlir əldə olunmamasıdır. Regionlardan Bakıya və geriyə təyyarə ilə sərnişin daşıma rentabelli sahə deyil, yəni sərnişin yoxdur.

BİR TƏYYARƏNİN ÜMİDİNƏ QALAN LƏNKƏRAN HAVA LİMANI

«Azal» Hava Yolları Dövlət Konserni problemi müvəqqəti sayır. Amma reyslərin nə vaxt bərpa olunacağı məlum deyil. Konsernin mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli deyir ki, əslində, Naxçıvana da təyyarə reysləri rentabelli deyil, amma blokada şəraitində olan Muxtar Respublika ilə Bakı arasında yalnız hava nəqliyyatıyla əlaqə mümkün olduğundan bu reysləri saxlamaq məcburiyyətindədirlər.

M.Səfərli deyir ki, sərnişin qıtlığı üzündən Bakıya reyslər tam dayansa da, regional hava limanları fəaliyyət göstərir:

«Sentyabrın 5-də Lənkəranda futbol var, Finlandiyadan və digər yerlərdən ora təyyarələr gələcək. Gəncədən Sankt-Peterburqa, Moskvaya reyslər var. Bu yaxınlarda Ukraynaya - Donbasa reys açılıb. Gəncə, Lənkəran aeroportları tam bağlı deyil, sadəcə, müntəzəm reyslər yoxdur. Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimovun şəxsi təyyarəsi ara-sıra Lənkəran hava limanına enir. Bizneslə bağlı digər təyyarələr də bu aeroportdan istifadə edirlər».

M.Səfərli deyir ki, bölgələrdə hava limanları regionların sosial iqtisadi inkişaf proqramı çərçivəsində tikilib və hökm deyil ki, bu aeroportlardan Bakıya müntəzəm reyslər olsun:

«Biz istəyirik ki, Lənkərandan Moskvaya, İstanbula birbaşa reyslər açaq. Təzə təyyarələr alandan sonra bu işə başlayacağıq. Gələcəkdə qlobal işlərimiz çoxdur».

ZAQATALA HAVA LİMANI TURİST OLANDAN-OLANA İŞLƏYİR

Məhərrəm Səfərli deyir ki, Zaqatala hava limanına da müntəzəm uçuşlar yoxdur. Bura turistlər olandan-olana reyslər olur.

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov isə deyir ki, regionlarda hava limanları tikməzdən əvvəl onların hansı problemlərlə üzləşəcəyi öyrənilməli idi.

«DÖRD İLDƏN SONRA BÖLGƏDƏ TƏYYARƏLƏRƏ NÖVBƏ OLACAQ»

Deputat Nazim Məmmədov isə bölgələrdəki yeni hava limanlarını gələcəyə hesablanmış investisiya hesab edir. Onun hesablamalarına görə, indi sərnişin üzünə həsrət qalan bölgə aeroportlarında 2013-cü ildə növbəyə duracaqlar.

N.Məmmədova görə, hava limanları büdcə vəsaitlərinə tikilib və ya yenidən qurulub. İndi onların rentabelli olması daha çox menecerlik işinin necə qurulmasından asılıdır. Deputat bildirir ki, prezident hava limanlarının açılışında iştirak edir, bu sahəyə cavabdeh olanlar isə işlərini bu açılış mərasimlərindən sonra bitmiş hesab edirlər.

ÜÇ İLƏ NƏLƏRİ QURDU PREZİDENT

Bölgələrdə aeroportların açılışına çoxları sevinmişdi. Ən çox sevinənsə Gəncə Hava Limanının uçuşların təhlükəsizliyi üzrə müfəttişi Bayram Qədirov olmuşdu. Onun 2006-cı ildə rəsmi dövlət qəzeti olan «Azərbaycan»da çap olunmuş bir bəndlik şeirindən bu sevinc açıq-aydın hiss olunur. O, prezidentin and içməsinin üç illiyi günündə limanın açılışını xüsusi dəyərləndirirdi:

Gəncədə beynəlxalq hava limanı,
Sevindirdi xalqı, eli-obanı,
Otuz bir oktyabr, andiçmə anı,
Sözünün üstündə durdu Prezident,
Üç ilə nələri qurdu Prezident!

Bayram Qədirovu tapıb ondan Gəncədən paytaxta təyyarə reyslərinin dayanmasına şeir həsr edib-etməməsini soruşmaq istədik, amma onu çox axtarsaq da tapa bilmədik.

Gəncə aeroportunun müasir standartlar səviyyəsində yenidən qurulmasına 39.5 milyon manat ayrılıb. Lənkəran hava limanının tikintisinə 51.5 milyon manat, Zaqatala aeroportunun yenidən qurulmasına isə 27.1 milyon manat xərclənib.

Buna da bax:

Şərhləri göstər

XS
SM
MD
LG