Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:33

«Alternativ hərbi xidmət haqda qanun» - daldalanmaq üçün səbəb, yoxsa…


Bakıda hərbi parad, 28 may 2008

«YAHOVA ŞAHİDLƏRİ»NİN ÜZVÜ 321-LƏ İTTİHAM OLUNUR


«Yahova Şahidləri» dini icmasının üzvü Müşfiq Məmmədov əsgər getmək istəmədiyi üçün saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 321.1-ci maddəsiylə cinayət işi açılıb, o qanuni əsas olmadan hərbi xidmətdən boyun qaçırmaqda ittiham olunur. Hazırda Kürdəxanı istintaq təcridxanasında saxlanan Müşfiq Məmmədovla yalnız vəkili görüşə bilib.

Bu haqda Müşfiqin icma yoldaşlarından biri Leonid Moroz danışır. O deyir ki, dostunun hərbi xidmətdən imtinası qanunsuz yox, qanunidir.

Bu həmin Leonid Morozdur ki, bir neçə il öncə Azərbaycanda bəlkə də ilk dəfə məhkəmə dini baxışlarına görə, hərbi xidmətdən imtina edən vətəndaşın xeyrinə qərar çıxarmışdı. Hərçənd Leonid deyir ki, hərbi komissarlıq məhkəmədən sonra da, düz üç il əvvələ kimi ona çağırış vərəqəsi göndərirmiş:

«Məni daim narahat edirdilər, düz 35 yaşım olana qədər. Hər il məni hərbi komissarlığa çağırırdılar. 35 yaşım olandan sonra buna son qoyuldu».

Leonid Moroz deyir ki, onun üçün bu problem geridə qalsa da, icma yoldaşları üçün hələ də mövcuddur. Bu gün Müşfiq Məmmədov da eyni aqibətlə üzləşib. Hərbi xidmətdən imtinaya görə, 3 il əvvəl 6 ay cəzalandırılan gəncə qarşı yenidən iş açılıb. Leonid Moroza görə, bu cür hallara son qoymağın, alternativ hərbi xidmətlə bağlı qanunun qəbulunun vaxtı çoxdan çatıb:

Ələkbər Məmmədov
«Vaxtdır. Konstitusiyada yazılıbsa, deməli, ona əməl olunmalıdır».

VƏTƏNDAŞIN ƏQİDƏSİ ƏSGƏRLİYƏ ZİDDİRSƏ...

Azərbaycan Avropa Şurasına üzv olarkən götürdüyü öhdəliklərdən biri də alternativ hərbi xidmətlə bağlı qanunun qəbuludur.

Azərbaycan Konstitusiyasının 76-cı maddəsinin ikinci hissəsində də bu məsələ ayrıca vurğulanır. Deyilir ki, vətəndaşın əqidəsi həqiqi hərbi xidmət keçməyə ziddirsə, qanunla müəyyən edilmiş hallarda onun alternativ xidmətlə əvəzlənməsinə yol verilir.

Silahlı Qüvvələrə Vətəndaş Nəzarəti Azərbaycan Mərkəzinin direktoru Ələkbər Məmmədov:

«Bu, Konstitusiyada da var. Bundan başqa, «Hərbi xidmətə çağırışın əsasları haqqında» qanunda alternativ xidmətlə bağlı maddə var. Bu qanun 1992-ci ilin iyununda qəbul edilib. Sadəcə, bu qanunların tətbiqi ilə bağlı mexanizm hazırlanmayıb».

Yəni bununla bağlı ayrıca qanuna ehtiyac var. Ələkbər Məmmədova görə, Azərbaycanda alternativ hərbi xidmət haqda qanunun qəbul olunmaması hərc-mərcliyə və sui-istifadəyə gətirir. Bu da son halda fərariliklə, intiharla, naməlum ölümlərlə, həbslərlə nəticəlnir:

«Hərbi xidmətə getmək istəməyənlər ya həbs olunur, ya da onlara qarşı cinayət işi açılır.
Bəxtiyar Sadıqov
Bu da qanundakı boşluqla bağlıdır…»

«QARABAĞ MÜNAQİŞƏSİ HƏLL OLUNMAYINCA MÜMKÜN DEYİL»


Qanunun qəbulu isə yubanır. Və belə görünür ki, yaxın zamanlarda sənədin qəbulu gözlənmir də. Parlamentin Milli təhlükəsizlik və müdafiə komitəsinin əksər üzvləri bu fikirdədirlər. Onlardan biri də Bəxtiyar Sadıqovdur. Hərçənd o deyir ki:

«Əlbəttə, demokratik cəmiyyətdə alternativ hərbi xidmət haqda qanunun qəbulu vacibdir, gərəklidir. Bu, insan haqlarının qorunmasına xidmət edir. Öhdəliyi götürmüşük və biz bunu edəcəyik. Amma ərazi bütövlüyümüzü bərpa etdikdən sonra. Biz nə öhdəlikdən imtina edirik, nə də bunu Konstitusiyaya salmaq faktından».

Deputat Bəxtiyar Sadıqova görə, Azərbaycanın hazırkı durumunu belə qiymətləndirmək olar: nə müharibə, nə sülh:

«Biz nə qədər istəsək də, məsələ sülh yolu ilə həll olunsun, ancaq ikinci yol – Azərbaycanın ərazi bütövlüyünü hərb yolu ilə bərpa etmək gündəmimizdədir. Belə məqamda alternativ xidmət haqda qanun qəbul etmək, kimlərinsə əqidəsinə görəmi, sektaya üzv olmasınamı və ya başqa səbəbə görəmi məqsədə uyğun deyil. Ona görə də millət vəkilləri haqlı olaraq Qarabağ münaqişəsi başa çatanadək bu qanunun qəbulunu mümkünsüz sayırlar».

Eldar Zeynalov
Deputata görə, bu qanunun qəbulu ilə kiminsə canını fəda etməsinə, kiminsə daldalanmasına səbəb ola bilməzlər.

«BU, GÜLMƏLİ ARQUMENTDİR»

Hüquq müdafiəçisi Eldar Zeynalov deputat Bəxtiyar Sadıqovun fikirlərini belə dəyərləndirir. Hüquq müdafiəçisi deyir ki, qanun olsa da, olmasa da bu gün əsgərlikdən yayınan yetərincə vətəndaş var. Və onların çoxu rüşvət verməklə və ya başqa yolla ölkəni tərk edirlər:

«Bu vəziyyət də Müdafiə Nazirliyinə və hərbi komissarlıqlara faydalıdır…»

Eldar Zeynalov bunu da deyir ki, alternativ hərbi xidmətə daldalanmaq kimi baxmaq düz deyil, çünki bu, yüngül seçim deyil. Bu ağır və bəzən də çoxlarının boyun qaçırdığı işlərdir. Məsələn, əsgərlik etmək istəməyənlər dağlarda çobanlıq edə, xəstəxanalarda sanitar işləyə bilər və sairə.

Eldar Zeynalov deyir ki, Azərbaycan öhdəlik götürüb və həmin sənəddə deyilir ki, əsgərlikdən imtina edənlərə cinayət işi qaldırıla bilməz. Buna görə də o, «Yahova Şahidləri»nin üzvü Müşfiq Məmmədovu dərhal azadlığa buraxmağa çağırır. Onun sözlərinə görə, bunu o yox, əslində, qanun tələb edir.
XS
SM
MD
LG