Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:33

«Müharibə içində azadlıqlar ölkəsi»


Tbilisidə azərbaycanlılar yaşayan məhəllə

Tbilisidə azərbaycanlılar yaşayan məhəllə

«Bizim yol»: «Gürcüstana ilk dəfə idi gedirdim. Bəlkə elə buna görə orada qaldığım 14 gün ərzində yalnız bu iki qonşu ölkəni müqayisə etməklə məşğul oldum. Mübaliğəsiz deyirəm, heç bir oxşarlıq tapmadım. Tbilisi ilə Bakının dəmiryolu vağzalından başqa heç nəyi bir-birinə bənzədə bilmədim». Aynur Elgünəş «Müharibə içində azadlıqlar ölkəsi» sərlövhəli məqaləsində belə yazır.

«Gürcülərlə ünsiyyətdə olduqca, həyat şəraitlərinə nəzər saldıqca açıq-aydın görünür ki, kasıb olsalar da bizdən daha rahat həyatları var. Məsələn, bu ölkədə rüşvətin kökü tamamilə kəsilib. İnsanlar öz hüquqlarından rahatca yararlana bilirlər. Məhkəməni pulla ələ almaq, müəllimə pulla qiymət yazdırmaq, gömrükdən pulla mal keçirmək kimi anlayışlar artıq onlar üçün yadlaşıb.

Bunları öyrəndikcə, istər-istəməz adamın yadına bizimkilərin rüşvətə haqq qazandırmaq üçün uydurduqları fikirlər düşür: «Müəllim ona görə rüşvət alır ki, onun məvacibi aşağıdır». Amma Gürcüstan nümunəsi göstərdi ki, az əmək haqqı rüşvətin alınmasına səbəb ola bilməz. Bunun üçün başından islahatlar aparmaq gərəkdir. Əks halda məvacib nə qədər yüksək olursa-olsun rüşvətin kökünü kəsmək mümkün olmaz.

Orada gürcü həmkarlarımıza Azərbaycanda söz azadlığının boğulmasından, insanların, xüsusilə jurnalistlərin haqsız yerə həbsxanalara atılmasından danışanda çox təəccüb edirdilər. Onların sözlərinə görə, Gürcüstanda da siyasi məhbuslar var. Onların böyük əksəriyyəti mövcud hakimiyyəti devirmək iddiasında olan şəxslərdir. Amma bütün bunlarla yanaşı, müxalif düşüncəli insanların səsini kəsmək, mətbu orqanları onların əlindən almaq kimi hallar mövcud deyil».

«Yeni Müsavat»: «İki-üç gün öncə səhər-səhər İTV-də Fikrət Qocanı danışdırırdılar. Xalq şairi sözünün lap başlanğıcında onu dedi ki, Bakıda deyil, hansısa rayonda istirahət edir. Dalınca da telekanala yüngülvari minnət qoydu ki, day sizdən keçə bilmədim, çağırdınız, mən də gəldim.

Yəni xalq şairi gül kimi, sərin, təmiz-tarıq yerlərdəki istirahətini yarıda kəsib, o boyda yolu basa-basa bu çirkli, toz-torpaqlı, zir-zibilli şəhərə gəlib ki, sözünü desin. Xalqın ağıllı, müdrik ziyalı sözünə əşhədübillah ehtiyacı var axı. Bəli, xalq şairi danışdı nə danışdı». Famil Cəfərli «Təmir olunan vətən və ziyalılar» sərlövhəli köşəsində belə yazır.

«…Bizim ölkənin çoxlu problemi yoxdur. Cəmi bircə problemi, yeganə dərdi var. Ola bilsin ki, kimsə durub «a»-dan «ze»-yə min cür problem sayar, onların daha vacib olduğunu sübut etməyə qalxar. Elədir, bu sosial, iqtisadi, ictimai, siyasi problemlər var. Hətta ağlımıza gəlməyənlər də, görə bilmədiklərimiz də var. Amma məncə, bizim ölkədə hər şeydən ciddi bircə problem var - onun adı ziyalı qıtlığı problemidir. Mənəvi problem yəni…»

«Yeni Azərbaycan» iddia edir ki, «Ermənistanda iqtisadi böhran siyasi böhrana yol açmaqdadır. Sarkisyan hökuməti daxili və xarici dəstəkdən tamamilə məhrum olub».

«Hökumət strukturlarının fəaliyyətsizliyi xalqın iqtidara olan nifrətinin artmasına rəvac verməkdədir. Sosial vəziyyətin günbəgün ağırlaşması Sarkisyan hökumətini çətin duruma salıb. Artıq hökumətin iqtisadi və sosial proqramlarla bağlı verdiyi vədlərin yerinə yetirilməyəcəyinə tam əmin olan əhali mövcud iqtidarın istefaya getməkdən başqa çıxış yolu olmadığını düşünür. Xarici ölkələrdəki erməni lobbisinin və biznes dairələrinin Sarkisyan hökumətinə olan dəstəyinin itməsi isə hökumətin durumunun ən ağır həddə çatmasından xəbər verir».

Günün bütün mövzuları

XS
SM
MD
LG