Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:26
«Azadlıq»: «Bir zamanlar zəhmətkeş xalq kütlələrinin «peyğəmbəri» Karl Marksın adını daşıyan prospekt boyunca indi kasıb əhali köməksiz və çarəsiz vəziyyətdə hökumətlə qarşıdurma ovqatı içindədir. Söhbət Binəqədidə yerləşən məşhur «Xutor» massivində aparılan söküntü işlərindən gedir. Burda iki tikintisi tamamlanmamış bina artıq xüsusi texnikayla dağıdılır.

Rəsmi açıqlama olmasa da, el arasında tək bir versiya var: Bu hündür binalar prospektin o biri tərəfində İlham Əliyev üçün tikilən iqamətgahlara maneçilik törədib. Təxminən, Krılovun «Qurd və Quzu» təmsilindəki kimi bir vəziyyət… Yeri gəlmişkən, yeni iqamətgahı görünməz etmək üçün onun prospektlə kəsişən sərhədində 20 metr hündürlükdə beton sədd ucaldılır…

Söküntünün təkcə iki göydələni əhatə etməyəcəyi barədə də mətbuatda kifayət qədər məlumat dərc edilib. Bəs əhaliyə olunan təkliflər nədən ibarətdir? Onlar köçürülmə prosesinə necə yanaşırlar?

Dünən «Xutor»da olub sakinlərin fikirlərini öyrənmişik: «Bizim hələ özümüzə də məlum deyil ki, burda nə etmək fikirləri var. Heç nə demirlər. Bir dəfə JEK işçiləri gəlib ölçüb gediblər. 1964-cü ildən burda yaşayıram. 1947-ci ildən bu massiv salınıb. Rəsmi olmasa da, eşitdiyimizə görə Hövsana köçürmək istəyirlər. Mən yaşlı adamam, indən belə harasa necə uyğunlaşacam?» - bu sözləri söküntünün lap yaxın qonşuluğunda yaşayan Bayram Əsgərov adlı müəllim söyləyir.

Bayram müəllim köçürülməylə yanaşı aparılan söküntü işlərindən də sakinlərin narazılığını dilə gətirir: «Uzun müddət bu binaların tikintisində olan səs-küydən əzab çəkdik. İndi də söküntü çıxıb ortaya… Toz-torpaq əlindən tərpənmək olmur, başqa tərəfindən də texnikanın səs-küyündən yaşamaq mümkün deyil. Biz insan deyilik bəyəm, nə vaxt öz evimizdə rahat yaşayacağıq?»

«Yeni Müsavat»: Ramazan ayının gəlişi ilə ölkədəki dini kəsimin də yerli telekanallardan gözləntisi artır. Xüsusən imsak və iftar saatlarında telekanallarda dini mövzulu verilişlərin yayımlanmasını istəyən tamaşaçının istəkləri heç də həmişə yerinə yetmir. Media eksperti Zeynal Məmmədli Azərbaycan televiziyalarında, sadəcə, xəbərlər buraxılışlarını izlədiyini dedi. Amma bununla belə, müsahibimiz xəbər buraxılışlarının da həmin telekanalda Ramazan ayı ovqatının olub-olmamasını təsbit etmək üçün yetərli olduğunu dedi:

«Düzü, xəbərlər buraxılışlarından bu, hiss olunmur. Amma «hiss olunmalıdırmı» sualına gəlincə, bunu istəyənlər cəmiyyətin önəmli bir hissəsidirsə, lap önəmli deyil, azlıqdırsa belə, gərək o vətəndaşların bir hissəsi üçün o əziz, müqəddəs bayram hiss olunsun. Təkcə müsəlman kəsimlər üçün yox, əhalinin başqa dindən olan kəsimlərinin də heç bir fərq qoyulmadan müqəddəs bayramları hiss olunmalıdır. Çoxluğa aid olan bayram azlığa aid olan bayramdan zamanca da bir az çox hiss edilməlidir. Buna ilk növbədə dövlətdən maliyyələşən televiziyalar, xüsusən də qanuni öhdəliyi olan İctimai Televiziya riayət etməlidir. Mən çox təəssüf edirəm ki, bu televiziya ona verilmiş fürsətdən - Ramazan ayında əhalinin ayrı-ayrı kateqoriyaları arasında ünsiyyətin yaranmasına xidmət etmə fürsətindən istifadə etmədi. Azərbaycan cəmiyyətində bu, çox ciddi problemdir. Çünki bizdə çox varlılar və çox yoxsullar var. Bunların arasında hansı ünsiyyət var? Bu, çox böyük problemdir».

«Bizim Yol»: «Feodalizm altında inləyən rayonlardan birində tanışım bələdiyyədən pulla torpaq alıb ev tikirdi. Nazim Hikmət demişkən, «minnəcik bir ev».
Köməksiz bir insandır. Xəstə anası var və ikilikdə kirayədə qalırlar. Avtoqəza keçirib və ayağını sındırıb. Bu cür iki nasaz adam baş-başa günlərini keçirirlər. Ev isə illərdir tikilir, başa çatmır. Gücü 400 «kubik»lik divarlara və üstü örtəcək «şifer»ə çatıb». Məmməd Süleymanov «Qullar dünyası» sərlövhəli köşə yazısında belə yazır.

«Ev ümumi bir həyətdə tikilir. 100 illik keçmiş karvansaray binasının yanında. Və o həyəti dəbdə olan pul yuyumu qaydasına sadiq qalaraq parka çevirmək qərara alınır. Tikililər sökülür.
Tanışımın bu haqda yalnız sökülmə günü xəbəri olur. Nə bir xəbərdarlıq, nə kompensasiya.
Bu haqda ona oradakı qonşular xəbər verir. O qonşularsa tez-tez tanışımın kirayə qaldığı evə gələr, dərdlərini danışar, xəstə ananın başını sığallar, nasaz tanışıma ürək-dirək verərdilər. Bir sözlə, mehriban dərd ortaqları. Eyni məzlumlar sinfinin nümayəndələri...
Söküntüdən xəbər tutan tanışım ayaqlarını sürüyərək hadisə yerinə yollanır. Və bu dünyanın hər acısını görməyinə, həyat təcrübəsinin zənginliyinə baxmayaraq gördüklərindən şoka düşür.
Divarlar dağıdılıb, daşlar və dam örtüyü yerdə. Və onun xəstə anasına baş çəkən qonşular da burada. Onlar nə etsələr yaxşıdır? Onlar tanışımın «kubik» və «şiferlər»ini öz aralarında bölüb daşıyırlar. Özlərinə, evlərinə».

«Yeni Azərbaycan»: «1919-cu il sentyabrın 1-də Bakı Dövlət Universitetinin (BDU) yaradılması barədə qərar verilib. Elə həmin ilin noyabrın 15-də universitetdə ilk mühazirə oxunub. 2009-cu il ona görə əlamətdardır ki, bu il universitetin fəaliyyətə başlamasından 90 il keçir». Bu fikirləri BDU-nun rektoru Abel Məhərrəmov dünən keçirdiyi mətbuat konfransında səsləndirib.

Onun sözlərinə görə, fəaliyyətə tarix-filologiya və fizika-riyaziyyat fakültələri ilə başlayan universitetin indi təkcə bir korpusunda - yeni tikilən binasında 3 fakültə, 5000 tələbə təhsil alır. Artıq BDU dünyanın ən tanınmış təhsil ocaqlarından biridir. A.Məhərrəmov onu da qeyd edib ki, sentyabrın 7-8-də Bakı Dövlət Universitetində MDB ölkələri universitetlərinin həmkarlar təşkilatları Avrasiya Assosiasiyasının XXII qurultayı keçiriləcək. MDB ölkələrindən 100-ə yaxın iştirakçı və çoxsaylı qonaqların qatılacağı qurultayda hesabat məruzəsi dinləniləcək, qurumun qlobal dünyada rolu və vəzifələri, MDB ölkələrinin dövlət gənclər siyasəti, gənclərlə iş aparmağın müasir formaları və digər məsələlər müzakirə olunacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG