Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:11

Bayılda yatmışların əhvalatları


Bayıl təcridxanasını sökürlər

Bayıl təcridxanasını (rəsmi adı 1 saylı İstintaq Təcridxanasıdır –B.B. ) sökməyə başlayıblar. Artıq onu Kürdəxanıdakı Bakı İstintaq Təcridxanası əvəz edir. Ancaq görünür, 100 ildən çox yaşı olan və necə deyərlər, Nikolayı taxtda Stalini zolaqlı dustaq paltarında görən bu təcridxananın sökülməsi ilə Məşədi Vaqifin arzusu ürəyində qalacaq.

Məşədi Vaqif. AXCP Rəyasət Heyətinin üzvü, 1998-ci ildə Bayıl təcridxanasında saxlanıb:

PREZİDENT APARATI ÜÇÜN KORPUS

- O təcridxanada 5 korpus var idi. Mən xəyalımda onları bir-bir bu hakimiyyət üçün hazırlamışdım. Fikirləşirdim ki, hakimiyyət dəyişəndən sonra, onları bu korpuslara gətirərik. Birinci korpusu Prezident Aparatı üçün ayırmışdım…

Məşədi Vaqifin yadında ən çox boydan balaca bir nəzarətçi qalıb:

- Bu balaca nəzarətçiyə «Rembo» deyirdilər. Dustaqlara işgəncəni o verirdi. Çoxunun gözü ondan qorxmuşdu. Mən Sürət Hüseynovun qohumu Kəramət Hüseynovla bir kamerada saxlanırdım. Dustaqların çoxunun ondan xoşu gəlmirdi. Çünki düşünürdülər ki, Kəramət Hüseynov çoxlarının evini yıxıb. Onu öldürmək istəyirdim. Hətta idman formamın ipini çıxarıb, əlimdə hazır vəziyyətdə saxlayırdım. O da bunu başa düşdüyündən çox vaxt yatmırdı.

Arif Hacılı
Sonra təcridxana rəhbərliyi bunu başa düşdüyündən arzumu gerçəkləşdirə bilmədim.

ÖLÜM KORPUSU


İndi trakor, buldozer önünə verilən bu təcridxana binasında kim bilər nə qədər insan ömrünə son qoyulub. Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılı 2003-cü ildən 2005-ci ilə qədər Bayıl təcridxanasında saxlanıb:

- Mən ölüm korpusunda, 125-ci kamerada saxlanırdım. Ölüm korpusunda mənim kameramdan sonra yalnız bir kamera yerləşirdi. Nəzarətçilər danışırdılar ki, edama aparılan məhbuslar məhz həmin kameradan keçirilib, aparılırdı. Deyilənə görə, o korpusun altında tunel varmış, ölüm hökmləri də elə orada icra edilirmiş. Nəzarətçilərin sözlərinə görə, ölüm hökmləri adətən axşam saat 9 radələrində yerinə yetirilirmiş. Mən ölüm korpusunda saxlananda da hər gün axşam 9 radələrində ətrafa elə bil ölüm sükutu çökürdü...

«SOLLUQ UŞAQ XƏSTƏLİYİ»


Xəyalən o günlərə qayıdan Arif Hacılı indi bir şikayətini yada salır:

- Bizə qəzet vermirdilər. Tək adamlıq, balaca kamerada saxlanırdım. Dedim qəzet vermirlər-vermirlər, barı kitab versinlər oxuyub vaxtımızı keçirək. Bir gün Səfalı adlı bir nəzarətçi gəlib kameramın «balandorka»sını (yemək verilən yer – B.B.) açıb mənə iki kitab gətirdiyini elan elədi. Kitabların biri rus, o biri isə Azərbaycan dilində idi. Mən onlardan birini seçməli idim.

İqbal Ağazadə
Bəlli oldu ki, bu kitablar Viladimir İliç Leninin «Solluq uşaq xəstəliyi» əsərlərinin Azərbaycan və rusca variantlarıdır.

«ALO, DANIŞAN KİMDİR…»

Ancaq 2003-cü il prezident seçkilərindən sonra həbs edilən müxalifət funksionerlərinin Bayılla bağlı xoş xatirələri də var.

«Ümid» Partiyasının sədri, millət vəkili İqbal Ağazadə:

- Məni birinci korpusda, 13-cü kamerada saxlayırdılar. Qanunsuz yolla kamerama televizor da, telefon da, maqnitofon da keçirmişdim. Tanınmış adam olduğumdan heç kamerada yoxlama aparmırdılar. Bir dəfə mənə Nazpəri Dostəliyevanın təzə kasetini gətirdilər. Onun mahnılarının biri telefon zəngi ilə başlayırdı və Nazpəri xanım soruşurdu ki, «alo danışan kimdir». Mən bu kamerada 371 gün tək qalmışam. Təbii ki, hər gün macəra axtarırdım. Bir gün Rauf Arifoğluna və Arif Hacılıya zəng vurub, onları dolamaq məqsədinə gəldim. Rauf Arifoğluna öz nömrəmdən zəng vuran kimi, maqnitofonu qoşdum. Rauf Arifoğlu telefonu açan kimi, Naspəri xanımın səsi eşidildi. «Alo, danışan kimdir». Və sonra Rauf Arifoğludan mesaj aldım ki, İqbal bəy sizin nömrədən mənə bir qadın zəng vurmuşdu. Bunun ardınca da Arif bəyə öz nömrəmdən bir neçə dəfə zəng vurdum. O da telefonu açan kimi Nazpəri xanımın maqnitofondan səsini verirdim və hər dəfə də o telefonu qapadırdı. Nəhayət, növbəti zənglərimin birindən sonra Arif Hacılı Nazpəri xanımın «alo, danışan kimdir» sualını eşitdikdən sonra çəkinə-çəkinə soruşdu ki, bağışlayın sizə kim lazımdır…

AŞPA-DAN QONAQLAR

ADP sədri Sərdar Cəlaloğlu:

Sərdar Cəlaloğlu
- Məni ölüm korpusuna aparmamış bir, darısqal kameraya salmışdılar. Kamerada yerdə betonlanmış bir dəmir çarpayı var idi. Onun üstündə də heç bir yataq dəsti yox idi. Kamera siçovullarla dolu idi. Şikayət etdiyimdən, gecə saat 3-də məni ölüm korpusunda bir kameraya gətirdilər. Orada heç hərəkət etməyə yer yox idi. Yalnız iki dəmir çarpayı bir-birinin üstünə keçirilmişdi. Yemək yeyəndə də gərək çarpayıda oturub yeyəydin. Sonradan öyrəndim ki, əvvəllər burada ölüm hökmü almış 2 qardaş saxlanırmış. Onlar edama getməkdən imtina etdiklərindən elə kamerada güllələnmişdilər. Mən həmin kamerada düz 40 gün qaldım. Sonradan bizim kameraları təmir etməyə başladılar. Çünki Avropa Şurasından tez-tez nümayəndələr gəlirdi. Biz divarlar hər rənglənəndə başa düşürdük ki, qonağımız olacaq. Bəzən gecələr kanalizasiyanın çirkabı kameramızdakı tualetdən çıxırdı. Bəzən kameranın yeri 5-6 santimetr hündürlüyündə çirkab sularla dolurdu. AŞPA-dan gələnlərin hesabına canımız çirkab sularından, üfunətdən qurtardı.

KÜTLƏVİ ÖLÜM?

1996-cı ildən 2001-ci ilə qədər Bayıl təcridxanasında saxlanan keçmiş Müdafiə naziri Rəhim Qazıyev də deyir ki, əgər Andreas Qrossun səfərləri olmasaydı, vəziyyət daha dözülməz olardı:

- 1994-cu ilin oktyabrında Bayıldan qaçış olmuşdu. Ondan sonra nəzarətçilər daha da aqressivləşmişdi. Mənə deyilənlərə görə, 1994-cü ilin oktyabrın 4-dən 1995-ci ilin martın sonlarına qədər 55 dustağı işgəncə verə-verə öldürmüşdülər.

Rəhim Qazıyev
Hər gün səhər kameraları açıb dustaqları təhqir edirdilər. Kimini ulaq kimi anqırdırdılar, kimini it kimi hürdürürdülər, kimini də at kimi çapırdılar.

HƏBSXANADA SƏSVERMƏ

«Müxalifətin mitinq taktikası» məqaləsinə görə həbs edilən AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı:

- 1998-ci il prezident seçkisi idi. Bilirsiniz ki, müxalifət bu seçkini baykot etmişdi. Həmin gün Bayıl təcridxanasında məhbusları bir-bir sıraya düzüb, səsverməyə gətirirdilər. Sırada növbə mənə çatanda bərkdən seçkini baykot etdiyimi bəyan elədim. Təcridxana rəisi də, səsvermə prosesini izləməyə gələn Prezident Aparatının təmsilçisi də bərk dilxor oldular. Rəis məni cərimə kamerasına salmağı əmr elədi. Mən də dedim ki, əgər cərimə kamerasına salınsam aclıq aksiyasına başlayacam. Bu xəbərdarlığımdan sonra rəis əmrinin icra edilməsinə ehtiyac görmədi.

BAYILDAN «KSİVA»


«Müxalifət» qəzetinin baş redaktoru Rövşən Kəbirli isə təcridxanada gizli yolla bəyanat yaymasından söz açır:

Rövşən Kəbirli
- Bəyanatın məzmunu belə idi ki, söz azadlığını boğan bir ölkənin nümayəndələrinin AŞPA-da mandatı əlindən alınmalıdır. Bu bəyanatı vəkilim vasitəsiylə cəmiyyətə ötürmək istəyirdim. Ancaq nə qədər fikirləşdik, buna bir çarə tapa bilmədik. Çünki vəkillə görüşdən əvvəl nəzarətçilər üst-başımızı yoxlayırdılar. Cinayətkar aləmin tanınmış simalarından məsləhət istəsəm də, onlar da buna bir əlac tapmadılar. Nəhayət, özüm bir üsul tapdım. Bəyanatı qısa bir vərəqə yazdım. Həmin vərəqi büküb qələmin içinə saldım. Qələmin milinin bir hissəsini kəsdiyimdən vərəq onun içinə asanlıqla yerləşmişdi. Nəzarətçilər bu hiyləmdən heç nə başa düşmədilər. Həmin bəyanat müxalifət qəzetlərində dərc də olundu.

OĞRUDAN OĞRUYA FƏRQ QOYAN NƏZARƏTÇİLƏR

Başqa bir jurnalist Ayaz Əhmədov isə Bayıl türməsi haqqda ilk təəsüratını belə xatırlayır:

- Bayıl türməsinə daxil olanda, bizi – bura yeni gələn 20-yə yaxın dustağı müxtəlif kameralara bölüşdürmək üçün bir sıraya düzdülər. Həbsxana əməkdaşları bir-bir dustaqlara yaxınlaşır, hansı maddə üzrə məhkum olunduqlarını soruşurdular:
- Sənin «statyan» nədir?
- 177
- Nə oğurlamısan?
- Mağazadan xırda-para mal.
Təriflə onun çiyninə vurub dedilər:
- Əcəb eləmisən, əclaflar qaldırıblar qiymətləri, od bahasına satırlar hər şeyi.
Sonra növbə başqa dustağa çatdı:
- Sənin «statyan» nədir?
- 177
- Nə oğurlamısan?
- Maşın...
Bunu eşidən kimi nəzarətçilər qəzəblə tökülüşdülər həmin biçarənin üstünə:
- Alçaq, sənin kimilərin üzündən məhlədə maşın da saxlamaq olmur! – deyə saldılar onu təpiyin altına.
XS
SM
MD
LG