Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:50

24 avqust referendumundan 7 il ötdü


İlqar Məmmədov hesab edir ki, həmin referendumdakı dəyişikliklər birmənalı olaraq İlham Əliyevin hakimiyyətə gəlməsində təsiredici amilə çevrildi

İlqar Məmmədov hesab edir ki, həmin referendumdakı dəyişikliklər birmənalı olaraq İlham Əliyevin hakimiyyətə gəlməsində təsiredici amilə çevrildi

«Bizim Yol»: Dünən 2002-ci il referendumun 7-ci ildönümü idi. Həmin tarixi avqust referendumu nəticəsində ölkənin ikinci şəxsi Nazirlər Kabinetinin rəhbəri hesab olundu. Növbəti ilin avqustunda isə İlham Əliyev baş nazir təyin edilməklə bir müddətdən sonra ölkəni faktik idarə etməyə başladı.
Hazırkı siyasi durumun yaranmasında 2002-ci ilin 24 avqust referendumunun da rolu olduğunu bildirən politoloq İlqar Məmmədov hesab edir ki, həmin referendumdakı dəyişikliklər birmənalı olaraq 2003-cü il seçkilərində İlham Əliyevin hakimiyyətə gəlməsində təsiredici amilə çevrildi:

«Xatırlayırsınızsa, Heydər Əliyevin səhhəti ağırlaşandan sonra İlham Əliyev baş nazir təyin edildi. Beləliklə də onun prezidentliyə yolu xeyli asanlaşdı. Əslində, 24 avqust referendumunda əsas məsələ hakimiyyətdə varisliyi saxlamaq idi. Qalan dəyişikliklər nisbi səciyyə daşıyırdı».

İ. Məmmədov bildirdi ki, 2002-ci ildə cəmiyyət siyasi baxımdan daha fəal idi: «Sadəcə, müxalifət liderləri o zaman müvəqqəti yaranan birliyi saxlaya bilmədilər. Düzdür, referendumda vahid mövqedən çıxış etdilər, amma prezident seçkilərinə qədər prosesi apara bilmədilər». Politoloq beynəlxalq aləmin referenduma süst reaksiya verməsi haqqındakı fikirləri bölüşmədiyini dedi: «Qanun dəyişikliyi Azərbaycanın daxili işidir. Əgər partiyalar referendumun nəticəsində real alternativ qüvvə formalaşdırsaydılar, yəqin ki, hər şey başqa cür olardı. Amma istəkləri reallaşmadı və məsuliyyət daşıyan müxalifət liderləri qazandıqlarını qazandılar, itirdiklərini itirdilər».

«Azadlıq»: «Az görmüşük orta məktəb şagirdlərini metafozlanmış, göydaşlanmış, peyinlənmiş - gübrələnmiş, üzüm və meyvə bağlarına, pambıq sahələrinə basıb işlədirdilər? Məqsəd heç də məhsuldarlığın tez və itkisiz yığılması deyildi, buna görə heç uşaqları məktəblərdən uzaqlaşdırardı Sovet təhsildarları - məhsuldarları? Əlbəttə, yox. İstəyirdilər pionerlərin, komsomolçuların beyni münbit olsun ki, partiya siyasətini, kommunist ideologiyasını, müxtəlif elm sahələrinin sirlərini yaxşıca mənimsəsinlər…» -, Seymur Əhməd «Təhsilə gübrə lazımdı» sərlövhəli köşə məqaləsində belə yazır.

«Müstəqilliyimiz 19 yaşına qədəm qoyub, «gübrələnmiş təhsilin» keyfiyyətini hələ də həyatımızda hiss eləməkdəyik. Müstəqil təhsilimizin başbiləni Misir Mərdanovsa illərdi «öz sahəsini» nəinki qanuna, heç qaydaya da sala bilmir. Acıqcan Milli Məclisdə oturanlar da ona kömək eləmir, çünki onların başı Kremlin saatından yaxşı işləsə də, bir saat dala qalır. Üstəlik TQDK-nın Məleykə Abbaszadəsi hər ildə bir neçə dəfə təhsil nazirini faktlarla bizləmək kursu tutub. Təbii ki, bu da möhtərəm Misir müəllimin ildən-ilə bir neçə dəfə ruhdan düşməsinə zəmin yaradır. Amma, haqqı danmadan, demək olar ki, Mərdanov cənabları çalışqan şəklində görünür. İşin xeyrinə oldu-olmadı, yeri gəldi-gəlmədi, hər il islahata oxşar nəsə aparmaq istəyir…»

«Yeni Azərbaycan»: «Son illər milli təhsilimizin inkişafında inqilabi dəyişikliklər baş verib» -, bunu müsahibəsində Milli Məclisin Elm və təhsil komitəsinin sədri, Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev deyib:

«Azərbaycan təhsili son illərdə çox sürətlə inkişaf edib. Təhsildə yeniləşmə, modernləşmə prosesi davam edir və bu da öz məntiqi nəticəsini göstərməkdədir. Bu prosesə paralel olaraq, təhsilimizin qanunvericilik bazası da möhkəmləndirilir. Bilirsiniz ki, bir neçə ay öncə 15 il ərzində müzakirə və mübahisə obyektinə çevrilən «Təhsil haqqında» qanun layihəsi Milli Məclisdə millət vəkillərinin böyük dəstəyi ilə qəbul olundu. Hesab edirəm ki, bu da milli təhsilimizin inkişafına təsir göstərən əsas amillərdən biridir. Ümumiyyətlə, təhsilimizin inkişafı üçün ölkə Prezidenti tərəfindən 15-dən çox Dövlət Proqramı təsdiq olunub və bu proqramlar uğurla icra olunur. Cari il üçün nəzərdə tutulan proqramlar vaxtında və keyfiyyətlə yerinə yetirilməkdədir. Bütün bunlar onu göstərir ki, ölkəmizdə dövlət başçısı tərəfindən təhsilin inkişafına xüsusi diqqət yetirilir. Bu isə nəinki təhsil işçilərinin, bütün vətəndaşların maraqlarına xidmət edir və onlar tərəfindən dəstəklənir».

Günün bütün mövzuları

XS
SM
MD
LG