Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:05

Məhbəsdə zorlanma faktları təsdiqlənir


Evin zindanının qadın bölməsi

«Ən dəhşətlisi budur ki, onlar mənə elə şeylər elədilər ki, hətta allahsızlar və şeytana tapınanlar da eləməzdilər».

İrandakı seçkisonrası olaylarda həbs olunanlardan biri belə deyirdi, etiraf edirdi ki, həbsxanada huşunu itirənə qədər döyülüb və zorlanıb da.

Bu şəxs başına gələnləri etiraf edən yeganə adam olmayıb. İran parlamentinin iki müddətə spikeri olan və bu seçkidə prezidentliyə namizədliyini verən Mehdi Kərrubi seçkidən sonra həbs edilənlərin zorlanması haqda məktubu yazanda 4 belə adamın adını və ifadələrini də xüsusi komissiyaya təqdim edib.

«BU İDDİALARIN ARAŞDIRILMASI ÇOX VACİB ADDIMDIR»

Parisdəki Beynəlxalq İnsan Haqları Federasiyasının direktor müavini Əbdül Kərim Lahıci deyir ki, bu iddiaların araşdırılması çox vacib addımdır. Çünki məhbusların zorlanma faktlarıyla bağlı İranı çox tənqid edirdilər. Amma ilk dəfədir ki, ölkədə nüfuzu olan bir siyasətçi özü bu haqda danışıb və faktların araşdırılmasını istəyib.

Lahıci deyir ki, az qala 30 ildir ki, İranda dindirilənlərin zorlanması faktıyla üzləşirlər:

«Təəssüf ki, hələ 80-ci illərdə biz edam olunmazdan qabaq zorlanan qızlarla bağlı məlumatlar alırdıq. 10 il əvvəl, mən şəxsən özüm Avropada belə bir iranlı tələbəylə qarşılaşmışam və o həbsxanada olarkən oğlanların çoxunun zorlandığını etiraf eləyirdi».

İslam İnqilabının ilk illərində siyasi motivlərlə həbs edilənlərin məhbəsdə zorlanmasıyla bağlı şikayətlər olurdu.
İran əsilli kanadalı fotojurnalist Zəhra Kazemi
2003-cü ildə Evin həbsxanasının qarşısında həbs ediləndən sonra dünyasını dəyişən İran əsilli kanadalı fotojurnalist Zəhra Kazeminin də bədənində zorlanma əlamətləri açıq-aşkar görünürdü.

«SƏN DEMƏ QIZI HƏBS OLUNANDA ZORLAYIBMIŞLAR»

Munirə Baradaran 1981-ci ildən 1991-ci ilə qədər məhbəsdə olub. Sonradan həbsdəki memuarlarında da rastlaşdığı zorlanmış məhbus qızlardan danışıb:

«Onda orda 16 yaşlı gözəl bir qız var idi. Amma heç kimlə danışmaq istəmirdi - həmişə səssiz olurdu. Mən ona yaxın olan insanlardan, onun bacısından da öyrəndim ki, sən demə qızı həbs olunanda zorlayıbmışlar. O, səssiz-küysüz otururdu, özünü hər kəsdən təcrid eləyirdi. Getdikcə vəziyyəti lap ağırlaşdı».

Bardaran deyir ki, zorlamadan dindirilənləri əsasən sındırmaq üçün istifadə edirlər. Keçmiş siyasi məhbus Nəzrin Pərvaz deyir ki, onun özü 3-4 nəfər belə qız və oğlan tanıyır. Amma onlar heç vaxt İrandan çıxana kimi bu haqda danışmayıblar.

İran Yazıçılar Birliyindən, keçmiş siyasi məhbus Sudabə Ardayan deyir ki, məhbusları zorlayanlar da məhz qurbanlarının heç vaxt danışmayacağına, bu əhvalatı heç kəsə anlatmayacağına arxayındılar. Çünki bilirlər ki, bu cür cəmiyyətlərdə zorlandığını deməklə sənə qarşı olan münasibət də dəyişəcək.

«MƏN RUHƏN YOX OLMUŞDUM VƏ ARTIQ TƏSLİM OLDUM»

Amma bu cür zorlananlardan biri - Azər Ale Kənan 20 il öncə Sənandaj həbsxanasında başına gələnləri tanınmış İran kinematoqrafı Reza Allamezadehinin sənədli filmində anlatmaqdan çəkinməmişdi:



«Biz dəhlizdəydik. Əllərimdə qandal vardı və divardakı qızdırıcıya bağlanmışdı. Gözlərimi bağladı. Və çadramı çıxarıb köynəyimin düymələrini açmağa başladı. Mən başa düşmədim nə baş verdiyini, elə bildim məni qorxutmaq istəyir. Qışqırdım ki, sən nə cürət eləyirsən mənə əl vurursan, boynumdakı ipək yaylığı açıb ağzıma soxdu. Mən çırpınırdım, amma heç nə eləyə bilmirdim. Əllərim, gözüm bağlıydı, ancaq təpik atmağa çalışırdım. Amma o davam elədi və ruhən mən çox sındım. Bütün dindirmə vaxtı vaxtı mən elə köməksiz hiss eləməmişdim özümü…Mən ruhən yox olmuşdum və artıq təslim oldum...O istədiyini elədi. Sonra mənim donumu geydirdi, köynəyimin düymələrini bağladı və mən bunu unuda bilmirəm…»

İranda budəfəki seçkilərdən sonra tutulanların zorlanma iddiaları ortaya atılanda mühafizəkarlar bunların sadəcə böhtan olduğunu deyirdi. Hətta daha öncə bu fikirlərini eks-prezident Rəfsancaniyə məktubunda yazan, sonrasa öz internet səhifəsində dərc eləyən Kərrubini İslam rejimini ləkələməkdə ittiham eləyib, iddialarını sübut eləməsə cəzalandırılmasını tələb eləyirdilər.

Amma avqustun 26-da, İran parlamentinin saytı iddiaları araşdıran xüsusi komissiyanın adını açıqlamayan üzvünə istinadən yazıb ki, «təəssüf ki, iddialar təsdiqlənir. Bəzi seçki məhbusları doğrudan da dəyənəklər və «butulka»larla zorlanıblar».

Şərhləri göstər

XS
SM
MD
LG