Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:29

Qubadlının işğalından 16 il keçir


1993-cü il avqustun 31-də Azərbaycanın Qubadlı rayonu bütünlükdə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub

1993-cü il avqustun 31-də Azərbaycanın Qubadlı rayonu bütünlükdə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub

«Qayınanam və qayınatam bizdə olurdu. Onlar mal-qaranı aparmışdılar örüşə, getdik görək onlar hardadırlar? Bu vaxt 5-6 erməni əsgər bizi əsir götürdü».

Qubadlı rayon Həmzəli kənd orta məktəbinin idman müəllimi Kərəm Yusifov Qubadlının işğal günü yaxınları ilə birgə əsir düşdükləri anı belə xatırlayır. Deyir ki, əl-qollarını bağlayandan sonra bir gün onları kəndlərindəki Yazıdüzü ərazisində saxlayıblar. Səhəri gün Cəbrayılın Hərəki kəndinə, növbəti gün isə rayondan olan daha 10 əsirlə birgə Xankəndinə aparıblar. Əsirlərdən bir cavan oğlan Bakının Qaradağ rayonundan Qubadlıya yenicə qonaq gəlibmiş.

ƏSİRLƏRƏ KÜÇƏ SÜPÜRTDÜRÜRMÜŞLƏR, DAŞ KARXANALARINDA İŞLƏDİRMİŞLƏR

Kərəm Yusifov deyir ki, onları doqquz ay qadınlar və uşaqlarla bir yerdə Xankəndində, rusların 366-cı alayının qaupvaxtında saxlayıblar. Orda Ağdamdan olan əsirlər də saxlanılırmış. Ümumilikdə 26-27 nəfər əsir bir yerdə saxlanılırmış.

Onun sözlərinə görə, əsirlərə küçə süpürtdürürmüşlər, daş karxanalarında işlədirmişlər. Kişi əsirlərin çoxu Ağdamdakı daş karxanasında işləyirmiş.

Kərəm Yusifov deyir ki, hər gün erməni əsgərləri onlara hansısa əraziləri tutduqlarını deyirmişlər. Hətta bir dəfə əsirlərə artıq Əli-Bayramlını –indiki Şirvan şəhərini də tutduqlarını deyiblər. Əsirlər başqa yerdən məlumat ala bilmədiklərindən bunlara inanırmışlar. Amma sonradan onlarla birgə qaupvaxta salınan erməni əsgərlərin dediklərindən məlum olurmuş ki, deyilənlər yalandır. Kərəm Yusifov və daha 12 azərbaycanlı əsir 1994-cü ilin mayın 9-da bir erməni hərbçisinə dəyişdirilib.

Qubadlı sakinləri bu dəfə də Bakıdakı Şəhidlər Xiyabanını ziyarət etməklə doğma rayonlarının işğal gününü xatırlayıblar.

TORPAQ İTKİSİ VƏ DÖYÜŞ MEYDANINDA QALAN İNSANLAR

Rayon Təhsil Şöbəsinin keçmiş əməkdaşı Fazil Şahverdiyev deyir ki, ətraf rayonlar işğal olunandan sonra Qubadlı tam mühasirədə idi. Həmsöhbətim bildirir ki, onu ağrıdan həm torpaq itkisi, həm də həlak olan həmkəndlilərini döyüş meydanından götürə bilməmələridir:

«Məsələn, kəndçimiz Cavanşir Xanlıq kəndində qəhrəmanlıqla həlak oldu. Elə orda da qaldı, götürə bilmədik. İldırım kişi qaldı, Qaçaq Nəbinin həyat yoldaşı Həcər xanımın nəvəsi Mollu-Mərdanlı kəndləri arasında sonacan müqavimət göstərdi və elə döyüş meydanında qaldı».

Amma Fazil Şahverdiyev deyir ki, ötən illərdən fərqli olaraq onda əminlik yaranıb ki, öz doğma yurdlarına qayıdacaqları gün çox da uzaqda deyil. Deyir ki, ölkə başçısının bu məsələdən əminliklə danışması ona belə bir ümid verib.

1993-cü il avqustun 31-də Azərbaycanın Qubadlı rayonu bütünlükdə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. 826 kvadrat kilometr ərazisi olan rayonunun işğal ərəfəsində əhalisi 30 mindən çox olub.

Qubadlı uğrunda gedən döyüşlərdə 54 yerli sakin həlak olub.
XS
SM
MD
LG