Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:38

«İnternet ölkənin feodal qaydalarla inkişafına mane olur»


Əli Novruzov və Fuad Qəhrəmanlı

Əli Novruzov və Fuad Qəhrəmanlı

Bunu «Panorama» verilişində AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı dedi. Onun fikrincə, Azərbaycanda əlverişsiz rəqabət mühiti siyasi proseslərdə internetin əhəmiyyətini artırır:

«Kütləvi aksiyalara icazə verilmir. Əyalətlərdə seçicilərlə görüşməyə imkan yaradılmır. Televiziyalar, qəzetlər hakim təbəqənin monopoliyasındadır. Belə olan halda virtual aləmə maraq artır. Elə təkcə AXCP-nin çoxsaylı «Facebook» istifadəçisi var».

Fuad Qəhrəmanlı düşünür ki, getdikcə avtoritar ölkələrdə internetin siyasi əhəmiyyəti artmaqdadır:

«Ona görə də avtoritar ölkələrdəki rejimlər internetə düşmən kimi baxmağa başlayıblar. Azərbaycanda da artıq bu yol seçilməkdədir. Hakimiyyət görsə ki, internet kütləvi etiraz məkanına çevrilir və bu ona təhlükə yaratmağa başlayır, bu sahədə də məhdudiyyətlərə əl atacaq».

Müstəqil bloqqer Əli Novruzov da hesab edir ki, Azərbaycanda internetin inkişafı hakimiyyətin ona münasibətindən asılı olacaq. Ancaq o, inqilab və siyasi dəyişikliklər baxımından internetin rolunun həddən ziyadə şişirdilməsinin də tərəfdarı deyil:

«Mən Moldovada baş verən prosesləri xatırlamaq istəyirəm. Bəzi qüvvələr internetdən istifadə etməklə meydanı narazı insanlarla doldurdular. Ancaq sonradan bu narazı insanları idarə edə bilmədilər. İranda insanlar internetin imkanlarından istifadə edərək baş verən həqiqətləri bütün dünyaya çatdırdılar. Ancaq sonradan elə İranın xüsusi xidmət orqanları internet məlumatlarına əsaslanaraq repressiyalara başladılar».

Əli Novruzov deyir ki, internetdən real məqsədlər üçün istifadə edilməlidir:

«İnternet zəruri vasitədir. Bıçaq kimi. Bu alət cərrah əlində insanları xilas edən bir imkandır. O, oğru əlində isə insan həyatına təhlükə yaradır»...

Buna da bax:

Şərhləri göstər

XS
SM
MD
LG